top of page

İntellektin İnkişafı

Ey Bəha əhli! Sənətlərin, elm və incəsənətin mənbəyi düşüncə qabiliyyətidir. Hər bir səy göstərin ki, bu ideal mədəndən elə hikmət və bəyan gövhərləri bərq vurub çıxsın ki, bütün yer üzü övladlarının rifahını və harmoniyasını irəlilətsin. 

    

Qoy onlar qısa zamanda böyük tərəqqi etsinlər, gözlərini geniş açsınlar, bütün şeylərin daxili mahiyyətini kəşf etsinlər, hər bir sənət və bacarıqda mahir olsunlar, bütün şeylərin sirrini olduğu kimi dərk etməyi öyrənsinlər, - bu qabiliyyət Müqəddəs Astanaya bəndəliyin ən aşkar təsirlərindən biridir.

    

İnsan fiziki qüvvəyə və intellektual qabiliyyətlərə sahibdir. Beş hissiyyat orqanı maddi dünyadakı cisimlərin xassələrini əks etdirir. Bu zaman insanın intellektual qabiliyyətləri həqiqətin qavranılmasına, real həyatın dərkinə cavabdehdir. Bu iki tip qabiliyyətlərin birləşməsi bəşəriyyətə maddi və ruhani mədəniyyətlərin ən yüksək zirvəsinə çatmağa imkan verir.

   

Ruhun intellektual qabiliyyətlərini beş tipə bölmək mümkündür.

1. Ümumi qabiliyyətlər - beş fiziki hissiyyatlarla ruhun qabiliyyətləri arasında aralıq mövqedə durur; bu fiziki duyğunun və ya qavrayışın təfəkkürə keçdiyi həmin sahədir.

 

2. Təxəyyülün gücü - təxəyyüldə müxtəlif predmetləri, obraz və vəziyyətləri ifadə etmək və yaratmaq qabiliyyətidir.

3. Düşüncənin gücü -  real predmetləri, xarici aləmdəki hadisələri əks etdirir.

4. Dərketmənin gücü – predmet və hadisələrin mahiyyətini dərk etməyə imkan verir.

 

5. Yaddaşın gücü – insanın təsəvvür etdiklərini, haqqında düşündüklərini və dərk etdiklərini saxlayır və mühafizə edir.

    

Şəxsiyyətin idrak prosesi – psixoloji biliklərin ən mürəkkəb və sirli sahələrindən biridir. Mütəxəssislər tərəfindən bu sahədə yüzlərlə kitab və məqalələr yazılmışdır. Bu mənbələrdə onlar qabiliyyətlərin inkişafının necə getdiyini izah etməyə cəhd edirlər. Lakin elmdə təcrübəsi olmayan adamlar üçün orada yazılanları dərk etmək olduqca çətindir. Bununla belə ataların və anaların bu problemə marağı böyükdür. Bu kitabın müəllifi predmeti dərk etmə səviyyəsinə və biliyinə uyğun olaraq insan qabiliyyətlərinin inkişafı və formalaşması probleminin bəzi cəhətləri üzərində qısa da olsa dayanmağa cəhd etmişdir. Lakin müəllifin arzusu odur ki, oxucular bu səthi oxunuş ilə kifayətlənməsinlər, bu məsələ haqqında özləri düşünsünlər.

Qavrama  və Tanıma

Allaha inamın sarsılmaz dayaqları olan müəyyən əsaslar mövcuddur. Onlardan biri öyrənmə və əql, şüurun inkişafı, həmçinin universiumu və Qüdrətli Allahın gizli sirlərini dərk etmə gücünü inkişaf etdirməkdir.

    

Bir çox alimlər müəyyən ediblər ki, qavrama və tanıma insan şüurunun təbii xassəsidir və dərk etmə, təsəvvür, təfəkkür onlara əsaslanır. 

    

Qavrama ilə duyğu arasında fərq vardır.  Duyma prosesində maddi dünyanın predmet və hadisələri bilavasitə, vasitəçi olmadan sinir sistemindən cavab “hasil edir”: məsələn, insan isti, soyuq, aclıq, susuzluq və s. hiss edir. Bu zaman onun daxili “mən”i sanki passivdir. Lakin insan bir predmeti digərindən ayırmaq istəyəndə və ya ayrı-ayrı duyğuları nizamlamaq və birləşdirmək istəyəndə, dərhal onun əqli qabiliyyətləri işə düşür. Burada insan şüurunun gücü və fəallığı özünü göstərir. Qavrama və tanıma hadisəsində əsas rol fərqləndirmə və  təyin etməyə məxsusdur. Kimsə deyəndə ki, “mən bu kitabı tanıyıram” və ya “mən bu adamla tanışam”, bu o deməkdir ki, o həmin kitabı başqa kitablardan və ya həmin adamı başqa adamlardan fərqləndirmək qabiliyyətinə malikdir.

    

Əqli fəallıq özünü təkcə maddi dünyaya münasibətdə deyil, mücərrəd, qeyri-maddi dünyaya münasibətdə də göstərir: insan şüuru ideyaları da bir-birindən ayırmaq qabiliyyətindədir. 

    

Digər tərəfdən, əqli fəallıq, əqli qabiliyyətlər predmetlərin ümumi xassəsini təyin etməyə və onları təsnifləşdirməyə, qavranılmış predmetləri müəyyən qrupa və ya sinifə daxil etməyə kömək edir. Məhz bu yol kateqoriyaların formalaşmasına doğru aparır və insan fəaliyyətinin elm kimi əhəmiyyətli sahəsini inkişaf etdirməyə imkan verir. Məsələn, insan bir cisim görür və özlüyündə soruşur: “Bu nə predmetdir?” və həmin an o, həmin predmetin başqa predmetlərlə əlaqə və qarşılıqlı təsirini təsəvvürünə gətirir. Sonra belə bir nəticəyə gəlir ki, “yeni” predmet “ağac” adlanan predmetlər kateqoriyasına aiddir, çünki hər cəhətdən onlara oxşayır. İnsan qavradığı predmeti müəyyən qrupa aid etdikdən sonra, o, fikrində ona ad qoyur.

    

Qavrama və tanıma prosesi, beləliklə, aşağıdakılardan ibarətdir: bir tərəfdən bu müxtəlif predmetlər arasında əlaqələrin dərk edilməsi, onları qruplaşdırılması və kateqoriyalara ayırması; digər tərəfdən isə predmetlərin müxtəlif xassə və keyfiyyətlərinin dərk edilməsidir. Daha dəqiq ifadə etsək,  insan predmetin başqa predmetlərlə eyniliyini və ya fərqini müəyyən edərək, həmin an əminliklə deyə bilir ki, “bu predmet – kitabdır”, “bu – mürəkkəbdir”, “bu qələmdir, bu isə vərəqdir”.

    

Təbiətən güclü əql, əgər o üstəlik intizamlı və təlim prosesində kifayət qədər inkişaf etmişsə, naməlum hadisələri və səbəbləri dərk etmək, müxtəlif elmlərin sirlərini açmaq qabiliyyətindədir. Dünyaya dahi insan formasında təzahür edən geniş bilikli və kamil şüur, predmetlər arasında mövcud olan gizli əlaqələri təyin etmək qabiliyyətindədir, hansı ki, bunu etmək normal intellektə sahib insanların imkanı xaricindədir.

