top of page

Mənəvi Tərbiyə

Mənəviyyatın tənəzzül etdiyi zaman yetişəcək. Həzrət Bəhaullahın göstərdiyi yolla gedən uşaqlar həm bu dünyada, həm də o biri dünyada xoşbəxtlik əldə edəcək. Əgər onlar başqa yol seçsələr həyəcan və kədər onları bezdirəcək, çünki insanın xoşbəxtliyi ruhaniyyətdədir.

    

Cəmiyyətimizin acınacaqlı vəziyyəti haqqında düşünən əksər insanlar hesab edə bilər ki, “mənəviyyatın tənəzzül etdiyi zaman” artıq yetişmişdir. Ona görə də ictimai əxlaqın pozğunluğuna və ümumi imansızlığa qarşı durum gətirməkdən ötrü uşaqlar yüksək əxlaqi prinsiplər əsasında tərbiyə edilməlidirlər. Həzrət Şövqi Əfəndi buyurur: “Həzrət Bəhaullahın təlimi ruhundə tərbiyə alan uşaqlar gələcəkdə böyük rol oynayacaqlar. Onlar başqa zamanda yaşayacaqlar və əvvəlki nəsillərin heç vaxt rastlaşmadığı problemlərlə üzləşəcəklər. Yalnız Həzrət Bəhaullahın təlimi onlara müharibələrdən yorulmuş, ümidsizliyə qapanmış bədbəxt bəşəriyyətə sədaqətlə xidmət etməkdə kömək edə bilər. Onların vəzifəsi hədsiz böyük və hədsiz məsuliyyətli olacaq, ona görə də onların tərbiyəsindən və hazırlığından söhbət gedəndə onlara göstərilən heç bir qayğı artıq hesab olunmamalıdır”.

İtaətkarlıq

İnsan deyil, qanun hökmranlıq etməlidir: çünki yalnız o zaman dünya gözəl və həqiqi qardaşlığın məskəni ola bilər.

Uşaqların malik olacağı cəhətlərdən biri itaətkarlıq vərdişidir. Allahın buyurduğu dini hökmlərin gözlənilməsi və ədalətli hökumətin qoyduğu qanunlara itaət millətlərin maddi və mənəvi tərəqqisinin əsasını təşkil edir. Vətəndaşları mənəviyyatın tələblərini yerinə yetirən, onları əldə rəhbər tutan istənilən ölkə uğurla inkişaf edəcəkdir. Məsələn, bəzi ölkələrdə aşağıdakı qaydalar qoyulmuşdur: teatrda, avtobusda, qatarda və başqa ictimai yerlərdə siqaret çəkmək qadağandır; sürücülər sürət məhdudiyyətini, piyadalar yol qaydalarını gözləməlidir; su hövzələrinin çirkləndirilməsi, yola zibil atılması qanuna zidd hesab olunur və s.

Əgər ölkənin vətəndaşları qanun və qaydalara tabe olurlarsa, ictimai borclarını ciddi şəkildə yerinə yetirirlərsə, onlar öz rahatlıqlarına və firavanlıqlarına əmin olacaqlar. Məncil maraqlardan irəli gələrək, insanlar davranış qaydalarına laqeyd yanaşırlarsa və qanuna zidd hərəkətləri cəsarətlilik hesab edirlərsə, onda ölkədə xaos və anarxiya tüğyan edərək insanların qəlbində ümidsizlik yaradacaq, sülh və əmin-amanlıq haqqda hətta fikri belə kökündən qoparacaq, zəiflər və ehtiyacı olanların ümidini boşa çıxaracaq və bu, bütün ictimai mexanizmlər tam dağılana kimi beləcə davam edəcəkdir.

Uşaqların itaətkar, intizamlı olmaq kimi gözəl vərdişləri mənimsəməsindən ötrü valideynlər müəyyən qaydaları gözləməlidirlər. Burada biz  uşağın özünü yaxşı aparmasından və valideynlərinə ehtiram göstərməyi öyrənməsindən ötrü istifadə olunan bəzi metodlar haqqında danışacağıq.

1. Valideynlər uşaqları erkən yaşlarından itaətkarlıq ruhunda tərbiyə etməlidirlər. Onların şüuruna yumuşaqlıq və xeyirxahlıqla valideynlərə ehtiram və diqqət fikri yeridilməli və onlar anlamlıdırlar ki, böyüklərə hörmət – Allahın qoyduğu qaydadır və valideynlərini saymayan kəs Allah qarşısında cavab verməli olacaq və onu cəmiyyət qınayacaqdır.

2. Uşaqlara verilən tapşırıqlar onların imkanı daxilində olmalıdır, çünki qüvvə xaricində olan iş uşaqda itaətsizlik və intizamsızlıq yaradır.

3. Məktəb müəllimləri öz şagirdlərinə atalara, analara və tərbiyəçilərə itaətin vacibliyini istənilən vasitədən istifadə etməklə izah etməlidirlər. Nümunələr gətirməklə, müəllim həmişə itaətkarlığın xeyirini və itaətsizliyin ziyanını əyani şəkildə göstərə bilər. Məsələn, o, insan bədənini nümunə göstərə bilər. Əgər  insan bədəninin müxtəlif hissələri, əllər, ayaqlar, gözlər və qulaqlar, beynin göndərdiyi hökmlərə itaət etməsə, şüur və bədənin birliyi pozular və “suveren dövlətin ərazisində”, yəni bədəndə, xaos baş verər. Eynilə, uşaqlar da ata və analarına qulaq asmayanda və öz bildikləri kimi hərəkət edəndə bu ailə normal ailə ola bilərmi? Əgər şəhərin sakinləri dövlətin qoyduğu qaydalara saymazyana yanaşırsa və hər kəs ictimai mənafeyi nəzərə almadan ağlına gələni edirsə, bu şəhərdə əmin – amanlıq ola bilərmi? Ona görə də valideynlər, tərbiyəçilər və müəllimlər bütün metodlarla uşaqların özbaşına və tərs böyüməməsindən ötrü zəruri tədbirləri görməlidirlər.

