top of page

Uşaqlar və Azadlıq 

 

Məlumdur ki, heyvanlar – azadlığın mücəssiməsi və onun rəmzidir. İnsan məhdudiyyətlərə tabe olmalıdır ki, öz cahilliyindən mühafizə olunsun və özünü mənəvi hərcmərcliyin ağırlığından qorusun... İnsanın həqiqi azadlığı Allahın qanunlarına onları dərk etdiyi qədər tabe olmaqdan ibarətdir.

....yüksək əxlaqi davranış tərki-dünyalığın bu və ya digər forması kimi qəbul olunmamalı və ya hədsiz, fanatik prutanizmə bərabər tutulmamalıdır. Həzrət Bəhaullah davranışın elə normasına dəvət edir ki, hansıkı heç bir halda Hamınısevən Xaliqin bizim dünyaya bu cür bolluca səpdiyi çoxsaylı şadlıq, həzz və gözəllikdən mümkün dərəcədə maksimum fayda götürməyin qanuni haqqını və imtiyazını inkar etmir.

Qeyri-məhdud azadlığa coşğun canatma – bəşəriyyətə iztirablar gətirmiş ən böyük bəlalardan biridir. Köhnə vərdişlərdən və ənənələrdən uşaqlaşma mənəviyyatın, əxlaq və ruhani dəyərlərin itirilməsi ilə müşayiət olunur. Bu cür vəziyyət saysız-hesabsız problemlər yaradaraq, bizlərdən hər birimizə mənfi təsir göstərir. Təəssüflər olsun ki, insanların böyük hissəsi baş verən dəyişikliklərin “avanqardında” durduqlarına görə fəxr edirlər və belələri hər cür  məsuliyyətdən, tələb və nüfuzdan tam azad təəssüratı yaradırlar.

Əgər bütün bəşəriyyətin sosial münasibətlərini bütövlükdə ətraflı tədqiq etmək kiminsə ağılına gələrsə, o, həm Şərqdə, həm də Qərbdə mənəviyyatın sürətlə düşdüyünü aşkar etmiş olar. Davranış kodeksi dərhal həzz almağa yönəlmiş bayağı və adətən, eybəcər ədalara bağlı insanların sayı sürətlə artmaqdadır. Nəfsin bu cür saxlaya bilməməzliyi azadlıq anlayışı ilə bağlıdır!

 

Kimsə qumar oyunlarının, içki düşkünlüyünün, cinsi pozğunluğun, norkotiklərdən istifadənin, dinsizliyin, valideynlərə qarşı ehtiramsızlığın və digər qüsurların yerdə yaşayan insanlar arasında geniş yayıldığını inkar edə bilərmi? Günaha batmanın meydanı getdikcə genişlənməkdədir və bu da cəmiyyətin daha ciddi, sağlamdüşüncəli insanlarını narahat etməyə bilməz.

Kitabın müəllifinə müxtəlif ölkələrə səyahət etmək və sosial şəraitləri  müxtəlif olan cəmiyyətlərdə bu mənasız “azadlığın” zərərli təsirinin şahidi olmaq müəssər olmuşdur. Valideynlər nəzərə almalıdırlar ki, cinsi yetişkənlik yaşına çatmış uşaqlar öz şəhvəti meyllərinə sərbəstlik verirlər; bəzi hallarda bu yaş kateqoriyasından olanlar sərbəstlik dərəcəsinə görə başqa yaş qruplarını da üstələyirlər. Qəribə görünsə də, bir çox ölkələrdə gənc insanlar şəhvəti hisslərin təsirinə o qədər məruz qalıblar ki, həyatlarının elə başlanğıcında dünyəvi istəklərin coşan burulğanına atılmaqla öz əlləri ilə qabiliyyət və istedadlarını dağıdır, ruhlarını məhv edirlər. Bu həqiqətən belədir.

Təbii ki, şüurlu tələbkarlıqla heç bir ümumi cəhəti olmayan hədsiz ciddiyyət, diktat, zor, uşağın normal və tamamilə qanuni istirahətdən məhrum edilməsi ağır nəticələrə gətirib çıxarır, lakin öz hərəkətlərinə görə insan üzərinə mənəvi və sosial məsuliyyət qoymayan qeyri-məhdud və mütləq azadlıq (bunu sübut etmək çətin olsa da) da olduqca zərərlidir. Mötədilliyin gözlənilməsi olduqca əhəmiyyətlidir və bu hər iki ifratçılıq pislənməyə layiqdir. Uşaqlar onların şəxsiyyət kimi inkişafına gərəkli olan şeylərdən məhrum edilməməli, onların bütün istəklərinə göz yumulmamalıdır. Onlara öz fiziki və zehni qabiliyyətlərini göstərməkdən ötrü imkan verilməlidir.

Əgər uşaq oyunlarının və şənliyinin qızğın çağında valideynlər kobudluqla və ədəbsizcəsinə fəallığın təbii və normal təzahürünü söndürürlərsə, onlar böyük səhvə yol verirlər. Bu cür ailələrdə köməksiz uşaqlar həmişə özlərini bədbəxt hiss edirlər. Hökümlü valideynlərin yanında onların özünü ifadə etməsi mümkün deyildir, onlar daim daxili gərginlik keçirirlər və bunun nəticəsi kimi məyusluq, yüksək həyəcanlanma  və müxtəlif xəstəliklərə qarşı həssaslıq yaranır. Uşaqların azadlığını kəskin məhdudlaşdıran valideynlər onlara qəm və kədər gətirirlər.

 

Söhbət əksəriyyəti qadağalar və məhdudiyyətlərdən ibarət, uşaqlarla ünsiyyəti məhdudlaşdıran taktiki  yanaşmadan gedir. Valideynlər çox vaxt yalnız iki ifadədən istifadə etməklə kifayətlənirlər: “bunu et” və  “bunu etmə”. Onlar hətta diqqət və himayəyə ehtiyacı olan uşaqlarından harada olduqlarını, evə hansı səbəbdən gec gəldiklərini, nə üçün bu kitabı aldıqlarını və ya nə üçün bütün günü vaxtlarını boş keçirdiklərini və indi də gecə yarıya kimi dərs oxumaq məcburiyyətində qaldıqlarını soruşmağa belə cəhd etmirlər. Uşaq üzərində nəzarətin qoyulmasında mötədilliyin gözlənilməsinin vacibliyini qiymətləndirmək çətindir.