Yaddaş

Bütün xeyir-dualar öz mahiyyətinə görə ilahidəndir, lakin heç nə əbədi bəxşiş və qeyi-məhdud həzzlərin mənbəyi olan əqli axtarışın gücü ilə müqayisə oluna bilməz... O əbədi xeyir-dua və ilahi bəxşiş, Allahın insana ən böyük hədiyyəsidir. Ona görə də siz erkən yaşlarından elm və incəsənəti öyrənməkdən ötrü səy göstərməlisiniz. Sizin dərin bilikləriniz, sizin yüksək qabiliyyətiniz – ilahi iradənin nəticəsidir.

    

Elmin inkişafında əldə olunan görkəmli nailiyyətlər xeyli dərəcədə yaddışın bizim həyatımızda oynadığı rola və bizim əqli fəaliyyətimizin bütün cəhətlərinə göstərdiyi təsirə borcludur. Xarici aləmin insanın ruhuna qoyduğu izdən, qavrama vasitəsilə çıxardığı nəticədən və ətraf mühitin ona təsirindən asılı olmayaraq, hamısı keçmiş təcrübənin mühafizəsinin gücü qarşısında geri çəkilir. İnsan öz qabiliyyətlərini inkişaf etdirməyəndə, onun əqli fəallığı və intellekti səmərəsiz olur və o, heç nə qavraya və dərk edə bilmir.

    

Bir an təsəvvür edək ki, yaddaşımızı itirmişik. Qarşımıza çıxmış insanın sifətini yadda saxlaya bilmirik və həmin adama ikinci dəfə rast gələndə onu tanımırıq. Başqa sözlə ifadə etsək, əgər bizim yaddaşımız olmasaydı, keçmişdə gördüyümüz və müşahidə etdiyimizin indi bizim üçün heç bir əhəmiyyəti olmazdı və biz yalnız indikini qavramış olardıq, sinir sistemimizin  artıq tanış duyğulara və təssüratlara reaksiyası isə məhdud olardı. Yaddaşından məhrum olmuş insan musiqi təranələrini yadda saxlaya bilmir, musiqi kəsilən kimi onu tez də unudur.

    

Yadda saxlamaq qabiliyyəti olmasaydı heç bir xarici təsir insan beynində öz izini qoymaz və stimul yaradan maddi əşyalar tezliklə itər, bununla da insan gördüyü və eşitdiklərini yenidən yarada və ya bərpa edə bilməzdi. Belə halda real predmetlər arasında qarşılıqlı əlaqə açılmamış qalar, insan heç nə öyrənə bilməz və öz köməksizliyini və təbiətin sirlərini aşmaq qabiliyyətində olmadığını aşkar edərdi.

    

Məhz bu səbəbdən psixoloqlar yaddaşın öyrənilməsinə böyük diqqət ayırır və onun inkişaf etdirilməsindən ötrü tövsiyələr verirlər.

Yaddaşın İşləmə Mexanizmi

Yaddaş - yadda saxlamaq, keçmiş təcrübələrin təəssüratını mühafizə etmək, yenidən canlandırmaq və onlar arasında fərqi aşkar etmək qabiliyyətinə mailkdir. Keçmişdə olanların yaddaşda təzələnməsi təkcə təsəvvürlər və düşüncələrlə əlaqədar deyildir, həm də insanı hazırkı anda həyəcanlandıran, narahat edən şeylərdən də asılıdır. Beynimizin nəyi qavramasından və bizim nə haqda düşünməyimizdən asılı olmayaraq, hamısı yaddaşda qorunur və lazımı zamanda yenidən təsəvvürə gətirilir.

    

Yaddaşın iki cəhəti vardır: şəxsi və ümumi. Yaddaşın birinci növü fərdi təcrübəni toplayır, hər bir insanın şəxsi tarixçəsini, vacib və ikinci dərəcəli olmasından asılı olmayaraq gündəlik hadisələri yazır, keçmişin hər anı haqqında bilik verir. İkinci növ – ümumi yaddaş insanı ətraf mühitlə bağlayır, öz mənliyini və xarakterindəki cizgiləri dərk etməkdə, ətrafdakı müxtəlif insanlar və hadisələrlə tanış olmaqda kömək edir. Yaddaş, beləliklə, konkret insanla onu əhatə edən dünyanı birləşdirən bağlayıcı həlqə kimi çıxış edir. O, cəmiyyəti dağılmağa qoymayan bağlayıcı həlqə, keçmiş, hazırki və gələcək arasında əlaqədir.

    

Yaddaş proseslərinə aşağıdakılar aid edilir:

A.    Yadda saxlama.

B.    Xatırlama.

C.    Yaddaşda saxlanılan materialın tanınması (müəyyən edilməsi).

D.    Zaman ardıcıllığı.

 

Qavranılmış hər şey yaddaşda qalır və qorunur, lazımi anda isə təsəvvürə gətirilir. Yaddaşda bağlanmış hər bir surət və predmet bir-birindən ayrılmış vəziyyətdə, bu və ya digər təəssüratın qeydə alındığı zaman isə dəqiq göstərilmiş halda olur.

 

Beləliklə, yaddaş – yazır və qoruyur. O, dörd funksiyanı yerinə yetirir. Onlar haqqında qısa məlumat verək.

A.    Yadda Saxlama

Yadda saxlama prosesini anlamaq  olduqca çətindir və onu nəzərdən keçirməkdən ötrü psixoloqlar analogiyalardan istifadə etmək məcburiyyətindədirlər. Bəziləri onu informasiyanın saxlandığı arxivə bənzədir, digərləri onu üzərində müxtəlif işarələrin çəkildiyi qumla müqayisə edir. Bəziləri isə onun fotoplastinka üzərində izlər qoyan fotoaparatla oxşarlığının olduğunu söyləyirlər. Psixoloqların bir hissəsi yadda saxlama qabiliyyətinin informasiyanın maqnitofon lentinə yazılmasına və lazımi anda yenidən oxudulmasına oxşadığına diqqət yetirirlər.

Həmçinin belə bir fikir də mövcuddur ki, bizim daxili “mən”ə təsir göstərən bütün hərəkətlər, reaksiyalar və duyğular yaddaşda öz izini qoyur. Beləliklə, təəssüratın yadda saxlanması və qorunması insan şüurunun əsas xassələrindən biridir. İnformasiyanın yaddaşda iz buraxması və qorunması müəyyən şəraitlərdə baş verir. 