4. Sosial təsisatlar kinofilmlər, pyeslər, qəzet və jurnal məqalələri, kitablar və s. vasitəsilə bu problemə maraq yarada bilərlər. Əgər insanlar itaətkarlığın zəruriliyini dərk etsələr, cəmiyyətdə xoşbəxtlik və harmoniya hökm sürər və ləyaqətsiz işlər görülməz.

 

Dini nöqteyi-nəzərdən bu predmetin vacibliyi həmçinin mütləq mənada ona görə aydındır ki, inam “qeyri - aşkar itaətkarlıqdır”. İnsanlar dərk etmə, düşüncə və dəlillər vasitəsilə özlərinin Allaha inamını təsdiq edirlərsə, onlar Allahın təlimlərinə və qanunlarına bəşəriyyətə rəhbərliyin yeganə mənbəyi kimi hörmət göstərəcək, Onun göstərişlərinə əməl edəcək və özlərinə onun tövsiyələrindən zərrə qədər də uzaqlaşmağa imkan verməyəcəklər.

Etiraf etmək çətin deyil ki, itaətkarlıq – bəşəriyyəti xoşbəxtlik və firavanlığa aparan ən etibarlı yoldur. Valideynlər, müəllimlər, tərbiyəçilər, kimlərki insan nəslinin intellektual, fiziki və ruhani kamilləşməsində iştirak edir, şübhəsiz ki, buna diqqət edəcək və uşaqlarda bu ən dəyərli keyfiyyətin tərbiyə edilməsindən ötrü əllərindən gələni edəcəklər.

İntizam və Qayda

İstənilən intizam, istər fiziki, əxlaqi və ya əqli olsun, həqiqətən zəruridir. Əgər bu tələblər gözlənilməsə təlim-tərbiyə tam olmayacaq və fayda gətirməyəcək.

Təmizkar, sözəbaxan, yaxşı xasiyyətli uşaq, hətta o savadsız olsa da belə, kobud, pinti, pis xasiyyətli, lakin bütün elmlərdən və sənətlərdən yaxşı xəbərdar olan uşaqdan üstündür.

    

İntizam və qayda uşaqlarda əqli qabiliyyətlərin düzgün inkişafından ötrü vacibdir, ona görə də ailədə qoyulmuş norma və qaydalar mənimsənilməli və gözlənilməlidir. Uşaqların hər bir hərəkəti və davranışı bu qaydalara uyğun olmalıdır. Dərrakəli ana kiçik yaşlarından uşağı ailədəki qayda və mütəşəkkilliyə öyrədə bilsə pis davranışın əsas səbəbini aradan götürər və böyük yaşlarında sosial əmin-amanlığa ziyan gətirən hər bir şeyin qarşısını almış olar.

    

Uşaq intizamsızdırsa və qaydalara hörmət göstərmirsə, yuxu və gəzinti, istirahət və oyun, iş və qüvvənin bərpası vaxtını gözləmirsə, onun dəyərli həyatı plansız şəkildə keçirsə, əgər o, əşyalarını öz yerinə qoymağa öyrədilməyibsə və dəyərli onun vaxtının bir hissəsi çəkmələrin, papağın, qələmin axtarışına sərf olunursa (onları otağın küncündə bir qalaq əşyanın içindən tapmaq olar), onu necə cəmiyyətin qəbul etdiyi qaydaları gözləyən son dərəcə dəqiq və tərbiyəli vətəndaş kimi böyütmək olar? İnsan təbiəti dəyişikliyə qarşı həssasdır və insanın özü tərbiyənin məhsuludur. Bizim vərdişlər, xasiyyətimizdəki xüsusiyyətlər, biliklərimiz, hətta bizim arzularımız və maraqlarımız aldığımız tərbiyənin nəticəsidir.

    

Əgər analar və müəllimlər uşağın necə olmasını, hansı ideyalarla, hansı inamla onun cəmiyyət qarşısında durmasını istəyirlərsə, onda lazımi vərdişləri formalaşdıra, xarakterində lazımi cəhətləri və keyfiyyətləri tərbiyə edə bilərlər. Analar öz uşaqlarını intizam və qaydaya erkən yaşlarından öyrətməlidirlər, yalnız bu halda onlar böyük uğurlar qazana bilərlər. Bu məqsədə çatmaqdan ötrü aşağıdakılara diqqət yetirmək lazımdır.

    

1. İlk öncə tövsiyə edirik ki, uşaqları gündəlik rejimə alışdırasınız. Yuxu və gəzinti, qida qəbulu, istirahət və oyun, mütaliə və dərslərin hazırlanması vaxtı ciddi şəkildə müəyyən edilməlidir. Uşaqların bütün fəaliyyəti müəyyən qrafikə uyğun qurulmalı, ondan kənara çıxılmamalıdır. Uşağınızdan hər səhər saat altıda durmağı tələb edin. O, hər gün həmin vaxtda durmalıdır. Əgər o, bu tələbə tabe olmamağa cəhd edərsə, ana həlimliklə və dostcasına onunla danışmalı, ona bağlılığını bildirməli, hər halda sözünün üstündə durmalı və dediyindən geriyə çəkilməməlidir. Əvvəlcə uşaq güclü müqavimət göstərə bilər, lakin əvvəl-axır səhər saat 6-da durmaq vərdişə çevriləcəkdir və o, ananın müdaxiləsi olmadan lazımi vaxtda durmağa adət edəcəkdir. Bu onu göstərir ki, vərdiş təkrarlanmaq vasitəsilə insanın ikinci təbiətinə çevrilir.

    

Ananın gündəlik qaydaları unutmaması da vacibdir. Uşaq axşam vaxtında yatağına girməli, gündüz saatlarında yuxu və gəzinti vaxtını gözləməlidir.

    

Analar bilməlidirlər ki, uşaqlara axşamlar qorxulu nağıllar danışmaq olmaz. Uşaqlar tez təsirlənən olduğundan bu cür nağıllar onların sinir sistemini pozur. Uşaqların kədərli və ya həyəcanlı halda yatağa girməsi onların sağlamlığına mənfi təsir göstərir. Uşaqlara axşam saatlarında onların təxəyyülünü həyəcanlandıran hadisələr danışmaq, xüsusən də məhəbbətə dair hekayə və kitabların oxunması tövsiyə olunmur. Yuxu zamanı bədən istirahət etdiyi kimi, sinir sistemi də  istirahət etməlidir. Beyin fikirlərdən azad olanda insan sakit və xoşbəxtdir.