Küçə Qrupları 

Palçığa Batmış Qanadlarla Uçmaq Olmaz

 

Uşağın vaxt keçirdiyi xarici aləm onun davaranışına təsir göstərən üç amildən (ev, məktəb, küçə) biridir. Pedaqoqların nəzərincə, küçə qrupları uşaqlara çox vaxt pis təsir göstərir. Tərbiyə nöqteyi-nəzərindən bu əhatəyə münasibətdə nə müsbət göstəriş hazırlamaq, nə də bu problemin guya mövcud olmadığını göstərmək mümkün deyildir. Uşağın müxtəlif nalayiq hərəkətləri bir çox səbəblərdən, o cümlədən uşağın əhatəsindən və onun yaşıdları ilə qarşılıqlı münasibətlərindən törəyir.

    

Birincisi, yoldan təsadüfən keçən kəslər, adətən, pedaqoji prinsipləri gözləməyi özlərinə borc bilmir, bunun vacibliyini və əhəmiyyətini dərk etmirlər. Onlar elə məsələlərdən danışa bilərlər ki, uşaqların eşitməsi tamamilə yol verilməzdir və yeniyetmələrin mənəviyyatına mənfi təsir göstərir. İkincisi, qanun pozulmalarının səbəbi olan küçə qruplarının nəzarətsizliyi də uşaqların mənəviyyatına və psixikasına mənfi təsir göstərir. Üçüncüsü, mahiyyətinə görə şəxslərarası səthi və məhdud təmaslar davranışın nalayiq stilini formalaşdırır.

    

Bəzi psixoloqlar hesab edir ki, davranış S – R (stimul – reaksiya) prinsipinə əsaslanır, yəni bu və ya digər təsirə - stimula məruz qalan insan ona müəyyən reaksiya ilə cavab verir. Stimullar (mühitin dəyişməsi) insanlara ya müsbət, ya da mənfi təsir göstərə bilər. Məsələn, tutaq ki, siz bağda gəzirsiniz, gözəl zanbağa, nərgizin sarı çiçəklərinə baxır, quşların nəğmələrinə qulaq asırsınız. Heyranlıq və sevinc hissi sizin qəlbinizi doldurur. Əgər siz xaraba və bərbad bir məhəlləyə düşsəniz, oradakı yoxsulluq mühiti sizdə ikrah hissi yaradacaq və kədər və məyusluğa düşməməkdən ötrü xeyli səy göstərməli olacaqsınız.

    

Bu prinsip uşaqlara da tətbiq oluna bilər, çünki onlar bütün stimullara cavab verdiklərinə görə, istənilən söz və istənilən hərəkət onlara təsir göstərir. Küçə qrupları isə bu təsirin mənfi hissəsini təşkil edir. Bu təsirin çox ziyanlı nəticələri o qədər çoxdur ki, onların hamısını saymaq mümkün deyildir. Əlbəttə uşaqları tamamilə küçədən təcrid etmək mümkün deyildir. Lakin biz uşağa xüsusi zəruriyyət olmadan bu qeyri-mütəşəkkil qruplarda vaxt keçirməyə icazə verməklə və onu orada nəzarətsiz qoyub, öz ixtiyarına buraxmaqla tez-tez ciddi səhvlərə yol veririk.

    

Çox vaxt valideynlərin özləri beş-on dəqiqə asudə vaxt qazanmaqdan ötrü uşaqlarını güclə küçəyə göndərirlər. Uşaq getmək istəməyəndə isə ana onu dilə tutmağa cəhd edir: “Sən niyə küçəyə gedib başqa uşaqlarla oynamaq istəmirsən?” və ya “Evdə oturmaqdan xəstələnəcəksən, get təmiz havada uşaqlarla gəz” və s. 

    

Burada ifratçılığın başqa bir forması olan hədsiz himayədarlığı da yada salmaq düzgün olardı. Bəzi valideynlər, əksinə, öz uşaqlarını heç vaxt tək küçəyə buraxmırlar və bununla da onlara azad seçim imkanı vermirlər.

    

Biz artıq küçədə məqsədsiz vaxt keçirməyin çox saylı mənfi təsirlərini sadaladıq. Lakin indi bəzi əsas məsələlər üzərində dayanmaq istərdik:

1. Əsasən uşaqların birgə əylənməsi bazasında formalaşan küçə qruplarında uşaqlar təlim-tərbiyə nöqteyi nəzərindən arzuolunmaz təsirlərə məruz qalırlar.

 

2. Oyunlar zamanı onlar tez-tez tərbiyəçinin müdrik rəhbərliyinə malik olmayan, mənəvi prinsipləri və davranışı səviyyəsiz yeniyetmələrlə qarşılaşmalı olurlar. Pis ad çıxarmış çətin uşaqlarla ünsiyyət edən tərbiyəli uşaqlar onların davranış tərzini qəbul edir, onların baxışlarını, həyat təcrübəsini, norma və dəyərlərini mənimsəyirlər. Küçə qruplarının mənfi təsiri hər kəsə bəllidir.

 

3. Təsadüfü rast gəldiyi adamlarla küçədə birgə vaxt keçirmək vərdişi ona gətirib çıxarır ki, uşaqlar “azad” həyatdan və “azad” ünsiyyətdən həzz almağa başlayırlar. Heç kim onlara nəzarət etmir, heç kim onların nə işlə məşğul olduğunu və özlərini necə apardığını bilmir, heç kim onlara göstəriş vermir. Tədricən “azadlıq mühiti” onların beynini zəhərləyir, onlar öz gələcəkləri haqqında düşünməyərək, evdə və məktəbdə heç bir iş görməməyə adət edirlər. Müxtəlif xarakterli məhdudiyyət və qadağalardan, “olmaz”, “bunu et”, “bunu etmə” və s. ibarət valideyn tövsiyəsindən və müəllim göstərişlərindən canını qurtarmağa çalışan bu cür uşaqlar öz istəklərini hər şeydən həmişə üstün tutacaqlar.

 

4. Şübhəli küçə tanışlıqları həmçinin yolxucu xəstəliklərə yoluxma, uşaqların sağlamlığı və fiziki inkişafı üçün təhlükə də yarada bilər.