Yadda saxlamanın müvəffəqiyyəti, yaddaşa qəbul olunanın qorunması insanın cəmləşməyindən, onun diqqətindən asılıdır. Bu prosesin normal getməsindən ötrü insan öz fiziki sağlamlığına diqqət yetirməli, sağlamlığa zərər vuran vərdişlərdən uzaq durmalıdır. Çünki sağlamlığın yaddaşın funksional fəaliyyətinə bilavasitə təsiri vardır və xəstəliklərdən əziyyət çəkən insan, təbii ki, güclü yaddaşa malik ola bilməz. Yaddaşını möhkəmləndirmək istəyən şəxs öz sağlamlığını möhkəmləndirməkdən ötrü müəyyən addımlar atmalıdır: alkoqollu içkilərdən və siqaretdən imtina etməli, təmiz havada çox vaxt keçirməli, yuxu rejimini gözləməli, həddindən artıq yemədən və pis ehtiraslardan özünü gözləməlidir.

Yadda saxlama prosesinə və informasiyanın yaddaşda qorunmasına müəyyən psixoloji amillər də təsir göstərir:

1. Təəssüratın parlaqlığı. Təəssürat qavrama anında daha parlaq olur və bundan sonra o yaddaşa keçir. Demək olar ki, hər bir insanın həyatında nə vaxtsa yaddaşından heç vaxt silinməyən hansısa hadisə baş verir. Əgər yaddaşı fotoaparata bənzətsək, fotolentdə şəklin aydınlığı işığın mənbəyindən asılı olduğu kimi, yaddaş da təəssüratın parlaqlığından asılıdır. Məlumdur ki, bu və ya digər hadisə insana nə qədər güclü təsir göstərərsə,  o onun yaddaşında bir o qədər dərin və parlaq iz qoyacaqdır.

 

2. Həyəcanın dərəcəsi. Keçmişin yaddaşda qorunması duyğularla sıx əlaqədardır. Güclü həyəcan yadda saxlamanın möhkəmliyinə və dəqiqliyinə yardım edir. Güclü sevinc və kədər törədən hadisələr yadda daha yaxşı qalır, nəinki insanın laqeyd yanaşdığı hadisələr. Əgər yaddaşı böyük dənizlə müqayisə etsək, onda həyəcanı küləyin qovduğu dalğalara bənzətmək olar. Külək gücləndikcə dalğalar bir o qədər hündür və dalğalararası çökəklik isə dərin olacaqdır.

 

3. Cəmlənmənin səviyyəsi. Cəmlənmə yaddaşa güclü təsir göstərir: insan hər hansı predmetə nə qədər çox diqqət yetirərsə, onu bir o qədər çox yadda saxlayacaqdır. Bəzi adamlar informasiyanı tez yadda saxlayıb, onu tez də unudur, digərləri isə informasiyanı yadda saxlamaqdan ötrü xeyli səy göstərir, onu uzun müddət unutmurlar. Əlbəttə, qum təpəsinin üstündə nəsə yazmaq, mərmər üzərində yonmaqdan asandır, lakin daş üzərinə yolunmuş yazı əsrlərlə qaldığı halda, qum üzərində yazılanlar küləyin yüngül əsməsi ilə yox olurlar.

 

Cəmlənmə qabiliyyəti, diqqətin səfərbərliyə alınması yaddaşa böyük kömək edir, belə ki, yadda saxlanılan predmet və hadisəni daha aydın edir. Bütün qeyri-müəyyən, aydın olmayan predmet və hadisələr çox çətinliklə yadda qalır və asanlıqla unudulur, lakin aydın və anlaşılan olanlar isə yaddaşa asanlıqla yazılır və uzun müddət orada qorunur.

 

Gərginləşmiş diqqət böyüdücü şüşədə cəmləşdirilmiş günəş şüalarına bənzədiyi halda, diqqətsizliyi adi şüşədən keçən şüalara oxşatmaq olar. Böyüdücü şüşədən keçən şüalar o dərəcədə cəmləşirlər ki, onların düşdüyü yerdə temperatur yandırmaq həddinə çatır, halbuki adi şüşədən keçən şüalar səthi qızdırmaq qabiliyyətində olmur. Bu əyani nümunə güclü yaddaşın inkişafından ötrü cəmləşmək qabiliyyətinin nə qədər əhəmiyyətli rol oynadığını göstərir.

 

4. Nizam-intizam. Əgər yaddaş prosesləri nizam-intizama tabe olarsa, bizim yaddaşımız möhkəm, fikirlərimiz daha aydın və açıq olar. Əqli fəaliyyətimiz isə yaxşılaşar. Bu səbəbdən şer nəsrə nisbətən daha asanlıqla yadda qalır. Əgər nəsr aydın və məntiqlidirsə, o daha asanlıqla yadda qalır, nəinki rabitəsiz və məqsədsiz yazılmış yazılar.

5. Təkrarlama. Əzbərləmə - yadda saxlama prosesində əhəmiyyətli əməliyyatlardan biridir. Əksər insanlar təkrarlamadan az və ya çox miqdarda informasiyanı yadda saxlaya bilmirlər. Çox vaxt elə olur ki, biz materialı qeyri-ixtiyarı yadda saxlayırıq, sadəcə ona görə ki, bizim üçün maraqlı olub-olmamasından və ya onu yadda saxlamağı istəyib-istəməməyimizdən asılı olmayaraq, biz onu tez-tez təkrarlayırıq. Bəzi mütəxəssislər hesab edir ki, yadda saxlama prosesi və təkrarlama ayrılmazdır.

 

B. Xatırlama

Əvvəllər mənimsənilmiş materialın xatırlanması həm ixtiyarı, həm də qeyri-ixtiyarı, yəni öz-özünə və ya  iradi aktın köməkliyi ilə baş verə bilər.

Uzun müddət yaddaşın gizli yerində qorunmuş fikirlər, çox vaxt öz-özünə düşüncəyə qayıdır. Məsələn, insan müəyyən problemin həllini bilir və onun bütün səyi onun üzərində cəmləşmişdir. Qəflətən nə vaxtsa bildiyi musiqi yadına düşür və o, tıqqıldadaraq onu çalmağa başlayır. Ola bilsin ki, bu melodiya gün ərzində, hətta insan bunu arzulamasa da onun başından çıxmasın. Bu melodiya ona elə “yapışa” bilər ki, onun fikirlərinə mane ola bilər və o, hətta bu hücum qarşısında özünü aciz hiss edə bilər.

Əgər fikirlər və ideyalar yaddaşda güclü iz qoyursa, onlar asanlıqla yenidən ortaya çıxır və bu zaman indiki obrazlarla yaddaşın dərinliyindən qəfildən ortaya çıxmış keçmiş xatirələr arasında konflikt yaranır. Bəzən elə olur ki, keçmiş sanki “cilovdan çıxıb” bizim fikirlərin axdığı yolları tutur və ani yaranmış hisslərə yer qoymur.

C. Obrazların Tanınması

Obrazların tanınması – yaddaşın vacib funksiyasıdır. İnsan bir fikri digərindən fərqləndirmək istəyəndə bu fikrin təxəyyülün məhsulu deyil, yaddaşdan gəldiyinə və lazımi vaxt onun yaddaşın anbarına qoyulduğuna şübhə etməməlidir. Bu səbəbdən tanıma ilə zaman amilini bir-birindən ayırmaq olmaz. Əgər tanınma bu şəkildə baş verirsə, materialın yaddaşın lazımı özəyindən götürüldüyünə şübhə qalmır.