    

2. Uşaq kitabları, dəftərlər, məhraba, fırça, geyim – uşağın bütün əşyaları bundan ötrü xüsusi ayrılmış yerdə, bir-birindən ayrı qoyulmalıdır. Bu uşaqda məsuliyyət hissini artırır və onları nizam-intizama alışdırır. Əşyalarını yerləşdirməkdən ötrü iki və üç qutu qoymaqla hətta balaca otaqda belə uşağa  künc ayırmaq olar.

    

3. Analar və atalar özləri də gündəlik rejimi gözləməli, mütəşəkkil olmalı və qoyulmuş qaydaları pozmamalıdırlar. Onların əməlləri uşaqlara nümunə olanda, onda uşaqlar da özlərini valideynləri kimi aparmağa səy göstərəcəklər. Evin xanımı həmçinin hər bir əşyanın öz yerini müəyyən etməli və evi səliqə-sahmanda saxlamalıdır. Məsələn, mətbəx əşyaları otaq boyunca səpələnməməli, tualet üçün nəzərdə tutulmuş şeylər stola, sobanın və ya pəncərənin qırağına qoyulmamalıdır.

    

Analara evin interyerinə laqeyd yanaşmamağı tövsiyə edirik. Divardan mənasız və yöndəmsiz şəkillər asılmamalıdır, çünki bu uşaqlarda qaydalara qarşı hörmətsizlik tərbiyə edir, onlarda qeyri-sağlam maraq və pis zövq formalaşdırır.

    

4. Analar çox böyük təmkin və səbrlə, lakin eyni zamanda qətiyyətlə uşaqlarını intizama öyrətməli, əşyalarını öz yerinə qoymağı onlardan tələb etməlidirlər. Uşağın pis davranışına və ya səliqəsizliyinə biganə yanaşmaq olmaz. Lakin bunu sakit inadkarlıqla etməli və uşaqlara ətrafdakıların onları mədəni insan saymalarından ötrü özlərini necə aparmalarını onlara xatırlatmalıdırlar.

    

Uşaq məktəbdən evə qayıdır, çantasını evin bir küncünə, papağını başqa bir küncünə atır. Evdə tam səliqəsizlik yaradır. Ana həmin dəqiqə nəzakətli və intizamlı insanın bu cür etmədiyini ona xatırlatmalı və sonra da töküşdürülmüş əşyaları öz yerinə qoymağı ondan xahiş etməlidir. Uğur tamamilə ananın səbr və inadkarlığından asılıdır. O, niyyətindən çox tez imtina etməməli, uşaqda nadanlığın ilk əlamətlərinin görünməsindən dilxor olmamalıdır. Səbrini toplamalı, xeyirxah olmalı, əsəbləşməməli, uşaqla kobud danışmamalıdır. Ana səbrlə, təmkinlə və qətiyyətlə uşağa davranış mədəniyyətini öyrətməlidir. Təcrübə göstərir ki, valideynlər onlara verilən tövsiyələri praktikada reallaşdıranda, onların uşaqları tez bir zamanda intizam və mütəşəkkilliyə öyrənir və ömürlərinin sonuna kimi qayda-qanuna ehtiram nümayiş etdirirlər.

    

Müxtəlif pedaqoji konsepsiyaların bir çox nümayəndələri irəli sürdükləri tərbiyə metodlarını ideal sayaraq, valideynləri onların tətbiqinə həvəsləndirməyə çalışırlar. Onlar ümid edir və bundan ötrü səy qoyaraq, onları həyata keçirməyə, erkən yaşlarından uşaqlarda Allahın xəlq etdiyi bu dünyada gözəlliyə can atmaq həvəsini yaratmağa, onları harmoniya və nizama qarşı duran xaosun yaratdığı eybəcərliklərdən uzaqlaşdırmağa və uşaqları onların təbii qabiliyyətlərinə uyğun olaraq tərbiyə etməyə cəhd edirlər.

    

Bu qısa fəsildə, əlbəttə, nə antik dövrün Platon və Aristotel kimi filosoflarının baxışları üzərində dayanmaq, nə Kant və onun ardıcıllarının fikirlərini müzakirə etmək, nə də müasir dövrün tanınmış alimlərinin təlim-tərbiyə ilə bağlı nəzəriyyələrini nəzərdən keçirmək mümkün deyildir. Lakin əsas məsələ aydındır: əgər valideynlər, xüsusən də analar öz uşaqlarını kiçik yaşlarından nizam-intizama alışdırsalar və özləri də intizam və qaydalardan zərrə qədər də uzaqlaşmasalar, bu halda onların uşaqları gözəllik idealını yetərincə mənimsəyəcəklər.

Əməksevərlik

Uşaqlarda əməksevərlik və çalışqanlıq tərbiyə edin, onları çətinliklərə öyrədin.

    

...ibadət isanın qəlbindən gələn səy və gərginlikdir, əgər o yüksək əsaslarla oyanırsa, bəşəriyyətə xidmət edəcəkdir.

    

Biz hamımız yaxşı bilirik ki, əmək insan həyatında əhəmiyyətli yerlərdən birini tutur. İnsan cinsi yetkinlik yaşına çatanda və ictimai məsuliyyəti daşımağa qabil olanda, o, cəmiyyətin faydalı üzvünə və xeyirxahlıq mənbəyinə çevrilməlidir. O, vaxtını əyləncələrdə, keflə yaşamaqda keçirə bilməz və hətta imkanlı olduğu halda belə, öz dəyərli həyatını boş-boşuna sərf etməyə onun ixtiyarı yoxdur. Digər tərəfdən öz yaxınlarına fayda vermək onun borcudur.