    

Beləliklə, uşağın valideynin və ya tərbiyəçinin nəzarəti olmadan evdən kənarda keçirdiyi müddət, istər istirahət olsun, istərsə də birgə əyləncə, onun həm ruhu, həm də cismi üçün böyük təhlükə yaradır. Valideynlər (xüsusən də analar) heç vaxt öz əlləri ilə uşaqlarını pedaqoji nöqteyi-nəzərdən həqiqətən fəlakətli olan bu yola itələməməlidirlər. Valideynlər, təbii ki, təmkinli və səbrli olmalıdırlar, çünki bu keyfiyyətlərə yiyələnmədən onlar uşaqların tərbiyəsi ilə bağlı öz müqəddəs borclarının öhdəsindən gələ bilməyəcəklər. Uşağa biganə yanaşan, onu özbaşına buraxan etinasız valideynləri okeanın ortasında öz postunu tərk edən və bununla da sərnişinlərin həyatını təhlükə altına atan gəmi kapitanına bənzətmək olar.

    

Evdəkilərə qarşı uşaqda incikliyin yaranmamasından və ailənin nəzarətindən çıxıb, küçədə rahatlıq tapmamasından ötrü valideynlər onun təbii fəallığına şərait yaratmalı, qaçmaq və oynamağına icazə verməli, səs-küy və narahatçılıqla barışmalıdırlar. Əmrani ifadələrdən,“bunu et”, “bunu etmə” və kobud danışıq tərzindən sui-istifadəyə yol verilməməlidir. Çox vaxt zərərsiz şuluqluq böyüklər tərəfindən səhvən “dəcəllik” və sırtıqlıq kimi başa düşülür. Valideynlər bilməlidirlər ki, yalnız heykəllər hərəkətsiz və sakit qala bilər və Allahın həyat üfürdüyü və fiziki və əqli qabiliyyətləri daim inkişafda olan uşaq əgər süst və hərəkətsizdirsə, bu o deməkdir ki, o xəstədir. İmkan daxilində valideynlər uşaqlarını əyləndirməkdən ötrü onları oyuncaqlarla təmin etməklə onların “dəcəlliyinin” qarşısını almış olarlar.

 

Uyğun Qrupların Seçilməsi

Şər Adamların Söhbəti qəmi artırar, dürüst adamların ünsiyyəti qəlbin pasını təmizlər.

    

Günahkarlarla dostluq ruhu rahatsız edir, bədəni yorur və insanı tədricən dibsiz girdaba sürükləyir. İran şairi Sədinin poemasında ruhani məqsədlərini şeytani arzulara dəyişmiş mələyin iblislə dostluğundan danışılır:

Mələk iblislə dostluq edərsə
Qorxu, hiylə və xəyanəti dadar.

    

Xeyirxah insanlarla dostluq qəlbi təmizləyir, ruhu yüksəklərə qaldırır, insanın xasiyyətini nəcibləşdirir və qəlbinin lampasındakı işığı boş arzu və istəklərin yelindən qoruyur. Məhz bu səbəbdən İlahi Vəhylər çox sərt şəkildə ruhunu iblisə satmışlarla dostluqdan çəkindirir və mömin insanlarla dostluğa çağırırlar.

    

Biz bunu başlanğıcda qeyd etdik ki, tərbiyə ilə bağlı bu əhəmiyyətli tərəfə daha çox diqqət yetirək: cinsi yetkinlik yaşına çatmış yetiyetmələrin onları tədricən düz yoldan sapdıran, tədrisdən uzaqlaşdıran və nəhayət, təəssüf doğuran kədərli sonluğa gətirib çıxaran “dostları” ilə qarşılıqlı münasibəti mənəviyyatın pozulmasının əsas səbəbidir.

    

Siz valideynlər evdə uşağın tərbiyəsi üçün əhəmiyyət kəsb edən bütün vacib məsələlərə və uşağı günahlardan qorumağa nə qədər diqqət yetirsəniz də, əgər uşaq pis qrupa düşübsə, sizin səyləriniz hədər gedəcəkdir və bir gün siz aşkar edəcəksiniz ki, illərlə ailədə səbrlə yaratdığınız, başqaları tərəfindən insafsızcasına dağıdılmışdır. Sizin ən önəmli valideyn borcunuz uşağa ailədən kənarda nəzarət etməkdir: sizin uşaqlar kiminlə ünsiyyət edir, evdən kənarda onun ünsiyyət dairəsi kimlərdən ibarətdir, bütün bu məsələlər sizi narahat etməlidir. Uşağın evdə nəzarət altında olması sizi arxayınlaşdırmamalıdır. Uşaqlarınızın dostları, onların tanışlıq dairəsi haqqında mümkün qədər çox bilməkdən ötrü lazım gələrsə vacib gündəlik işləri kənara qoyub, vaxtınızın bir hissəsini bundan ötrü ayırmalısınız. Əgər burada sizin rəhbərlik və köməyinizə ehtiyac olduğunu aşkar etsəniz, şəxsi təcrübə, sağlam düşüncə və valideyn intuisiyasına arxalanaraq düzgün həll yolunu tapmağa çalışmalısınız. Bu məsələdə mütəxəssislərin məsləhəti də sizə kömək edə bilər. Uşaqlarınızın yaşını və problemlərini yaddan çıxarmayın. Bir an gecikmək sizə çox baha başa gələ bilər, sərf etdiyiniz  qüvvə və vaxt havayı yerə itər.

    

Bu çətinlikləri dəf etməkdən ötrü istənilən üsul və vasitədən istifadə olunmalıdır. Siz uşaqların dostluq münasibətlərinə bilavasitə təsir göstərməyə cəhd etməlisiniz. Onlara kömək etməli, pis qrupların çox zərərli təsirini onlara izah etməlisiniz. Bu problemin müzakirəsinə məktəb administrasiyasının üzvləri də cəlb edilməli və zəruriyyət yaranarsa, çətin tərbiyə olunan yeniyetmələrin sizin uşaqla əlaqəsinin kəsilməsinə nail olmalısınız.