İnsan başqa adamı görəndə və ya hansısa mahnını eşidəndə, bu adamı əvvəllər gördüyünü və ya bu mahnını əvvəllər eşitdiyini dəqiq bilməlidir, yəni gördüyü və eşitdiyini yaddaşında olduğuna uyğun gəldiyinə əmin olmalıdır, yəni əvvəlki təəssürat məhz indi yaddaşdan çağrılmışdır.

Yaddaşdan götürülmüş materialla cari duyğu arasında fərq mövcuddur:

1. Qavrama xatirədən, şübhəsiz ki, güclü və aydındır. İngilis filosofu Herbert Spensere görə, predmetlərin qavranması güclü, xatırlanması isə zəif amildir. Məsələn, turist Parij Noturdam kilsəsinə baxdıqdan bir-neçə gün sonra gördüklərini yadına salmaq istəyəndə, o artıq bütün detalların yadına düşmədiyini və bu abidə ilə bağlı xatirənin onun bilavasitə qavramasından zəif və qeyri-müəyyən olduğunu aşkar edəcəkdir.

2. Qavrama – qeyri-iradi aktdır və qavrama bizim şüurumuza zorla daxil olur. İnsan abidə qarşısında açıq gözlə duranda, onu görməkdən ötrü xüsusi səy göstərməyə ehtiyac yoxdur. Lakin onun yenidən xatırlanması iradi aktın nəticəsində baş verir. Onun haqqında təəssürat ya yaddaşdan itəcək, ya da yenidən ortaya çıxacaqdır.

3. Qavrama və ya təsəvvürə gətirmə nə vaxtsa yaşanmış başqa təəssüratları törədir. Məsələn, mən masaya baxanda, evdəki kitabxanam və oradakı gözəl kitablar yadıma düşür və mən işimlə bağlı hər şeyi xatırlayıram. Lakin cari təəssüratlar yaddaşda zəif iz qoyur. Məsələn, ticarətçinin evində gördüyüm masanı yada salmaqla mən eyni zamanda kitabxanamda qoyulmuş masanı da təsəvvürümə gətirirəm. Sonuncu təəssüratın intensivliyi, məhz mənim şəxsi masamın görüntüsü ticarətçinin masasının surətini dəyişir, onu zəiflədir.

 

D. Zaman Amili

Qavramanın zaman spesifikası – yadda saxlama və yenidən canlandırılmanın sonuncu mərhələsi – yenidən canlandırılan təəsüratın konkret zamana aid etmək bacarığıdır. Fərqləndirmə mərhələsi qurtarandan və yaddaşda ortaya çıxmış təəssüratın yeri müəyyən edildikdən sonra meydana çıxma qaydasından asılı olaraq ona müəyyən vaxt qoyulmalıdır. Məsələn, mən hansısa şəhərə etdiyim səyahəti xatırlamağa başlayıram. Mən ilk öncə əminəm ki, səyahət doğrudan da baş veribdir, lakin vaxt keçdiyinə görə onun nə vaxt, ilin hansı dövründə olduğu yadımdan çıxıbdır. Bu hadisənin dəqiq vaxtını təyin etməkdən ötrü mən keçmişə doğru hərəkətə başlayıram, hissə-hissə bu səyahətə aid hadisələr zəncirini üzə çıxarmağa başlayıram. Araşdırma prosesində səyahət zamanı baş vermiş bir hadisə yadıma düşür. Mən mehmanxanaya daxil olanda sobada odun yanırdı və xidmətçidən xahiş etdim ki, mənim otağıma da bu cür odun gətirsinlər, çünki mən istisevərəm. Bu an mənim yadıma düşdü ki, səyahət qış zamanı baş vermişdi. Beləliklə, səyahətin baş vermə vaxtının təyin edilməsi problemi həll edildi və mənim tədqiqatım başa çatdı.

Əgər “mən” və şüur arasında qarşılıqlı əlaqə baş verirsə, onda keçmiş hadisələrlə və onların baş verdiyi zaman arasında əlaqənin təyini məsələsi mürəkkəblik təşkil etmir. Biz yaddaşımızda yazılmış hadisələr silsiləsini axıra kimi asanlıqla izləyə bilərik. Lakin bu sadə məsələ deyildir, belə ki, bəzi təəssüratlar, obrazlar, fikirlər zaman keçdikcə zəifləyir və ya silinir və onların xatırlanması demək olar ki, mümkün olmur. Burada yaddaş prosesinin daha bir cəhəti - unutma prosesi fəaliyyət göstərir.

Lakin zaman ardıcıllığı dərk ediləndə və keçmişin obyektləri müəyyən vaxt və məkanda yerləşdiriləndə sabit və əhəmiyyətli material üçün yadda saxlama və xatırlamanın sonuncu mərhələsini tamamlanmış hesab etmək olar.

Yaddaşın pozulması

 

Bildiyimiz kimi, yaddaş proseslərinin mexanizmləri müəyyən göstəricilərə malikdirlər. Onlar xəstəliklərə və müxtəlif pozulmalara məruz qala bilirlər. Bütövlükdə yaddaşın pozulmasını iki tipə bölmək olar:

A.    Yaddaşın itirilməsi.

B.    Yaddaşın hədsiz intensiv işləməsi.

 

Yaddaşın daha geniş yayılmış ümumi pozulması amneziya adlanır. Amneziya halında xatırlama o dərəcədə zəifləyir ki, keçmişin xatirələri tamamilə itir.

 

A. Amneziyanın bir-neçə növü fərqləndirilir.

1. Ümumi və ya ümumiləşdirilmiş amneziya. Amneziyanın bu növündə yaddaşın pozulması bir-neçə dəqiqədən bir neçə ay və ilə kimi davam edə bilər. Bu müddət ərzində insan keçmişdə onunla baş verənləri xatırlaya bilmir. Yıxılma, baş zərbəsi, güclü hərarət, məsələn, qarın yatalığı zamanı (hətta qısa müddət davam etsə də), həyatın böyük dövrü üçün xatirələrin tam unudulmasına gətirib çıxarır.

 

Növbələnən amneziya insanda müəyyən dövrdə baş verir. Bu cür amneziya müvəqqəti amneziya adlanır.

 

2. Şiddətlənən amneziya. Amneziyanın bu növündə yaddaşın zəifləməsi şiddətlənmə istiqamətində inkişaf edir. Bu xəstəlik zamanı insan ilk növbədə bir az bundan qabaq əldə etdiyi bilikləri xatırlamaq, cari hadisələri, faktları yadda saxlamaq qabiliyyətini itirir. Lakin bu zaman insan uşaqlıq dövründə baş verən hadisələri daha yaxşı xatırlayır, bununla belə mürəkkəb anlayışları sadələrə nisbətən daha tez unudur. Xəstəlik şiddətləndikcə keçmişdə onunla baş vermiş hadisələri də tədricən yaddan çıxarır. Bu xəstəlik əvvəl-axır ona gətirib çıxarır ki, uşaqlıq dövrünün xatirələri də tamamilə xatirələrdən silinir.