    

Əməyə məhəbbət uşaqda kiçik yaşlarından tərbiyə olunmalıdır ki, onu əməyə və məqsədyönlü əmək fəaliyyətinə tam şəkildə hazırlamaq mümkün olsun. Əqli və fiziki qabiliyyətlərin inkişaf etməməsi uşağı nəticədə istənilən peşə üçün yararsız edir.

    

Ailə və məktəb birlikdə uşaqları əmək fəaliyyətinə hazırlamağa səy göstərirlər, lakin, təəssüflər olsun ki, çox vaxt bu məsələyə kifayət qədər diqqət yetirilmir. Ona görə də biz bununla əlaqədar bir neçə məsləhət verəcəyik.

    

1. Analar uşaqlara gücləri çatan işi tapşırmalıdırlar. Onlar uşaqların vaxtlarını boş keçirmələrinə və bekarçılıqlarına xeyirxahlıq, bağlılıq və ya rəğbətlə cavab verməməlidirlər, çünki bu mütləq mənfi nəticələrə gətirib çıxaracaqdır. Məsələn, dörd-beş yaşlı balaca uşağın evdə daim vəzifəsi olmalıdır və o, gündəlik ev işlərinə alışdırılmalıdır (əlbəttə, zəruri hallarda ona bu işdə kömək göstərilməlidir). Səhərlər o, tamamilə sərbəst şəkildə öz yatağını yığışdıra, paltar və ayaqqabısını geyinə, başqalarının köməyi olmadan əl-üzünü yuya, özünə çay tökə, nahardan sonra öz qabını yuya bilər.  Lakin o bütün bu işləri valideynin və ya tərbiyəçinin nəzarəti altında etməlidir.

    

Müəllif bəzi ölkələrdə böyük uşaq bağçalarında öz gözləri ilə üç-dörd yaşında balaca uşaqların müəllimlərin nəzarəti altında təcrübəsiz əlləri ilə, lakin aşkar sevinc və şövqlə bu və ya digər işi etdiklərinin şahidi olmuşdur. Şübhəsiz ki, uşaqlar yorulmamalı və əmək onlar üçün ağır yükə çevrilməməlidir. Ona görə də iş uşaqlara böyük ehtiyatla tapşırılmalı və onların təlim-tərbiyəsinin bir hissəsi olmalıdır. Əmək fəaliyyəti özlüyündə tərbiyəedici amil olub, əqli və fiziki qabiliyyətləri inkişaf etdirir.

    

Dünyanın qabaqcıl uşaq bağçalarında əmək uşaqların əqli və fiziki inkişafını stimullaşdıran əsas metodlardan biri hesab olunur. Bununla belə valideynlər və müəllimlər uşaqlara iş tapşırarkən, inkişaflarının müxtəlif mərhələlərində onların qabiliyyətlərini nəzərə almalıdırlar.

    

2. Valideynlər bilməlidirlər ki, uşaqları çətinliklərə alışdırmaqla onları möhkəmlədir, onların hədsiz himayədarlığa ehtiyacı olmur, onlar sağlam və müxtəlif xəstəliklərə qarşı davamlı böyüyürlər. O ailələrdəki uşaqlara altı-yeddi yaşlarında “əllərini batırmağa” imkan vermirlər, həmin ailələrdə uşaqlar əyləncələr və bekarçılıqlar yolu ilə gedir. Məsələn, nahardan sonra uşaq qabları yumaq və ya hansısa başqa bir işi görmək istəyir, lakin valideynləri onu ev işlərinə yaxın qoymaq istəmirlər. Ana deyir: “Fincana əl vurma, sən onu sındıra bilərsən”. “Bunu etmə təzə paltarını batırarsan”. Ata deyir: “Mən həyatım boyu  işləmişəm. İndi mənim bankda kifayət qədər pulum var və sənin bu cür çirkli işi görməyini istəmirəm”.

    

Bu cür məhəbbət və bağlılıq zərərdən başqa heç nə verə bilməz və gələcəkdə bir mənalı şəkildə uşağı çətinlik və iztirablarla üzləşdirəcəkdir. Fiziki əmək heç də utanc gətirici deyil və uşaqlar öz icbari əməklərinə uşaqlıqdan alışdırılmalıdırlar.

    

3. Üzgüçülük, gimnastika, uzun piyada gəzintilər, fiziki əmək uşaqları güclü və möhkəm, bir çox çətinlikləri dəf etməyə hazır insan kimi formalaşdırır. Qızlar, əlbəttə istisna təşkil etmir, çünki həyatın çətinlikləri kişilərə nisbətən qadınların çiyninə daha çox düşür.

   

Uşaqlar erkən yaşlarından ev işlərinə alışdırılmasa, onlar sonradan üzərlərinə düşən məsuliyyət yükünü necə daşıya bilərlər? Ərköyün böyüdülmüş və işləməyə alışmamış gənc qız öz gələcək ailəsində dilxorçuluq və xoşa gəlməz hadisələrin mənbəyinə çevriləcəkdir. Ona görə də uşaqlarda əməyə qarşı məhəbbət və vərdiş tərbiyə olunmalıdır və əmək fəaliyyəti rüsvayçılıq sayılmamalıdır. Burada varlı və kasıb arasında fərq qoyulmamalıdır, bütün uşaqlar özləri etmək qabiliyyətindədirlər və etməlidirlər. Uşaqları fiziki əməkdən uzaqlaşdırmaq, onların yerinə işlərini görmək olmaz.

 

Vicdan

Öz öhtəliyini yerinə yetirən insan necə gözəl, necə alicənabdır.

 

Görünür, ləyaqət və alicənablıq kimi təbii insan hisslərinin təzahürü tərbiyənin nəticəsidir.

 

Hər hansı bir işi görüb qurtarandan sonra yaranan məmnunluq hissi və ya qarşıya qoyulmuş tapşırığı yerinə yetirməyəndə yaranan təəssüf hissi – bütün bunlar insan vicdanının təzahürüdür. Əksər analar və atalar yaxşı bilir ki, vicdan – mənəvi prinsiplərin əməl edilməsinə cavab verən əsas amildir.