    

Fiziki xəstəliklər insanın bədəninə hücüm etdiyi kimi, yüzlərlə hər cür ruhi mərəzlər də onlardan əziyyət çəkən şəxsiyyəti ruhani ölümə məcbur etməklə onun ruhunu ələ keçirməyə çalışır. Siz, əlbəttə, bilirsiniz: uşağı yolxucu xəstəliklərdən qorumaqdan ötrü onu xəstələrdən təcrid etmək lazımdır. Bəs onda siz öz uşaqlarınızın başqaları ilə sərbəst ünsiyyətinə nə üçün biganə yanaşır və onunla maraqlanmırsınız? Nə üçün mənəvi pozğunluğu ilə tanınan insanlarla tanışlığına mane olmamaqla siz öz sevimli uşaqlarınızı təhlükə altına atırsınız?

 

Alkaqol – Uşaqların Sağlamığının Qorxulu Düşmənidir

 

Müqəddəs Kitaba uyğun olaraq spirtli içkilərdən istifadə qadağandır, çünki o xroniki xəstəliklərə, sinirin zəifləməsinə və əqlin itirilməsinə səbəb olur.

    

Ey Allaha səcdə edənlər, sizin əqlinizi dağıtmayan Allaha məhəbbət şərabı ilə sərxoş olun!

    

Dünyanın hər yerində alimlərin və pedaqoqların yekdil fikiri budur: alkoqol sağlamlıq üçün zərərlidir və insanlara saysız-hesabsız bədbəxtliklər gətirir. Alkoqol fiziki, mənəvi və psixi inkişafı hələ başa çatmamış uşaqlara xüsusən zərərli təsir göstərir. Aşağıda biz bəzi tədqiqatların nəticələrini göstərmişik:

1. Alkoqol – insan üçün öldürücü zəhər və cəmiyyət üçün qorxunc bəladır. O, təkcə dağılma təhlükəsi yatratmır, o, həmçinin uşaqlara saysız-hesabsız iztirablar gətirir, onları gələcəyindən məhrum edir. Alkoqoldan istifadə insanda lori dildə “sərxoşluq” adlanan xüsusi vərdiş yaradır. Alkoqolun, orqanizmin bütün fəaliyyətini tənzim edən mərkəzi sinir sisteminə təsiri olduqca güclüdür: danışıq və davranış üzərində nəzarət zəifləyir, nitqin rabitəsizliyi yaranır, yeriş dayanıqsız olur, düşüncə və qərarvermə qabiliyyəti zəifləyir. Alkoqol əgər müntəzəm qəbul edilirsə, əqli və psixi pozğunluq, dipsomaniya, korsakov sindromu və polinevrit halları yaranır. Alkoqolun uzun müddət qəbulu qarabasmalarla müşahidə olunan alkoqol psixozlarının yaranmasına gətirib çıxarır. İnsana elə gəlir ki, o hansısa fantastik heyvanları görür, kiminsə hədələyici sözlərini eşidir. Bu cür hal üç-beş gün davam etdikdən sonra, xəstə dərin yuxuya gedir. Böhrandan sonra ürək ritminin, tələffüzün, böyrəklərin fəaliyyətinin pozulması müşahidə edilir. Başgicəllənmələr və qan təzyiqinin tərəddüdü yaranır. Alkoqolizm sağlamlığı məhv edir, orqanizmdə düzəlməsi mümkün olmayan dəyişikliklər törədir.

    

2. Alkoqolun zəhərləyici təsiri elə güclüdür ki, bəzi Avropa ölkələrində spirtli içkilərdən sui-istifadə nəticəsində hər il minlərlə insan dünyasını dəyişərək, biçarə uşaqlarını başlı-başına qoyurlar.

    

3. Ailənin başçısı içkiyə aludədirsə, bu ailəyə maddi  ziyan gətirir. Qazancın bir hissəsi spritli içkilərin alınmasına sərf olunur və bu səbəbdən də uşaqların qidalanması pisləşir ki, bu da onların inkişafına mənfi təsir göstərir.

    

4. Valideynlərin hər ikisinin sərxoşluğu ailədə əsəb sarsıntıları törədən vəziyyət yaradır. Valideynlər ləyaqət hissini itirir, söyüşcül olur, konfliktə girir və elə hərəkətlərə yol verirlər ki, ayıq vaxtı bunu etməyə, bəlkə də, utanardılar. Uşaqlar valideynlərin davranış tərzini, onların əməllərini mənimsəyirlər. Nalayiq sözlərdən və ifadələrdən istifadə onlar üçün vərdişə çevrilir, çünki onların gözləri və qulaqları buna alışmış olur.

    

5. Alkoqolizm əqli və fiziki cəhətdən zəif uşaqların doğulmasına səbəb olur. Valideynləri içkiyə aludə olmayan uşaqlarla müqayisədə ata və anaları spirtli içkilərdən sui-istifadə edən yüz uşaqdan altmış altısının təhsildə çətinlik çəkdiyi, zəif yaddaşa və intellektual qabiliyyətə malik olduğu müəyyən edilmişdir. Qalanlarının 17%-də eşitmə və nitq qabiliyyətində, 17%-də isə digər fiziki qüsurlar aşkar edilmişdir.

    

6. Sərxoş valideynlərin yaratdığı dava-dalaş uşaqları istirahət və rahatlıqdan, normal yuxudan məhrum edir. Bütün bunlar uşaqların əsəb-psixi vəziyyətinə öz mənfi təsirini qoyur.

 

7. Valideynlərini daim sərxoş halında görən uşaqlar evdən uzaqlaşmağa çalışır, onları saymır, onlara ikrahla yanaşır. Valideynlərinin özlərini ləyaqətsiz apardığını dərk edən uşaqda onlara qarşı güclü və dərin düşmənçilik hissi yaranır. Kənardan dəstək almağa çalışan uşaqlar, hər yoldan ötənlə əlaqə yaratmağa çalışır və bu da son nəticədə onların cəmiyyətin ən pozğun və əxlaqsız üzvlərinin təsiri altına düşməsinə gətirib çıxarır.

 

8. İçkiyə aludə valideynlərin uşaqları öz vəziyyətlərinə görə daxili əzab keçirir, özlərini alçaldılmış kimi hiss edir, öz yaşıdları qarşısında xəcalət hissi keçirirlər.

 

9. Alkoqollu içkilərin şəxsən uşaqların özlərinə olan mənfi təsirini görməkdən ötrü alimlər tərəfindən araşdırılıb ortaya çıxarılmış bəzi rəqəmlərin üzərində dayanaq:

    “A” qurupu: Heç vaxt alkoqol qəbul etməyənlər

    42 % - yüksək əqli qabiliyyət nümayiş etdirirlər;
   49 % - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
   9 % - pis qabiliyyət nümayiş etdirirlər.