 

3. Qismən amneziya. Bu xəstəlik zamanı insan hadisələrin bir hissəsini yaxşı xatırlayır, digərlərini yox. Məsələn, onlar riyaziyyat və musiqidən bildiklərini unutduqları halda, başqa biliklər yaddaşlarında tam qorunmuş olur. Bu xəstəlikdən əziyyət çəkən insanların bəziləri öz adını və ya yaxınlarının adını, bəziləri rənglərin adını və rəqəmləri, digərləri isə nitqin bu və ya digər hissəsindən – feldən və ya felin lazımi formasından necə istifadə etməyi unudurlar. Amneziyanın bu tipinin növ müxtəliflikləri həddsiz dərəcədə çox olduğundan onların hamısının adını burada sadalamaq mümkün deyildir.

    

B. Yaddaşın pozulmasının ikici tipi yaddaşın hədsiz intensiv işləməsi ilə əlaqədardır. Yaddaşda saxlanılan bütün informasiya sanki bir anın içində ağlasığmaz sürətlə şüurda ortaya çıxır. Yaddaşın bu cür pozulması, adətən, ölüm ayağında olmuş, lakin həyata qaytarılmış insanlarda müşahidə olunur. Sonradan onlar bütün keçmiş həyatlarının ani olaraq gözlərinin qarşısından keçdiyini danışırlar.

    

Bu xəstəlik özünü şəxsdə qismən göstərdiyi zaman da tamam unudulmuş və normal halda heç bir əhəmiyyət kəsb etməyən şeylər xatırlanır. Məsələn, güclü qızdırma zamanı insanda yaddaşın müvəqqəti güclənməsi baş verir və insan çox-çox illər baş vermiş hadisələrini detallarını, tarixləri və əhəmiyyətsiz faktları yada salır.

Yaddaşın Növləri

Yaddaş proseslərini tədqiq edən psixoloqlar yaddaşın müxtəlif növlərinin olduğunu və insanların materialı yadda saxlamağın və qorumağın müxtəlif qabiliyytələrinə sahib olmasını müəyyən etmişlər. Bu fərqlər irsiyyət, qavrama, bu və ya digər duyğunun inkişaf dərəcəsi, yaş və s. ilə izah edilir. Yaddaşın funksional qabiliyyəti insanın fərdi xüsusiyyətindən asılıdır və bu baxımdan cəmiyyətin bütün üzvləri bir-birindən fərqlənirlər.

    

Yaddaşın növlərə ümumi bölgüsü duyğularla bağlı olan xarici yaddaşı, məzmunu abstraksiyalar, fikirlər olan şifahi-məntiqi yaddaşdan ayırmağa imkan verir. Duyğularla bağlı olan yaddaş aşağıdakılara bölünür:

A.    Görmə yaddaşı.

B.    Eşitmə yaddaşı.

C.    Hərəkətli yaddaş.

 

Hər bir insanda yaddaşın bu növləri müxtəlif cür inkişaf edə bilər: məsələn, rənglər, formalar və obrazlar, məkan nisbətləri, yəni görmə yaddaşı rəssamlar, heykəltaraşlar və mühəndislər üçün əhəmiyyət kəsb etdiyi halda, eşitmə yaddaşı musiqiçilərdə yaxşı inkişaf etmişdir və onlar uzun musiqi frazalarını yadda saxlamaq qabiliyyətindədirlər. Yaxşı məlumdur ki, görə bilən insanlara nisbətən korlar əşyaları əllə yoxlamaqla daha yaxşı fərqləndirirlər, ona görə də toxunmaqla hiss etmək yaddaşı onlarda daha yaxşı inkişaf etmişdir.

Fikirlər və abstraksiyalarla bağlı yaddaşın növləri də öz inkişafına görə, məsələn, riyazi, fəlsəfi və təbiətçi qabiliyyətlər fərqləndirilirlər. Ona görə də yaddaşına görə insanlar aşağıdakı kateqoriyalara bölünürlər: bəzilərində görmə yaddaşı üstünlük təşkil edir və onlar gördükləri obrazları daha yaxşı yadda saxlayır; bəzilərində eşitmə yaddaşı üstünlük təşkil edir və onlar eşitdikləri təəsüratları daha yaxşı yadda saxlayır; digərlərində isə hərəkətli yaddaş yaxşı inkişaf etmişdir və onlar əzələnin hərəkəti ilə bağlı bütün hadisələri, o cümlədən yerimə, yazma, fiziki cəldliyi daha yaxşı yadda saxlayırlar.

Amma etiraf etməliyik ki, yaddaşın bütün növləri bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birindən təcrid edilmiş halda deyillər. Lakin müxtəlif insanlarda yaddaşa təsir göstərən amillər, müxtəlif cür ifadə olunmuşdur və əgər birində hansısa amil aparıcıdırsa, digərində həmin amil asılı, ikinci dərəcəli rol oynayır. Hər bir insanda yadda saxlama və qoruma qabiliyyətinin tamamlayıcı səciyyəsi bu amillərin məcmusu kimi müəyyən olunur.

Yaxşı Yaddaş Nədir?

İnsanların yaddaşında fərdi fərqlər özünü yaddaşın bu və ya digər növünün üstünlüyündə göstərir. Digər tərəfdən bu növlərin hər biri özünün inkişaf dərəcəsinə görə də fərqlənirlər: yaddaş ya məşq etdirilmiş, ya da zəif olur. Yaxşı yaddaşın göstəriciləri aşağıdakılardır:

1. Material yaddaş tərəfindən asanlıqla mənimsənilir və saxlanılır. İnsan birinci dəfədən böyük həcmdə materialı dərk edir və yadda saxlayır. 

2. Yaddaşa yazılmış hər şey onda uzun müddət və etibarlı şəkildə qorunur. Sonra lazımi anda sürətlə təsəvvürə gətirilir. İnsana yaddaşdan material lazım olanda götürməlidir, bundan ötrü o xüsusi səy qoymamalıdır, onda cavab hazır olmalıdır.

 

Bu iki amil yaxşı yaddaşın əsas göstəriciləridir. Onlara sahib olan insan müxtəlif materialları asan və sürətlə mənimsəyir və uzun müddətdən sonra onu sərbəst şəkildə təsəvvürə gətirir. Bu xüsusiyyətlərə sahib olmayanlar zəif yaddaşa malikdirlər.