    

Müəllif də həmçinin hesab edir ki,  cəmiyyət üçün bu məsələnin böyük əhəmiyyətini nəzərə alaraq, ona xüsusi diqqət yetirmək gərəkdir. Uşaqlar əgər uşaqlıqdan itaətkarlığa öyrədilməyiblərsə, onlar mənəvi norma və tələbləri tam şəkildə mənimsəyə bilmirlər. Şübhə yoxdur ki, tədqirəlayiq davranışın öyrədilməsindən ötrü ən yaxşı vaxt – uşaqlıq illəridir. Cinsi yetişkənlik dövrünə çatmış insana xarakterindəki çatışmamazlıqları düzəltmək çox çətindir.

    

Əgər ölkədə işlər yaxşı gedirsə və ölkə çiçəklənirsə, bu o deməkdir ki, onun vətəndaşları itaətkar və vicdanlı olub, cəmiyyət qarşısında öz borclarını yaxşı dərk edir və üzərlərinə qoyulmuş öhdəlikləri vicdanla yerinə yetirirlər. Əgər ölkə dağıntı və tənəzzül içindədirsə, arzular qırılmış, ümidlər itirilmişsə, onda, şübhəsiz ki, həmin ölkə vətəndaşlarının xeyli hissəsi nüfuz sahiblərinə tabe olmurlar, onların vicdanı isə “susmuş” haldadır.

    

Beləliklə, itaətkarlıq vərdişi erkən yaşlarından tərbiyə olunmalıdır və bunu müntəzəm etmək lazımdır. Aşağıda tərbiyə sahəsində mütəxəssislərin bəzi məsləhətlərini vermişik.

1. Uşağa hər hansı işi tapşırmamışdan əvvəl, ana və ata qabaqcadan öz aralarında məsləhətləşməli, uşağın üzərinə qoyulan öhdəliyin münasibliyini əsaslı surətdə qiymətləndirməlidirlər. Ev işlərində iştirakın zəruriliyi bütün uşaqlara səmimi və azad diskussiya şəraitində izah olunmalıdır; hər bir kəsin, həmçinin uşağın öz öhdəliyi müəyyən edilməlidir.

 

Əgər uşaqlar etiraz edərlərsə, valideynlərə məsləhət görürük ki, onları diqqətlə dinləsinlər və zəruri olan halda əvvəlcə qəbul etdikləri qərarı ləğv etsinlər. İş paylandıqdan və hamı yekdilliklə bu bölgü ilə razılaşdıqdan sonra valideynlər onun uyğun şəkildə yerinə yetiriləcəyinə ümidlərini bildirməlidirlər.

 

2. Valideynlər səylə uşaqlarını inandırmalıdırlar ki, itaətkarlıq ən alicənab işdir, onu inkar edən istənilən şəxs Allahdan utanmalı və xəcalət çəkməlidir, eynilə dostlar qarşısında vəd etdiyini yerinə yetirməməkdən, razılaşmanı pozmaqdan qəbahətli iş yoxdur.

 

3. Tapşırılmış işin yerinə yetirilməməsinin mənfi nəticələri və onların yerinə yetirilməsinin üstünlüklərini valideynlər gündəlik həyatdan müxtəlif hekayələr danışmaqla uşaqlara izah edə bilərlər.

 

4. Öz ödəliklərini yerinə yetirdiyinə görə valideynlər uşaqları həvəsləndirməli və mükafatlandırmalıdırlar.

 

5. Əgər uşaq müqavimət göstərir və ev işlərini yerinə yetirməkdən imtina edirsə, onunla söhbət edilməli və vəziyyəti düzəltməyə cəhd edilməlidir. Bu zaman cəza tədbirləri ədalətli olmalı, uşağın ləyaqəti alçaldılmamalı və qəlbi sınmamalıdır.

 

6. Ailənin bütün üzvlərinin – ata, ana və uşaqların iştirakı ilə keçirilən ailə məşvərətində əmək öhdəlikləri elə dəqiqliklə paylanmalıdır ki, uşaqların sonradan izahata ehtiyacı olmasın. Növbəti ailə məşvərətində yeni məsələlərin üzərində dayanmaq və yeni tapşırıqlar da vermək olar.

    

Bu problemlə tanış olmayan insanlar bizim mühakimələri artıq və ya hətta gülməli hesab edə bilərlər. Lakin biz yeni bir işlə üzləşəndə, o ilk baxışda bizə lazımsız, çətin, ya da yerinə yetirilməsi mümkün olmayan görünə bilər. Lakin bir dəfə onun öhdəsindən gəlmiş insana o, asan və öyrəncəli gələcəkdir. Ona görə də müəllif təkidlə oxuculara məlum məsələyə ciddi diqqət yetirməyi və onu əhəmiyyətsiz və ya az əhəmiyyətli saymamağı tövsiyə edir.

    

Ata, ana, altı, doqquz və on bir yaşlı uşaqdan ibarət bir ailəni təsəvvürümüzə gətirək. Evdə uşaqların asanlıqla öhdəsindən gələ bildiyi xeyli iş vardır. Təbii ki, bütün bu işləri valideynlər də görə bilər, lakin tərbiyə nöqteyi-nəzərindən bunun uşaqlara tapşırılması daha çox məqsədə uyğun olardı, beləliklə də, onlar başqalarından az asılı olar, həyat təcrübəsi və özlərinə inam qazanarlar.

    

Öz uşaqlarını məktəbə buraxmayan bir varlı adam tanıyırdım. O, belə mühakimə yürüdürdü: “Yalnız imkanslz insanlar tərləməli və elmlər öyrənməlidirlər. Coğrafiya mənim oğlumun nəyinə lazımdır? O, istədiyi yerə gedə bilər, başqaları onu istədiyi yerə aparacaq və istənilən arzusunu yerinə yetirəcəklər”. Bu cür məntiqdən istifadə edərək, bir çox valideynlər onların uşaqlarının əgər ailənin maddi imkanları yaxşıdırsa, nə üçün işləməyə ehtiyacı olmadığını əsaslandıra bilərlər.