    “B” qrupu: Ara-sıra alkoqol qəbul edənlər

    34% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
   56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
   10% - pis qabiliyyət nümayiş etdirirlər.

    “C” qrupu: Müntəzəm alkoqol qəbul edənlər

    27% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
   56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
   15% - pis qabiliyyət nümayiş etdirirlər.

Bu qrupların müqayisəsi aydın göstərir ki, alkoqolun hətta az bir maqdarda müntəzəm qəbulu, əqli qabiliyyətə mənfi təsir göstərir, onu xeyli dərəcədə zəiflədir. Məktəblilər çətinliklə məktəb proqramını mənimsəyir, aşağı qiymət göstəricilərinə malik olurlar. Əgər heç vaxt alkoqol qəbul etməyənlər qrupunda uşaqların 42%-i yüksək əqli qabiliyyət nümayiş etdirirsə, müntəzəm alkoqol qəbul edənlər qurupunda onların göstəricisi 27 %-ə kimi aşağı enir.

    

10. Müntəzəm alkoqol qəbul edən 515 oğlanın və 554 qızın fiziki inkişafının tədqiqi göstərdi ki, yalnız 65 oğlan və 87 qız yaxşı göstəricilərə malikdir. Qalan 450 oğlan və 467 qızda zəif fiziki inkişaf qeydə alınmışdır.

    

11. Bəzi valideynlər hesab edir ki, yüngül alkoqollu içkilər bədəni gücləndirdiyinə görə guya hətta sağlamlığa xeyirlidir. Onlar günahsız uşaqların təbii meylinə qarşı çıxaraq, onları şərab və pivəyə qonaq edirlər. Artıq deyildiyi kimi, alkoqol - mərkəzi sinir sisteminə təsir göstərən narkotik zəhərdir və bunun insan orqanizminə daxil edilməsi onun xəstəliklərə qarşı müqavimətini zəiflədir, müxtəlif bağırsaq, ürək, böyrək, qara və ağ ciyər xəstəliklərini törədir. Hələ fiziki və psixiki yetkinliyə çatmamış uşaqlarda bundan ilk növbədə psixika əziyyət çəkir. Alkoqol Allahın onlara verdiyi istedadları tədricən öldürür, onlar hirsli, kobud, zəif iradəli insanlara çevrilirlər; lakin ən vacibi odur ki, onların əqli o dərəcədə zəifləyir ki, onlar çox vaxt yelbeyin kimi görünürlər.

    

Beləliklə, alkoqollu içkilərə aludəçilik sosial, mənəvi, fiziki və əqli inkişafa çox zərərli təsir göstərir. Alkoqol tezliklə cəmiyyətə xidmət sahəsində öz atalarını və analarını əvəz edəcək uşaqlarımızın varlığını təhlükə altına alır. Uşaqlarının üstündə əsən, onları sağlam, çalışqan, ağıllı böyütmək istəyən valideynlərin özləri alkoqoldan tamamilə imtina etməli, həmçinin böyüməkdə olan nəsldə daim sərxoşluğa və ümumiyyətlə alkoqollu içkilərin qəbuluna qarşı ən mənfi münasibət tərbiyə etməlidirlər. Ümidverən gənclərimiz, şübhəsiz ki, bu iyrənc vərdişdən vaz keçməyin zəruriliyi ilə bağlı bizimlə razılaşacaqlar.

 

Kino və Televiziya

 

    ....ismətli və müqəddəs həyat, yəni təvazökarlıq, paklıq, nəfsini saxlaya bilmə və düşüncənin aydınlığı, həm də hər bir məsələdə, geyimdə, danışıqda, əyləncədə, həmçinin incəsənət və ədəbiyyatda mötədilliyi gözləməyi tələb edir.

    

Heç bir ixtira çapçılıq işi yaranandan bəri, biliklərin yayılmasında kinematoqraf və televiziya kimi rol oynamamışdır. Dünyanın ən uzaq və qapalı ərazilərinə biliklərin çatdırılmasında onlardan səmərəli vasitə yoxdur. Çəkiliş və “hərəkət edən şəkillər”in proyeksiyası üçün 1895-ci ildə ilk kinoaparatı ixtira etmiş Lümer qardaşlarının adı, şübhəsiz ki, ehtiramla yad edilməlidir. Bir çox ölkələrdə müəllimlər tarixi hadisələri, elmi problemləri və sosial məsələləri izah etməkdən ötrü tədris prosesində tele -, kino – və videofilmlərdən geniş istifadə edirlər.

     

Müxtəlif ölkələrdə uşaqlar üçün kinofilmlərin cəzbedicilik dərəcəsini göstərən bəzi statistik göstəriciləri nəzərdən keçirək.

    

İngiltərədə, Liverpulda hər gün kinoteatrlara 13000 şagird, Nyu-Yorkda isə 10000 şagird baş çəkir; Şotlandiyada, Edinburqda hər şagird həftədə iki dəfə, Almaniyanın bəzi şəhərlərində şagirdlərin 75%-i ildə 20 dəfədən az olmayaraq kinoteatra gedir.

    

Bizim uşaqlar mədəniyyətin yeni forması olan televiziyanın mövcudluğu şəraitində dünyaya gəlmiş və böyümüşlər. Televiziya onların həyatının ayrılmaz hissəsinə çevrilmiş, ekran qarşısında keçən vaxtların sayı isə əhəmiyyətli dərəcədə artmışdır. Valideynlər üçün televizordan dayə kimi istifadə etmək kimi şirnikləndirici şeydən imtina etmək bəzən çətin olur. Uşaqlar üçün televiziya az qala ən böyük aludəyə çevrilmişdir.

    

Uşaqların televiziya ekranı qarşısında uzun müddət vaxt keçirmələri bəzən bu və ya digər verilişə olan maraqdan  deyil, yoldaşlarının izlədiyi proqramları nəzərdən qaçırmamaq həvəsindən də irəli gəlir.