Yaddaşın Məşqi və İnkişaf Etdirilməsi

Uzun illər ərzində yaddaşın məşqi və inkişaf etdirilməsinin mümkünlüyü psixologiyanın əsas məsələlərindən biri olmuşdur. Yaddaşın təbiətin insana verdiyi xassə olmasına və onu möcüzəli şəkildə təkmilləşdirməkdən ötrü hazır reseptin olmamasına baxmayaraq, fiziki və əqli gigiyenanın müəyyən qaydalarını gözləməklə yadda saxlamanı daha məhsuldar etmək mümkündür. Heç kim bu ilahi bəxşişi inkişaf etdirməyin mümkünlüyünü inkar etmir və onu mükəmməlləşdirmək işini ümidsiz hesab etmir. Digər tərəfdən, hər bir insan daim öz yaddaşını inkişaf etdirməkdən ötrü addımlar atmalı və bəzi qaydaları gözləməklə çatışmamazlıqlardan qurtarmağa cəhd göstərməli, yaddaşın möhkəmliyini artırmalı və yadda saxlama və materialın təsəvvürə gətirmə prosesini yaxşılaşdırmalıdır. Yaddaşı təkmilləşdirməkdən ötrü çoxlu sayda tövsiyələr mövcuddur və onlardan ən vaciblərini nəzərdən keçirək.

1. Bir halda ki, yaddaşın normal fəaliyyəti ümumi fiziki sağlamlıqla bağlıdır, səhhətlə bağlı bütün məsələlərə, istər mərkəzi sinir sisteminin xəstəliyi, istərsə də həzmin pozulması və ya orqanizmin fəaliyyətində başqa istənilən pozulmalar olsun, nəzərdən qaçırılmamalı və qaydaya salınmalıdır.

Zehni əmək zamanı təmiz hava, görmə və eşitmənin gigiyenası, soyuqdəymə xəstəliklərinin vaxtında müalicəsi və profilaktikası, səmərəli qidalanma prinsipinin gözlənilməsi, sakit və dərin yuxu, açıq havada fiziki məşqlər, həmçinin narkotika və alkoqoldan imtina, şübhəsiz ki, yaddaşın fəaliyyətini yaxşılaşdırır.

2. İş masası  sakit və rahat yerdə qoyulmalı, lazımi dərəcədə işıqlandırılmalıdır. Zehni əməyin düzgün təşkili diqqəti dərsin üzərində cəmləşdirməyə və dərs materialını möhkəm yadda saxlamağa kömək edir.

3. Oxuyarkən, yazarkən, istənilən yaradıcı fəaliyyət zamanı diqqətinizi gördüyünüz işin üzərində cəmləşdirməyə çalışın.

4. Kitabın bir hissəsini oxuduqdan sonra həmin hissənin qısa xülasəsini yazın, bu oxuduğunuz materialı yaxşı dərk etməyə kömək edər.

5. Hər hansı bir şeyi oxumazdan, yazmazdan və ya əzbərləməzdən əvvəl işinizin əsas məqsədini müəyyən edin. Məsələn, əgər oxumağın əsas məqsədi əzbərləməkdirsə, ayrı-ayrı xüsusi detallara diqqət yetirin. Sizin qarşınızda əgər mətnin ümumi dərk edilməsi durursa, ayrı-ayrı detallara həddən artıq diqqət yetirməyə ehtiyac yoxdur.

6. Yorğunluq əlamətlərini hiss edən kimi məşğələlərə son qoyun.

7. Əzbərlənəcək material iri həcmlidirsə, onu bir neçə günə bölün, belə ki, yaddaşı hədsiz yükləməyə ehtiyac yoxdur.

8. Mətni yadda saxlamaq tələb olunursa, onu hissələrə bölmədən tam şəkildə oxuyun və bir-neçə dəfə təkrar edin.

9. Hansı yaddaş tipinə sahib olduğunuza diqqət yetirin və materialın əzbərlənməsi məsələsinə imkanlarınıza uyğun olaraq yanaşın. Məsələn, əgər sizdə görmə yaddaşı yaxşı inkişaf edibsə, materialı vizual olaraq yadda saxlayın; əgər sizdə eşitmə yaddaşı üstünlük təşkil edirsə, onda mətni ucadan oxuyun və ya kiminsə onu oxumasına qulaq asın; özünüz hansısa hərəkəti edən zaman yaxşı yadda saxlayırsızsa, onda əzbərlənəsi mətni imkan daxilində bir neçə dəfə yazmağa cəhd edin.

10. Əzbərləməyə başlamazdan əvvəl mətni diqqətlə oxuyun və onu dərk etməyə çalışın, çünki birinci dəfədən səhv yadda saxlasanız, sonradan onu düzəltmək çətin olacaq.

11. Materialın yaxşı yadda qalmasından ötrü onun sözləri və ya mənaları arasında qarşılıqlı əlaqə, həmçinin materialın hissələri arasında məntiqi ardıcıllıq yaratmaq lazımdır.

12. Əzbərlənəsi şeyi yaddaşda möhkəmləndirməkdən ötrü, yadda saxlama təkrarsız mümkün deyildir. Bu zaman, əlbəttə, təkrarlama prosesi materialın dərk edilməsi və diqqətin onun üzərində cəmləşdirilməsi, həmçinin yadda saxlamaq arzusu ilə müşayiət olunmalıdır.

Bu məsləhətlər, sizə yadda saxlamanı daha məhsuldar etməyə və əqli qabiliyyətlərinizi inkişaf etdirməyə kömək edəcəkdir.

Biliyin Rolu

Müxtəlif sahələrdə biliyin üstünlüyünü onlara nümayiş etdirin.

 

Elm və incəsənət sahəsində nailiyyətlər  bəşəriyyətin böyük şərəfi olsa da, yaddan çıxarmayın ki, bu o zaman mümkün ola bilər ki, insan çayı Qüdrət Dənizinə axsın və öz ilhamını qədim İlahi mənbədən alsın.

Psixoloqlar hesab edir ki, elementar elmi biliklərə sahib olmayan valideynlər uşaqların suallarına nə səlahiyyətlə cavab verə və nə də onların hər şeyi bilmək istəyini təmin edə bilər. Bununla belə, valideynlərin istənilən kitabxanadakı elmi-populyar kitablardan məlumat almaq imkanı vardır. Onlara müraciət etməklə, valideynlər öz uşaqlarının dünyagörüşünü genişləndirə və onlarda elmin müxtəlif sahələrinə maraq yarada bilərlər. Aşağıda valideynlərə faydalı ola biləcək sadə və uşaqların başa düşəcək dildə yazılmış bir neçə tipik mətn verilmişdir.

A.    Yer kürəsi

1. Yer – portağala və ya qarpıza oxşayan yumru səma cismidir. Səthinin dörddə üç hissəsi su, qalan hissəsi isə qurudur.

2. Yer həm öz oxu ətrafında, həm də Günəşin ətrafında fırlanır. Hər iki hərəkət eyni zamanda baş verir. 

3. Yer öz oxu ətrafında tam dövrü 24 saat ərzində edir, bu gecə və gündüzün dəyişməsini təmin edir. Yerin öz oxu ətrafında bir tam dövrü sutka adlanır. Yer günəş ətrafında tam dövrü 365 gün, 6 saat, 9 dəqiqə və 9 saniyə ərzində edir və bu  fəsillərin yaranmasının əsas səbəbidir. Yerin Günəş ətrafında tam dövrü il adlanır.

4. Maqnit metal əşyaları özünə cəzb etdiyi kimi, Yer müxtəlif obyektləri özünə cəzb edir. Ona görə də biz Yerin üstündə dayanırıq və kənara yıxılmırıq.