    

Əmək insanı tərbiyə edir və onda zəruri vərdişlər aşılayır. Əmək özü-özlüyündə nəcib işdir, əgər iş kömək kimi qiymətləndirilirsə, o, şərəfli hesab olunur. Məşhur atalar məsəlində deyilir: “Əməksiz bəhər yoxdur”. Tərbiyə prosesində uşaqların ev işlərində çalışmağının verdiyi üstünlüklərdən istifadə etmək lazımdır.

    

Ata, ana və üç uşağın hekayətinin üzərinə qayıdaq. Axşam ailə bir yerə toplanır, ata və ana uşaqlara onların üzərinə düşən öhdəlikləri müzakirə etməyi təklif edirlər: “Bizim ailə beş nəfərdən ibarətdir, amma evdə və həyət-bacada həmişə xeyli iş vardır. Gəlin, kimin nə işlə məşğul olacağını müəyyən edək” – ata deyir (burada, uşaqlara, əlbəttə, ev işlərinin əhəmiyyətini və vacibliyi, onlardan başqa bunu heç kimin etməyəcəyini onalara izah etmək lazımdır).

    

Ata sözünə davam edir: “Beləliklə, hər səhər hamı öz yatağını yığışdırır, səhər tualetində istifadə etdiyi əşyalarını öz yerinə qoyur, ayaqqabılarını təmizləyir. 

    

Səhər, nahar və şam yeməyindən sonra hər biriniz qabları və fincanları yumaqda, silməkdə və yerinə qoymaqda ananıza kömək edir, duzqabı, istiotqabı, əlsilən və təmiz qabları stolun üstündən yığışdırırsınız. 

    

İndi siz kimin nə edəcəyini bilirsiniz. Biz sizə etibar edirik və ümid edirik ki, hər şey öz qaydasında olacaq. Əgər siz bizi sevir və özünüzə hörmət edirsinizsə səy göstərəcəksiniz, çünki söz verən və sözünə əməl etməyən insan pis hərəkət etmiş olur. Bu cür insana hörmət etmək olarmı? Öz vəsifəsini vicdanla yerinə yetirən kəs özündə sevinc hiss edir, onun vicdanı sakit olur. Mən nə vaxtsa vicdanı qarşısında məsuliyyətli olmağın vacibliyi haqqında bir ibrətamiz hekayə oxumuşdum və indi onu sizə danışmaq istəyirəm.

    

Siz bilirsiz ki, dəmir yol keçidlərində və yollarında həmişə gözətçi olur. Onun vəzifəsi təhlükəli anlarda qatar sürücüsünü qırmızı bayraqcıqla xəbərdarlıq etməkdir. Bu gözətçi siqnalçı adlanır və əgər o öz vəzifəsinə biganə yanaşarsa sərnişinlərin həyatını təhlükə altında qoymuş olar. Bu sadə fəhlə, gördüyünüz kimi, böyük məsuliyyət daşıyır və onun kiçik başısoyuqluğu yüzlərlə insanın həyatına son qoya bilər.

    

Soyuq qış günü bir siqnalçı öz postunda durmuşdu. O, möhkəm üşüyürdü və budkasını qızdırmaqdan ötrü onun oduncağı qurtarmışdı. Saatına baxıb növbəti qatarın gəlməsinə hələ yarım saat vaxtın olduğunu müəyyən etdi və bu ətrafdan çör-çöp yığmaqdan ötrü kifayət edərdi. Siqnalçı bayrağı büküb gödəkcəsinin cibinə qoyur və yaxındakı meşəyə yollanır. Başı çör-çöp yığmağa qarışdığından vaxtı unudur. Qəfildən o, qatarın səsini eşidir.  Saatına baxanda anlayır ki, qatar bir neçə dəqiqədən sonra keçidə yaxınlaşacaqdır. Fikirləşəndə ki, sərnişin qatarını təhlükə gözləyir, həyəcandan onun gözləri qaralır və dizləri bükülür, bütün gücünü toplayaraq, o, dəmir yol xəttinə tərəf qaçmağa başlayır. O, yalnız keçidə qədər qaça bilir. Qatar artıq keçidə çatmışdı. Lakin o, əlini cibinə salanda qırmızı bayraqcığın orada olmadığını aşkar edir. O, qaçanda qırmızı bayraqcıq cibindən düşmüşdü. Siqnalçı cib təsmalını çıxarır və üstündə həmişə gəzdirdiyi iti bıçaqla əlini kəsir və dəsmalı qana bulayaraq qatara tərəf yelləmə başlayır. Sürücülər təhlükə siqnalını görüb qatarı saxlayırlar. Qanı axan siqnalçı yerə yıxılır. Həkim və qatarın bir neçə sərnişini ona yardım göstərirlər, qanı kəsirlər və bir neçə dəqiqədən sonra siqnalçı özünə gəlir.

    

Beləliklə, diqqətsizliyə yol vermiş lakin güclü məsuliyyət hissi olan insan qəzanın qarşısını alıb, yüzlərlə insanın həyatını xilas edir. Deyilənə görə, hökumət dəmir yol stansiyasında ona abidə ucaltmışdır ki, hamı onun bu qəhrəmanlığını xatırlasın və bu cür insanlardan nümunə götürsünlər”.

Mənəviyyat

 

...onlar elə tərbiyə olunmalıdır ki, erkən yaşlarından bütün məsələlərdə ürəklərinin ən dərinliyində, onların öz təbiətində və həyat tərzlərində İlahi Təlimlərə itaət qəti bərqərar olsun. 

    

Əksər müəllimlər belə bir fikrin tərəfdarıdırlar ki, şifahi tövsiyələr, mənəviyyat qanunlarının izahı digər pedaqoji üsullarla birgə tətbiq olunmasa uşaqların tərbiyəsində lazımi səmərəni verməyəcəkdir. Bununla belə, biz tərbiyənin bu növünə etinasız yanaşa bilmərik. Atalar və analar mənəviyyatı inkişaf etdirməyin əsas metodundan – ailədə vacib və müntəzəm söhbətlərin təşkilindən istifadə etməlidirlər. Söhbətlərin özü yaxşı təşkil olunmalı və hər dəfə disskusiya üçün yeni mövzu seçilməlidir. Uşaq xarakterini kamilləşdirməyə xidmət edən mənəvi prinsiplər ibrətamiz hekayələr, heyvanlar haqqında hadisələr, təmsillər danışmaq, həyatdan nümunələr gətirməklə izah edilməlidir. Bütün bunlar həyat haqqında, davranış normaları haqqında informasiya verir, uşaqlarda təfəkkür qabiliyyətini və duyğuları inkişaf etdirir. Axşam saatları uşaqlarla söhbət etməkdən ötrü ən əlverişli vaxtdır, çünki bu radələrdə onlar, adətən, gündəlik işlərini bitirir və bir qayda olaraq evdə olurlar.