    

Şübhəsiz, kino və televiziya dünyagörüşün genişlənməsində əhəmiyyətli rol oynayır. Onun uşaqlara tərbiyələndirici təsiri də böyükdür. Onların köməkliyi ilə dərk etmə prosesi sürətlənir. Lakin film seçimində uşaqlar başlı-başına buraxılanda, onlar asanlıqla mötədillik həddini aşır və bu zaman kino- və tele filmlər təhsil vermək, dünyagörüşünü genişləndirmək əvəzinə, onlara yalnız ziyan gətirir. Bir çox tədqiqatçılar və tərbiyəçilər əxlaqi baxımdan zərərli olan filmlərə baxmağın “əhəmiyyətini” və onların uşaqları mütaliə və məktəb dərslərindən ayırdığını valideynlərə xəbərdarlıq edirlər.

    

Kino və televiziya uşaqların inkişafına necə təsir göstərir? Aşağıda verilmiş nəticələr kinonun uşaqlara təsirini öyrənən tədqiqat işlərinin ümumiləşdirilmələri əsasındadır. Onların bir çoxu televiziyaya münasibətdə də tətbiq edilə bilər.

1. Uşaqlar kinoya çox zaman tək və ya yoldaşları ilə gedirlər. Ona görə də filmləri  onlar öz zövqlərinə uyğun olaraq seçirlər. Əgər valideynlər uşaqların baxdığı filmlərin mövzularına nəzarət etmirsə, onda uşaqlar ya bütün filmlərə fərq qoymadan bir-birinin ardınca baxır, ya da onların ruhani və mənəvi inkişafına ziyanlı olan filmləri seçirlər.

 

Doktor Lanqerberq 1145 uşaq arasında sorğu keçirərək aşağıdakıları müəyyən etmişdir: 653 uşaq - kinoya tək gedir; 265 uşaq - kinoya dostları ilə; 190 uşaq- qardaşı ilə, 14 uşaq - bacısı ilə, 10 uşaq  - atası ilə; yalnız 1 uşaq -  kinoya anası ilə gedir. Beləliklə, soruşulanlar arasında yalnız 23 nəfəri böyüklərdən biri ilə kinoya gedir.

    

2. Nəzarətsiz qalmış uşaqlar saatlarla kinoteatrlarda vaxt keçirir, çox vaxt eyni filmə bir neçə dəfə baxırlar. Uzun müddət boğanaq yerdə oturmaq, əlbəttə, uşaqların sağlamlığına zərərlidir. Bir sinifdə oxuyan 43 şagirdin tədqiqi göstərir ki, əksər uşaqlar kinoteatrlarda gündə dörd və daha çox saat vaxt keçirirlər: 3 şagird – 1 saat; 2 şagird – 1,5 saat; 2 şagird – 2 saat; 6 şagird – 2,5 saat; 4 şagird – 3 saat; 3 şagird – 3,5 saat; 9 şagird - 4 saat; 2 şagird – 4,5 saat; 7 şagird – 5,5 saat; 1 şagird – 7 saat və 1 şagird - 8 saat.

    

3. Uşaqlar döyüşkən, detektiv, cəsuslardan, oğrulardan, cəngavərlərdən və s. bəhs edən filmlərə baxmağa üstünlük verirlər. Uşaqlar arasında bilik artıran, psixoloji, mənəviyyat mövzusunda filmlərə baxanların sayı çox aşağıdır. Uşaqlara böyüklər tərəfindən film seçimində yardım olmayanda, nə baş verdiyini öyrənən doktor Sternbüber aşağıdakı nəticələrə gəlmişdir:

a) əyləndirici filmlər uşaqları həyatı səthi qavramaya öyrədir; onları passiv və intellektual baxımdan tənbəl edir;

    

b) başqalarının davranış və hərəkətlərinin təsirinə güclü məruz qaldığına görə uşaqların şəxsi enerjisi və yaradıcı qüvvəsi zəifləyir;

    

c) cəlbedici və əyləndirici planda olan verilişlərə baxarkən, uşaqlar mümkün qədər az zehni qüvvə sərf edirlər. Bu da onların dərk etmək səviyyəsini aşağı salır, qavramanın kəskinliyini və məntiqi təfəkkür qabiliyyətini azaldır;

    

ç) onların xasiyyətində tədricən yalan və niyyətini gizli saxlamaq üstün gəlməyə başlayır, uşaq mənasız vaxt keçirmək vərdişi əldə edir;

    

d) mənəvi səviyyəsi aşağı olan filmlər uşağın mənəvi təməlini dağıdır, onu təcavüzkarlığa öyrədir, onu mənəviyyatsız hərəkətlərə təhrik edir;

    

e) bu cür filmlər uşağın sağlamlığına mənfi təsir göstərir; görmə qabiliyyətini aşağı salır, sinir sistemini zəiflədir, müxtəlif cür boğaz-burun xəstəliklərinə həssaslığını artırır.

    

Bir çox tədqiqatçılar hesab edir ki, aşağı keyfiyyətli filmlər mənəviyyatsızlığı şəxsiyyətin qanuni davranışı kimi təqdim etdiklərinə görə ictimai və sosial şərin daşıyıcılarıdır. Bu səbəbdən emosiyaların hələ əqlə üstün gəldiyi, ruhani əsasları çox da möhkəm olmayan, əxlaqi davranışları isə vəziyyətdən asılı olaraq dəyişən uşaqlar və yeniyetmələr çox vaxt filmdəki mənfi obrazlarda öz qəhrəmanlarını tapırlar. “Qəhrəman”ın hərəkətləri seyrçiləri hər dəfə heyrətə gətirib, həyəcanlandırdığı üçün yeniyetmələrdə ona qarşı rəğbət hissini gücləndirir. Onlar öz qəhrəmanlarına bənzəməyə çalışırlar.

    

Məlumdur ki, parnokino məhsulları uşağı ruhani kamilliklər və insani xeyirxahlıqlar yolundan sapdırmaq və qanunu pozma, zorakılıq  və qanunlara tabe olmamaq yoluna itələməklə gözə çarpan dərəcədə ziyan vurur. Tanınmış tədqiqatçı Plas kinematoqrafın uşaqların inkişafına təsirindən bəhs edən özünün məşhur əsərində göstərir ki, genital seksuallığın artıq özünü göstərməyə başladığı cinsi yetişkənlik yaşına çatmış yeniyetmələr tez-tez erotik və parnoqrafik filmlərə baxmaqla, asanlıqla pozğunluq bataqlığında bata bilərlər. Sirr deyil ki, parnobiznes qarşısına müyyən sort insanların heyvani instinktlərini təmin etmək hesabına pul qazanmaq məqsədini qoymuşdur. Nəticə etibarı ilə bu cür filmlər yeniyetmələrin şəxsiyyətinin deformasiyasına gətirib çıxarır.