5. Yer çox böyük sürətlə hərəkət edir, lakin biz bunu hiss etmirik, necə ki, hərəkət edən gəmidəki sərnişinlər onun hərəkətini hiss etmirlər.

6. Bütün maye maddələr hər hansı maneəyə rast gəlib, onu dəyişdirənə kimi kürə formasında olur. Yağış damlaları və dolu yerə toxunana qədər kürə formasında olur. Günəş, Ay və ulduzlar kürə formasındadırlar.

7. Yerin kürə formasında olmasını sübut edən çoxlu sübutlar vardır. Onların bəzilərinin üzərində dayanaq:

a) limana yaxınlaşmaqda olan gəmini dəniz kənarından izləyən şəxs, əvvəlcə gəminin üst hissəsini, sonra tədricən qalan hissələrini görür;

b) gəmi limandan uzaqlaşanda da müşahidəçi onun tədricən gözdən itdiyini görəcəkdir. Əgər Yer kürə şəklində olmasa idi, nə qədər uzaq getməsindən asılı olmayaraq, gəmini güclü durbinlərlə görmək mümkün olardı. Lakin yer kürə şəklində olduğundan əvvəlcə onun gövdəsi, sonra isə dirəkləri gözdən itir;

c) gəmi sahilə yaxınlaşanda, sərnişinlər əvvəlcə şəhərin ən yüksək binalarının üst hissələrini müşahidə edirlər, bütün evləri onlar yalnız sahilə tam yaxınlaşanda görürlər;

ç) Yer günəş və ay arasında olanda günəş tutulması baş verir; bu zaman Yerin ayın üzərinə düşən kölgəsi dairəvi formada olur.

8. Yer Günəşdən 1300000 dəfə kiçik və aydan 50 dəfə böyükdür.

9. Əgər insan gündə eyni istiqamətdə 150 km yol qət edərsə, Yer kürəsini dövrə vurub 365 gündən sonra səfərə başladığı nöqtəyə gəlib çıxar.

B.  Səma Cisimləri

Səma cisimləri üç böyük qrupa bölünür: ulduzlar, planetlər və kometlər.

1. Ulduzlar öz işığını saçırlar və onların əlavə işıq mənbəyi yoxdur. Baxdığımız göydə ulduzlar arasında məsafə həmişə sabitdir. Aydın gecədə biz adi gözlə göydə 6 min ulduz saya bilərik. Lakin biz teleskopdan istifadə etsək, göydə ulduzların sayı minlərlə, milyonlarla olacaq və hər halda onları sayıb qurtarmaq mümkün olmaz.  

2. Planetlər özünün deyil, günəşin onların üzərinə düşən şüalarını əks etdirirlər. Ona görə də onları aydın gecədə yaxşı görmək olur. Planetlər öz oxu və günəşin ətrafında hərəkət edirlər. Bizim günəş sistemində aşağıdakı planetlər vardır: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun, Pluton. Planetlərdən başqa, astronomlar çoxlu sayda asteroidlər və ya kiçik planetlər aşkar etmişlər. Əksər planetlərin ətraflarında hərəkət edən öz təbii peykləri, ayları vardır. Aşağıdakı planetlərin təbii peykləri vardır: Mars – 2, Yupiter – 14; Saturn – 10, Uran – 5, Neptun -2 və Yer – 1.

3. Kometlərin Yerlə oxşar cəhəti odur ki, onlar da Yer kimi günəşin şüalarını əks etdirirlər. Onlar baş hissəsi gur və quyruq hissəsi zəif işıq saçan qaz buluduna bənzəyirlər. Vaxtaşırı onları qaranlıq səmada görmək mümkündür. Kometlər Kosmosun dərinliyindən gəlir, Günəşin yanından keçib, yenidən kosmosun dərinliyinə dönürlər.

B.    Günəşin Doğması və Batması

1. Günəş külli miqdarda istilik və işıq verən kürəvi səma cismidir. Fikirləşmək olar ki, o, hər səhər şərqdə çıxır, üfüqi kəsərək qərbdə batır. Lakin bu belə deyildir; bu cür illüziyanı Yerin öz oxu ətrafında hərəkəti yaradır. Eynilə, gəmi limandan ayrılanda, onun sərnişinlərinə elə gəlir ki, gəmi limandan deyil, liman gəmidən uzaqlaşır.

2. Günəş öz oxu ətrafında iyirmi beş gün yarım tam dövrə vurur. Yerin Günəşə çevrilmiş hissəsini gündüz, əks tərəfini gecə adlandırırıq. Ona görə də Asiya və Avropada gündüz olanda, Şimali və Cənubi Amerikada gecədir. Amerikalılar yuxudan durub işə gedəndə, Asiya və Avropada yaşayanlar yatmağa hazırlaşırlar.

3. Günəş üfüq xəttinə enəndə deyirik ki, O, batır və üfüqün həmin hissəsi qərb adlanır. Yerin öz oxu ətrafında şərqdən qərbə iyirmi dörd saat ərzində dövr etməsini Günəşin şərqdən çıxıb qərbdə batması əsasında deyə bilərik.

4. Yer günəşdən 150 milyon kilometr məsafədə yerləşmişdir və günəşin şüaları yerə səkkiz dəqiqəyə çatır.

C.  Ay

1. Ay da kürəvi səma cismidir. O, Yerin yeganə təbii peykidir. Ay özü işıq saçmır. İşığın bir hissəsi ona günəşdən düşür, lakin işığın böyük hissəsini o, Yerdən alır, bunu gecə vaxtı yaxşı görmək olur. Başqa planetlərlə müqayisədə Ay dəfələrlə kiçik olsa da, o çox böyük görünür, çünki o Yerə ən yaxın səma cismidir.

2. Ayda su, hava, həyat yoxdur, onun daşlı səthi çoxsaylı kraterlərlə örtülmüşdür.

3. Ay 27 gün 8 saat və 43 dəqiqə ərzində Yerin ətrafında tam dövrə vurur və Yerlə birlikdə bir il ərzində Günəşin ətrafında tam dövrə vurur.

4. Ay yerin ətrafında dövrə vurduğuna görə biz onun müxtəlif “səhfələrini” və “ay aylarını” görürük. Bu səhfələr əsasında ay təqvimi tərtib edilir. Ay bizə qaranlıq hissəsini çevirəndə biz onu tamam görmürük. Sonra aypara görünür və səhfələr bir-birini əvəz edir: birinci dörddə bir, bədrlənmiş ay, sonuncu dörddə bir və nəhayət, onun yalnız az hissəsi görünür və tamamilə gözdən itir. Ayın günəşə tərəf çevrilmiş hissəsi Yerə tərəf heç vaxt dönmür və biz təbii ki, onu görə bilmirik. Ayın günəşin işıqlandırdığı yarım hissəsi Yerə tərəf çönəndə, bu səhfəsi bədrlənmiş ay adlanır.