    

Böyüklərin uşaqlarla ünsiyyətini həddindən artıq şişirtmək lazım deyildir: Bütün valideynlər öz təhsil səviyyəsinə uyğun olaraq uşaqla söhbət etmək qabiliyyətindədir. Bundan ötrü xüsusi biliklərin olması tələb olunmur. Valideynlər uşaqları bir yerə toplaya və böyük məhəbbətlə cəmiyyətdə  xeyirxah davranışın vacibliyinə xüsusi diqqət yetirməklə, onlara əsas mənəvi prinsipləri öyrədə, qınağa layiq davranışlardan onları çəkindirən  məsləhətlər verə, onları xeyirxah əməllərə doğru istiqamətləndirə bilərlər.

    

Təcrübə göstərir ki, sözlə təsiretmə uşaqlarda sağlam mənəviyyat formalaşdırır. Əgər bu cür müzakirələr müntəzəm keçirilirsə, zaman-zaman unudulmur və elmi prinsiplərə əsaslanırsa, uşaqlar mənəvi normaları mənimsəməyə,  valideynlərin məsləhətlərinə əməl etməyə başlayırlar. Həmin axşamlar isə onların yaddaşında silinməz iz qoyur. Uşaqlar evdə daha çox olmağa çalışır, onların əqli və ruhu alicənab istəklərə daha çox həssas olur.

    

Məsələn, valideynlər uşaqları bir yerə toplayıb və öz ətraflarında oturdub, onlara mənəvi tələblərin mahiyyəti haqqında danışa bilərlər.

    

“Siz bilirsiz ki, Allah bizi yaratmışdır və bizim dünyada olan hər şey Onun xəlq etdikləridir. O, hamıya qarşı mərhəmətlidir. Hamıya sığınacaq verir və hamını zəruri olanlarla təmin edir. O, hər bir vaxt bizimlədir. Biz nə ediriksə, hə haqda düşünürüksə, O bunları bilir, çünki Onun adlarından biri – Hər Şeyi Biləndir. Allah bizim yalnız yaxşılığımızı istəyir və bizi möminlik yoluna yönəldir. Biz Ona inanmalı və Onun Qanunlarına tabe olmalı, bizə verdiyi göstərişlərə əməl etməli və Onun istəmədiyini etməməliyik, çünki bizim xoşbəxtliyimiz, həm bu, həm də o biri dünyada izzətimiz Onun qanunlarına necə əməl etməyimizdən asılıdır.

    

Allahın Elçiləri – Peyğəmbərlər deyirlər ki, insan başqalarına özünə xoş gəlmədiyini etməməlidir. Özünə istəmədiyini başqalarına arzu etməməlidir. Bu “şəfqət göstərmə, qayğıkeşlik” adlanır və mənası odur ki, biz özümüzü başqa insanın yerində qoymalı və dərk etməliyik: bizə xoş olmayan ona da xoş deyildir.

    

Məsələn, əgər insanlar bizə qarşı münasibətdə yaxşı hərəkət edirlərsə, biz də onlara qarşı eyni cür hərəkət etməli və onların hisslərinə toxunmamalıyıq. Əgər sinif yoldaşınız sizə kobud söz deyir, dəftərinizi cırır və ya qələminizi sındırırsa, siz əlbəttə bundan kədərlənəcəksiniz, lakin bununla belə siz yoldaşınıza eyni hərəkətlə cavab verməməlisiniz. Dostunuz sizə öz hərəkətini dərk etmədən pislik edirsə, siz ona yaxşılıqla cavab verməli, ona dostcasına və nəzakətlə yanaşmalısınız. O, özü etdiyindən peşman olacaq, düzgün hərəkət etmədiyini başa düşəcək və bundan sonra nə sizinlə, nə də başqaları ilə bu cür hərəkət etməyəcəkdir.

    

Biz həmişə həssaslıq göstərməli, başqalarının şəxsi həyatına müdaxilə etməməli, onları pərt etməməliyik. Biz insanları sevməli, onların ləyaqətinə hörmətlə, özümüzünkünə yanaşan kimi yanaşmalıyıq, çünki yalnız onda biz özümüzü insan nəslinin ləyaqətli nümayəndəsi hesab edə bilərik. Bu keyfiyyətlər insani məziyyətlər və mənəvi xeyirxahlıqlar adlanır. Bu cəhətlərə malik olmayan kəs insan kimi öz təyinatını heç vaxt yerinə yetirə bilməyəcək və heyvandan da pis hala düşəcək, çünki heyvan mənəviyyatsız insanın törətdiklərini heç vaxt etmir.

    

İstənilən dinin əsaslarında duran insani məziyyətlərdən biri - valideynlərə ehtiramdır. Valideynlərə ehtiram dedikdə, onlara qarşı məhəbbət, itaət, xeyirxahlıq, diqqət başa düşülür. Ata və analar uşağa həyat verir, öz uşaqlarının xoşbəxtliyi yolunda bir çox çətinliklərlə üzləşir, məhrumiyyətlərə və narahatlıqlara məruz qalırlar. Uşaqlar valideynlərinə borcludurlar və onlara itaət etməlidirlər. İstər uşaqlıqda, istər gəncliyində, istərsə də yetkinlik yaşında valideynlərə ehtiramla yanaşılmalı, onlara diqqət göstərməli, onların xətrinə dəyilməməlidir.