    

Ona görə də, valideynlər və müəllimlər məsuliyyətli olmalı, uşaqların hansı filmlərə baxdığını diqqətlə izləməli, yeniyetmələr üçün filmlərin seçilməsinə rəhbərlik etməlidirlər. Bundan başqa, uşaq filmlərinin istehsalı zamanı müxtəlif yaş qruplarına differensial yanaşma da zəruridir. Hökumət valideynlərə qoyduğu qaydalara əməl edilməsinin vacibliyini izah etməli və bu prinsiplər uşaqların baxdığı həmin televiziya proqramlarına da tətbiq edilməlidir.

    

Əlbəttə, uşaqlar filmlərə baxmaq ləzzətindən tamamilə məhrum edilə bilməzlər. Bu hər halda faydalı ixtiradır. Lakin valideynlər uşaqları filmlərlə bağlı riskdən qorumalıdırlar. Valideynlər aşağıdakılara xüsusi diqqət yetirməlidirlər:

1. Uşağı kinoya aparmamışdan əvvəl, filmdəki səhnələr haqqında məlumat əldə etməyə çalışın. Mümkün olarsa, həmin filmə əvvəlcə özünüz tək baxın. Yalnız onu ziyansız  hesab etdiyiniz halda uşağı həmin filmə baxmağa aparın. Filmi qiymətləndirərkən, unutmayın ki, valideyn zövqü – nümunə deyildir və sizin üçün ziyansız olan film, yuxarıda qeyd edilən səbəblərə görə uşağınız üçün tamamilə yararsız ola bilər.

    

2. Mötədilliyi gözləyin. Əgər böyüklər dalbadal bütün filmlərə baxmırsa, bunu uşaqlar da etməyəcək. Güman etmirəm ki,  hər sərbəst vaxtı televizorun ekranı qarşısında və ya kinoya getməklə keçirməyə ehtiyac vardır.

    

3. Kiçik yaşlı uşaqları özünüzlə kinoya aparmayın. Filmin sujeti, hadisələr, personajlar onlara aydın olmayacaq, çünki onların dərk etmək qabiliyyəti kifayət qədər inkişaf etməmişdir. Kinoteatrın havasız zalları uşaqları yoracaq və onlar heç bir zövq almayacaqlar. İstirahət üçün ayrılmış vaxt əbəs yerə itirilmiş olacaq.

    

4. Bilet alarkən və kinoteatrda yer seçərkən, uşağın görmə qabiliyyətini nəzərə alın. Uzağı görməyən uşaqlar səhnəyə uzaqdan yaxşı görən uşaqlara nisbətən yaxın oturdulmalıdırlar ki, gözləri yorulmasın.

    

5. İmkan daxilində, böyüklərin müşayəti olmadan uşaqları tək kinoya göndərməyin.

    

6. Uşaqlarınızın saatlarla kinoteatrda oturub, eyni filmə dəfələrlə baxmalarına icazə verməyin. Televerilişlərin və kinofilmlərin izlənməsi məhdudlaşdırılmalıdır, belə ki, vaxtın bu formada keçirilməsi, uşağı sağlam hərəkətli istiharətdən ayırır.

    

7. Uşaqlarınızı təşviq edin ki, onlar idraki, tarixi, elmi-populyar filmlərə baxsınlar. Bu onlara dünyagörüşlərini və təcrübənin sərhədlərini genişləndirməyə, bir çox həyatı vəziyyətlərlə tanış olmağa imkan verəcəkdir.

    

Yaxşını pisdən ayırmağı bacaran, kiminsə “bu belədir” və ya “bu belə deyil” məsləhətinə ehtiyac duymayan yeniyetmələrə gəldikdə isə, narkotik maddələrdən və alkoqollu içkilərdən özlərini qoruduqları kimi, onlar qəti şəkildə və tam dərk etmə ilə onların xarakterinə, mənəviyyat və psixoloji statusuna ziyan gətirən filmlərə və televerilişlərə baxmaqdan da özlərini çəkindirməlidirlər. 

    

Burada danışdıqlarımız olduqca əhəmiyyətlidir və əgər bu məsləhətlər praktikada öz tətbiqini taparsa, onlar uşaqların inkişafına müsbət təsir göstərəcəkdir.

Kitablar

 

Onlara yüksək məqsədlər və ideallar verməkdən ötrü böyük qayğı və səbr göstərin. Müəyyən yaşa çatanda, onlar, yanar şam kimi dünyaya işıq səpəcəklər və özlərini şəhvət və ehtiraslarla ləkələyə bilməyəcəklər. Onlar öz ürəklərini əbədi şərəfə və bütün insani fəzilətlərin əldə edilməsinə tərəf çevirəcəklər.

Nadir hallarda valideynlər uşaqların əlinə keçən çap məhsullarının keyfiyyətinə diqqət yetirirlər. Uşaqlara  kitab və jurnal seçimində, adətən, tam azadlıq verilir. Çünki uşaq üçün mütaliənin əhəmiyyəti çox vaxt valideynlər tərəfindən qəbul edilmir və onları uşaqların nə oxuduğu, necə seçim etmələri narahat etmir. Beləliklə, bir tərəfdən valideynlərin biganəliyi səbəbindən, digər tərəfdən dostların təsiri, həmçinin uşqların hər şeyi bilmək və infantil meylliyindən irəli gələrək, onlar əllərinə düşən hər bir şeyi, yaxşı və ya pisə fərq qoymadan oxuyurlar.

Bu cür azadlığın mənfi nəticələri hər ata və anaya yaxşı bəllidir. Uşağın iştahasızlığı istənilən ata və anada böyük narahatçılıq yaradır. Bu səbəbdən valideynlər uşağın qida rejimini gözləməyə çalışır, onlarda keyfiyyətsiz qidadan mədə pozluğunun yaranmaması qayğısına qalırlar. Onlar eynilə, bəlkə də bir qədər çox, öz uşaqlarının maraqlarının inkişafı qayğısına qalmalıdırlar. Valideynlər diqqətlə nəzarət etməlidirlər ki, uşaqlara həyat yolunda ziyanlı kitablar rast gəlməsin və onlarda “ruhani həzm olunmama” baş verməsin. Əgər zəhər uşağın əqlinə çatarsa, onun ruha zərərli təsiri pis qidanın bədənə təsirindən daha güclü olar.