5. Günəş və ay tutulmaları da Ayın hərəkəti ilə əlaqədardır. Yer bədrlənmiş ay səhifəsində Günəşlə Ay arasında duranda, günəş şüaları aya düşmür, çünki o, yerin kölgəsində dayanmış olur. Bu hadisə ay tutulması adlanır. Ay Yerlə günəş arasında duranda, bu dəfə yer Ayın saldığı kölgəyə düşmüş olur. Həmin anlarda günəş tutulması baş verir. Günəş tutulması tam və qismən ola bilər. Tam günəş tutulmasında Ay günəşdən gələn şüaların hamısının qarşısını kəsir, qismən günəş tutulmasında isə günəş şüalarının bir hissəsi yerə çatır. Öz növbəsində əgər yer  Ayı günəş şüalarından tamamilə bağlayırsa, tam ay tutulması müşahidə edilir, əgər günəş şüalarının bir hissəsi hər halda ayın səthinə çatırsa, bu hadisə qismən ay tutulması adlanır.

Ç. Hava və Atmosfer

1. Atmosfer – təmiz və yüngül substansiyadır. Atmosferi təşkil edən hissəciklər kiçik olduğundan onları adi gözlə görmək mümkün deyildir. Bununla belə, atmosferin çoxlu sayda qatları mavi rəngdə görünə bilər. Məsələn, otaqda bizi əhatə edən havanı görmürük, lakin göyə baxanda mavi göy qübbəsini görürük. Bu qübbə bir-birinin üzərində yerləşmiş atmosfer qatlarından ibarətdir.

2. Hava, insan da daxil olmaqla bütün canlıların yaşaması üçün vacibdir. Qarpızın qabığı onun yeyilən hissəsini örtdüyü kimi, yerin hava təbəqəsi olan atmosfer də yer kürəsini əhatə edir.

3. Bulud, duman, qar, dolu, külək, şimşək və ildırım – bütün bunlar havada yaranın atmosfer hadisələridir.

Bulud. Günəşin istiliyinin təsiri altında okean, dəniz, göl və çaylarda suyun bir hissəsi buxarlanaraq, şəffaf görünməz buxara çevrilir. Su buxarı havadan yüngül olduğuna görə o, müəyyən yüksəkliyə qədər qalxır, soyuyur, sıxlaşır və buluda çevrilir. Beləliklə, bulud – havada olan buxarın kondensasiya və sıxlaşmasının nəticəsidir.

Duman. İsti gündən sonra suyun səthində çoxlu su buxarı toplanır. Atmosferin üst qatlarına qalxa bilməyən bu qalın buxar qatı duman adlanır.

Yağış. Buludu yaradan buxar kondensatı su damcılarını yaradır. Onlar bir-biri ilə birləşərək iriləşir, ağırlaşır və yerə düşür. Bu damcılar yağış adlanır.

Qar və dolu. Buludlarda kondensasiya olunmuş buxar havanın soyuq qatları ilə toqquşanda donur və donmuş damcılar yerə qar və dolu şəklində düşür.

Külək. Hava atmosferin müxtəlif qatlarında paylandığına görə, bu qatlarda temperatur fərqləri Yerin səthində havanın hərəkətini – küləyi yaradır. Hərəkət zəifdirsə, biz yüngül briz hiss edirik. Onun sürəti intensivdirsə və böyük hava kütləsi hərəkətə gəlirsə, onda biz ona qasırğa deyirik.

İldırım və göy gurultusu. İki qat buludların birgə hərəkəti zamanı statik elektrik yaranır və buludlar elektrik yükü əldə edir. Biri müsbət, digəri mənfi yüklə yüklənmiş iki bulud yanaşı duranda onlar arasında elektrik boşalması – ildırım yaranır, elektrik boşalmasını müşayiət edən səs hadisəsi isə göy gurultusu adlanır. Boşalma buludlar və yer arasında baş verəndə, o, ağacları yıxır və yandırır, evləri uçurur.

Tanınmış Amerika alimi Bencamin Franklin, ildırım keçiricisinin aşağıdakı sxemini təklif etmişdir: ildırımdan qorunmaqdan ötrü bütün yüksək binaların yanında torpaqda çuxur qazmaq, ora dəmir parçası basdırmaq və su ilə doldurmaq lazımdır. Sonra binanın yuxarı hissəsində başqa bir dəmir parçası bərkidilir və hər iki dəmir parçası dəmir məftillə birləşdirilir. İldırım, təbii ki, binanın yuxarısına bərkidilmiş dəmiri vuracaq, çünki o, binanın ən yüksək yerindədir və elektrik cərəyanı məftillə çuxurdakı dəmirə keçərək orada neytrallaşacaq. Franklinin dövründən bəri bu ixtira xeyli təkmilləşdirilmişdir və hazırda ildırım keçirən konstruksiyalar xeyli sadələşdirilmişdir.

İnsan əqli təbiətin sirlərini dərk edir və ona təsir göstərir. Valideynlər və tərbiyəçilər öz əhəmiyyətli missiyalarını tam dərk etməlidirlər və daim uşaqların qabiliyyətlərini inkişaf etdirməyin zəruriliyini unutmamalıdırlar.

1. Təhsil uşağa daha çox bilik vermək, daha çox predmeti ona öyrətmək və başına daha çox informasiya yerləşdirməkdən ibarət deyildir. Yaxşı tərbiyəçi öz psixoloji və pedaqoji təcrübəsindən istifadə edərək uşağa predmetin mahiyyətini daha çox dərindən araşdırmaqda kömək etməli, ona biliklərə yiyələnməklə can atdığı məqsədi açmalıdır.

2. Qısa vaxt ərzində şagirdinə mümkün qədər çox informasiya vermək məqsədini qarşısına qoyan müəllim bununla da uşaqların biliyinin keyfiyyətinə görə öz məsuliyyətini inkar edir və uşağın gələcəyinə marağı olmadığını nümayiş etdirir.

3. Əldə edilən biliklərin kəmiyyəti onların keyfiyyəti və öyrədilmə metodu qədər əhəmiyyətli deyil. Şagirdlərə sərbəst düşünmə və çalışqanlıq aşılamaq,  yaşadıqları dünyanın sirlərini açmaq və dərk etmək səylərini dəstəkləmək lazımdır.

4. Öz işinə sadiq müəllim şagirdlərdə nəinki həqiqəti dərk etmək və biliklər əldə etməyə maraq yaradır, həm də öz davranışı ilə doğruçu, etibarlı olmağa, özündə tərifəlayiq keyfiyyətlər yaratmağa həvəsləndirir.

5. Əsl təhsilin mahiyyəti uşaqların əqli qabiliyyətlərini amansızcasına istismar etmək deyil, onlara möhkəm baza biliklər verməkdən ibarətdir.

 

Valideynlər unutmamalıdır ki, uşaqların yaddaşı məktəbdə kifayət qədər yüklənir və onların başı daim orada öyrəndikləri müxtəlif predmetlərlə məşğuldur. Onlar bilməlidirlər ki, insanın əqli, inkişafın müxtəlif mərhələlərində müxtəlif imkanlara malik olur və onu dözülməz mürəkkəb məsələlərlə yükləyəndə bu yalnız ziyan gətirir.

2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
bottom of page