    

Bu dünyada və o biri dünyada xoşbəxtlik və tərəqqiyə çatmağın bir yolu vardır – pis əməllərdən qaçmaq. Bu o deməkdir ki, Allahın qadağan etdiklərini biz etməməliyik. Biz Onun göstərişlərinə uyğun hərəkət etməliyik. Kədər və bədbəxtliklərin əsas səbəbi bəzi insanların Allahdan üz döndərməsi və Onun qanunlarını yerinə yetirməməsidir. Gələn dəfə biz yenə bir yerə toplananda mən sizə bu haqqda ətraflı danışacağam”.

 

Gözəl Ədalar

Gözəl ədalar – istənilən insanın, həm qocanın, həm də gəncin bədəninə uyğun gələn libasdır.

    

İnsan öz təbiətinə görə sosial varlıqdır. O, başqa insanlarla əlaqədə yaşayır, lakin onun ailəsinə bağlılığı daha çoxdur.

    

Hər bir millətin öz adət-ənənələri vardır və onun nümayəndələri onları gözləməyə çalışırlar. Kimsə ümumi qəbul olunmuş normalardan çıxır və özünü hamı kimi aparmırsa, onun başqa insanlarla harmonik dostluq münasibətləri qurmasında çətinlikləri yaranır.

    

Mən özüm kiçik yaşlı uşaqlarına gözəl ədalar öyrədən valideynlərin qeyri-adi inadkarlığının şahidi olmuşam. Lakin həmin cəmiyyətdə qəbul olunmuş davranış qaydalarının valideynlər tərəfindən inkar edilməsi ona gətirib çıxarmışdır ki, həmin hərəkətləri ilə onlar başqa insanların gözündən düşmüşlər. İnsanlar onları nəzakətsiz və ədəb qaydalarını bilməyən kəslər kimi qəbul etmişlər.    Bu yalnız təəssüf hissi yaradır, lakin bir çox valideynlər davranış mədəniyyətinin tələblərinə əhəmiyyət vermirlər və onların özü hətta cəmiyyətdə etiket gözləsələr də, bunu öz uşaqlarına öyrətmirlər. Nəticədə uşaqlar özlərini apara bilmir və onların hər addımı valideynlərə çoxlu narahatlıqlar gətirir.

    

Ədəb qaydalarına yaxşı öyrədilmiş beş yaşlı qız uşağını təsəvvürünüzə gətirin. O, sizi görən kimi salmlayır. Siz ondan adını soruşursunuz, o, sizə cavab verir. Yaşı, yaşadığı ev, gəlinciyi, rəfiqələri, qardaş və bacıları barədə sizin bütün sorğularınıza o, nəzakətlə cavab verir. Masa arxasında onun davranışı heyranlıq yaradır, o yaşına uyğun olaraq hər şeyi etməyi bacarır.

    

Əgər həmin vaxtda tərbiyə almamış başqa bir qız uşağına rast gəlsəniz fərqi həmin an hiss edəcəksiniz. O, sizi görən kimi anasının arxasında gizlənir və onun paltarından bərk-bərk yapışır. Ana onu ağıllandırmaq istəsə də bu ona müəssər olmur. Nəhayət, çoxlu narahatçılıqdan və vurnuxmadan sonra o sakitləşir və siz ondan adını soruşursunuz. Sizə cavab vermək əvəzinə o barmağını ağzına salıb döşəməyə baxır. Siz təkidlə sualınızı bir neçə dəfə təkrar edirsiniz, yenə cavab vermək əvəzinə o, anasına bir qədər də bərk sıxılaraq, ondan tələb edir: “de, de tez ol de!”. Siz ondan gəlinciyinin olub-olmadığını soruşursunuz, o ya susacaq, ya da “demək istəmir. Sənə dəxli yoxdur” cavab verəcəkdir. Uşaq özünü o qədər pis aparır ki, ana onu cəzalandırmağın zəruriliyini hiss edir.

    

Gətirilmiş nümunələr təxəyyülün məhsulu və şişirdilmə deyildir. Əksinə, o, tam həqiqətdir və bir çox uşaqlar mənim təsəvvür etdiklərimə oxşayırlar.  Uşaqların tərbiyə edilməsi və onların gözəl ədəb qaydalarına öyrədilməsi səbr və qüvvə tələb edir. Əgər bu iş asan olsa idi, onda biz mədəni və mədəniyyətsiz adamlar arasında heç bir fərq görməzdik. Əgər insanın davranışı vaxt keçdikcə və təcrübə toplandıqca kamilləşsəydi, onda qüvvə sərf etmək mənasız olardı və insanlar meşədəki ağaclar kimi öz-özünə böyüyərdilər. Bioloji olaraq, insan, əlbəttə, öz-özünə böyüyür, lakin bu kifayət deyildir. İnsanın intellektual və ruhani qabiliyytələrinin inkişafı bütövlükdə tərbiyədən asılıdır.

    

Ağaclara qulluq etməyən, onların qayğısına qalmayan, onları kifayət qədər sulamayan, gübrələməyən, ətrafındakı alaqlardan təmizləməyən bağban onlardan meyvə ala bilməz. Onda uşağı necə özbaşına buraxmaq və ona öz dəyərli vaxtını hədər yerə itirməsinə yol vermək olar? Öz uşaqlığının “kapitalını” “qumarda sərf edərək”, o yetkinlik yaşına çatanda başa düşəcək ki, tərbiyə üçün əlverişli vaxtı artıq itirmişdir və onun əqli qabiliyyətləri inkişafdan qalmışdır.

    

Şair Sədinin təqribən 700 il əvvəl yazdığı bir şer üzərində ata və anaların düşünmələri əhəmiyyətli olardı:

Xoşbəxtlik,
uşaqlıqdan tərbiyə görməmişdən qaçar,
Düşünün: yaşıl budağı əymək asandır,
Quru budağı yalnız atəş düzəldər.

    

Burada qələm və kağızı bir tərəfə qoyaraq, sevimli oxucularımla vidalaşıram. Bu kitabdakı fikirləri uyğun hesab edib, onlardan yararlanacaqlarını güman edirəm. Müəllif üçün bundan qiymətli mükafat ola bilməz.

2
3
4
5
6
Uşaqlarla Ünsiyyəti Şişirtməsi
7
bottom of page