Qəzet və jurnallar evə müntəzəm şəkildə gətirilir və ailənin böyük üzvləri onları oxuyur. Böyüklər evin bir guşəsinə çəkilib mütaliə ilə məşğul olduğu zaman, uşaqlar da onları götürür, oxuyur və nəzərdən keçirirlər. Təəssüflər olsun ki, mətbuatda tez-tez çap olunan müxtəlif növ seksual tarixçələr və qalmaqallar hissiyat, zövq və davranış mədəniyyətinin formalaşmasına kömək etmir. Əgər uşaqlara maneəsiz olaraq bu cür mənəvi tələblərə zidd olan ədəbiyyatı oxumağa icazə verilərsə, onlar tədricən, əsəb və psixi xəstəliklərin qənimətinə çevriləcəklər.

İndi mən uşaqların erotik ədəbiyyatı oxumasının bəzi zərərli nəticələrinin qısa təsvirini vermək, sonra isə uşaqları bu cür ədəbiyyatdan uzaqlaşdırmağın mütəxəssislər tərəfindən təklif olunan metodlarından danışmaq istəyirəm.

1. Məhəbbət mövzusunda ədəbiyyata maraq ona gətirib çıxarır ki, yeniyetmələr həqiqi dəyəri olan kitabları nəzərdən qaçırırlar. Məhəbbət mövzusunda yazılmış ədəbiyyat cəlbedici və xəyali bir stildə yazıldığından yeniyetmələr, təbii ki, böyük həvəslə onları oxuyurlar. Nəticədə biliklərin əldə edilməsindən və şəxsiyyətin zənginləşdirilməsindən ötrü gərəkli olan vaxt hədər yerə itirilir. Bu cür uşaqları yol çantası qızıl pulların ağırlığından cırılmış ehtiyatsız səyyaha bənzətmək olar: pullar yerə tökülür, səyyah  isə bunu yalnız çantada qızıl pul tamamilə qurtarandan sonra aşkar edir.

 

2. Məhəbbət və romantik əhvalatlar bir müddət yeniyetmələri gerçək dünyadan, onun problem və tələblərindən uzaqlaşdırır, onların ruh quşlarının uzun müddət fantaziya və xəyal fəzasında uçmasına imkan verir. Lakin dərin şirin yuxu gerçəklikdən son dərəcə fərqlənir. Bu cür ədəbiyyat, çətənə və ya tiryək şirəsi tək düşüncəni zəhərləyir, ətraf gerçəkliyi adekvat qavrama qabiliyyətinə dağıdıcı təsir göstərir və bu qeyri-reallığa enerji sərf edərək real həyatı hadisələrdən bu qədər uzaq təxəyyül dünyasına səyahətə qeyri-normal meyl törədir.

 

Yeniyetmə məktəbə dərsliklərlə birgə “Novellalar” adlı kitab da götürür. Müəllimi dinləmək əvəzinə, partanın altında gizlətdiyi kitabı gizlincə oxumağa başlayır. O, təxəyyülünün tam gücü ilə təsvir edilən hadisənin cəlbedici dünyasına qərq olur ki, bununla da dərrakəsini bu erotik özünəməxsus narkotik substansiyanın köməkliyi ilə kütləşdirir. Evə qayıtdıqdan sonra, ev tapşırıqlarını etmək əvəzinə çarpayıya uzanıb, mütaliəsini davam etdirir. Aldadıcı hadisələr uşağın təxəyyülünə o dərəcədə güclü təsir göstərir ki,  onun ətraf həyatın real hadisələri haqqında təsəvvürü tamam dəyişir və o, dünyaya çəhrayı eynəklə baxan və onu təhrif olunmuş şəkildə görən insana çevrilir. Anası ev işlərində ona kömək etməyi xahiş edəndə, onu “şirin yuxudan” oyatdığına görə narahat olur. Uşaq bu xahişi ya qulaq ardına vurur, ya da buludlar üzərindən yerə enərək, onları əsəbi halda yerinə yetirməyə başlayır.

Əgər yeniyetmələrin erotik hekayə və romanlar oxumağının bütün zərərli nəticələri sadalansaydı, bundan ötrü uzun vaxt sərf olunardı. Şərhin müxtəsərliyi naminə burada dayanaq və bu cür ədəbiyyatın oxunmasının zərərli təsirinin qarşısını almaqdan ötrü bəzi metodları araşdıraq.

1. Analar və atalar daim uşaqların oxuduğu kitablara nəzarət etməli, onlara kitab seçimində yardımçı olmalıdırlar. Bununla belə, əgər uşağın əlinə ədəbsiz kitab keçərsə, valideynlər bu cür kitabları oxumağın nə səbəbdən pis olmasını uşağa izah etməlidirlər. Valideynlər uşaqlarını elə tərbiyə etməlidirlər ki, həmişə onlarla, xüsusən də anaları ilə, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq bütün məsələlərdə, o cümlədən kitab seçimi məsələsində məsləhətləşsinlər, onların öyüd-nəsihətlərinə qulaq assınlar.

2. Son dərəcə nəzakətlə, ehtiyat və xeyirxahlıqla valideynlər uşağa kitabxanada kitab seçəndə, qəzet və jurnal alanda valideynlə məsləhətləşmənin zəruri olduğunu anlatmalıdırlar. Uşaq valideynləri ilə məsləhətləşdikdən və onların fikirini öyrəndikdən sonra, əgər onlar razılıq verərsə, bu kitabı oxumalıdır. Əgər valideynlər razılıq vermirsə, uşaq o kitabı oxumaqdan vaz keçməlidir.

 

Yəqin ki, apteklərdə üzərində böyük hərflərlə “zəhər” sözü yazılmış kəllə və sümüklərdən ibarət şəkli görmüsünüz. Əczaçı həmişə zəhərli maddələri başqa dərmanlardan ayırır ki, səhvən onu alıcılara verməsin. Uşaqlar üçün yaramayan kitab və jurnallara da eyni cür yanaşılarsa, onlar “zəhər” işarəsini görəcək və bu ziyanlı şeydən uzaq duracaqlar.

2
3
4
5
6
7
8
bottom of page