Uşaqlara Ehtiram Göstərin

Ey insan övladları! Məgər siz bilmirsinizmi, Biz sizi nə üçün bir torpaqdan yaratdıq. Onun üçün ki, heç kəs heç kəsin qarşısında qürrələnməsin. Hər an öz  ürəyinizdə nədən yarandığınızı düşünün.

Bir çoxları öz tərcübəsindən bilir ki, öz təbiətinə görə uşaqların qəlbi olduqca zərifdir, uşaqlar çox həssas və hər şey ilə maraqlanandırlar, gördükləri hər bir şeyə onların şəxsi mülahizəsi, öz nöqteyi-nəzərləri vardır. Biz uşaq qəlbinin zərifliyini çiçəyin ləçəyinə, həssaslığını saf suya, hər şeyi bilmək istəyini isə bizi nəzərdən keçirən güclü mikroskopa bənzədə bilərik: birinci kobud toxunuşdan solur, ikinci çalxalanmadan bulanır və çirklənir, üçüncü ehtiyatsız hərəkətdən yerə düşüb sınır.

Təəssüflər olsun ki, əksər valideynlər uşaqlarda mülayimlik, nəzakət, mərhəmət və məhəbbət tərbiyə etmək əvəzinə, onlara kobudluqla və tənqidlə yanaşır, hökm, məcburiyyət və qəzəb vasitəsilə təsir etməyə çalışırlar. Bu cür valideyn tərbiyəsini cəmiyyətin müxtəlif təbəqələrinə aid ailələrdə müşahidə etmək mümkündür.

Atalar və analar öz uşaqlarının insani ləyaqəti ilə az hesablaşırlar. Bu uşağı şəxsiyyət, ailənin bərabər hüquqlu üzvü kimi tanımamağın nəticəsidir. Onlar güman edirlər ki, uşaqlar hələ balacadır, fiziki və psixi baxımdan inkişaf etməyiblər. Ona görə də onların ehtiyaclarına və davranışlarının motivinə diqqət yetirməmək olar. Bu cür mövqenin səhv və yalan olması, hansı ki,  elm və praktika tərəfindən təsdiq olunmuşdur, uşaqlarla əlaqənin pozulmasına gətirib çıxarır, uşaqlarda böyüklərə qarşı ehtiramı tərbiyə etmir, onlara mənəvi ağrı gətirir. Valideynlərin sərtliyi onların öz uşaqlarına olan məhəbbətinə ziyan yetirir, uşaqların gözündə ata və ananın əhəmiyyətini aşağı salır.

Uşaqlar tez təsirlənən varlıq olub, eyni zamanda zəif və xeyirxahdırlar. Onlar həmçinin eqoist və tələbkar da ola bilirlər. Bədxahlığın kiçik təzahürü onların zərif və həssas ürəyinə ağrı gətirir, qəlbini ağrıdır. Valideynlər uşağa ehtiram göstərməyəndə, onunla razılaşmayanda, ona mehribançılıq, hüsn-rəğbət və anlaşma ilə yanaşmayanda uşaq şiddətli əzab çəkir. Onun əsəb sistemi zəifləyir, psixi müvazinəti pozulur. O, kobudluğa, söyüş və danlağa  alışır, təhqirə cavab vermir və valideynlərin sözlərinə görə “gönü qalın”, yəni kobudluğa qeyri-həssas olur. Tədricən uşaq valideynlərindən uzaqlaşır, özünə qapanır ki, bu  da onun şəxsiyyətinin fiziki və psixi inkişafını pozur.

Uşağın sual və xahişinə ana kobud və kəskin cavab verir: “kəs səsini”, “rədd ol”, “çərənnəmə”, “zırıldama” və s. Bu cür münasibətə alışmamış uşaq ağlamaqla göstərmək istəyir ki, sevdiyin insanla bu cür danışmaq olmaz. Lakin bir neçə gündən sonra ananın davranışına emosional baxımdan alışaraq, o özü eşitdiyi frazaları işlətməyə başlayacaq, kobudlaşacaq, bu zaman qadağalar və cəza faydasız olacaq. Ana onu söyəndə o cavab qaytaracaqdır.

Əgər ana uşağına ehtiramla yanaşır, onu əzizləyir və Müqəddəs Yazılara uyğun olaraq, ona qarşı kəskin sözlərdən və hərəkətlərdən çəkinirsə, bu zaman uşaq valideynlərinin kiçik iradından təsirlənib, öz səhvini etiraf edəcək və özünü yaxşı aparmağa çalışacaqdır. Müdrik valideynlər uşaqda tərifəlayiq şəxsiyyət görür və tez-tez ona qarşı öz rəğbətini aşağıdakı sözlərlə ifadə edirlər: “Sən özünü çox yaxşı aparırsan”, “əgər bundan sonra da özünü bu cür aparsan başqa uşaqlara nümunə olacaqsan”, “Çox sağ ol ki, öz vədini yerinə yetirdin” və s.

Əlbəttə, hər yaş dövrünün xüsusiyyətlərini də nəzərə almaq lazımdır və hər şeyi dəqiqliklə izah etmək mümkün deyildir. Ən mühümü odur ki, uşaqlara böyük ehtiramla yanaşmaq və onlarla kobud rəftardan çəkinmək lazımdır. 

İstənilən halda atalar və analar anlamalıdırlar ki, heç bir halda nəzakət və ehtiramın sərhədini keçmək, hələ balaca olduqlarına, çox şeyi bilmədiklərinə və bacarmadıqlarına görə uşaqları ağılsız və dərrakəsiz hesab etmək olmaz. Bilməlidirlər ki, uşaqlarda da özünə hörmət hissi var. Ona görə də valideynlər  uşaqlarına nümunə olmalı və uşaqlarının dünyasına ehtiramla yanaşmalıdırlar. Uşaqlar da böyüklər kimi, onları təhqir edən və alçaldan kəslərə nifrət edir, bundan əziyyət çəkir və nəzakətsizlik və kobudluğun istənilən təzahürünü ağrılı halda qəbul edirlər.

Lüzumsuz Sərtlikdən Çəkinin

Uşağı balaca olduğu üçün sıxışdırmaq və ya töhmətləndirmək olmaz, onu səbrlə tərbiyə etmək lazımdır.

1. Ana uşağı əmizdirir. Əmizdirmənin öz psixi əhəmiyyəti vardır. Belə ki, anasının sinəsinə sıxılmış uşaq anadan istilik, sevgi və məhəbbət alır. Elə də olur ki, əmizdirilən vaxt uşaq hansısa narahatçılıqdan, məsələn, qarnının ağrısından döşü tuta bilmir və sızıldamağa başlayır. Narahatçılığın səbəbi vaxtında aradan götürülməzsə, uşağın sızıldaması qışqırığa keçir. Uşağın ağlaması valideyn üçün ən böyük sınaqlardan biridir. Özünü ələ almaq, uşağın hansı səbəbdən ağladığını səbrlə araşdırmaq, onu sakitləşdirmək əvəzinə, ana onu içinə almış qəzəbinə güc verir. O, uşağı şapalaqlayır və söyür. Əgər ağlama xeyli müddət davam edirsə, onu otaqda tək qoyur.

 

2. Uşaq danışmağı öyrənir. O, hər şeyə maraq göstərir, özünün qurtarmaq bilməyən “nə üçün”, “bu nədir” suallarını verir, anasının yanından əl çəkmir, kölgə kimi onun arxasınca gəzir. Ananın səbri tükənir. Bu arada uşaq evdə hər şeyi alt-üst edir və ana onu “səs-küyə” görə cəzalandırır.

 

3. Böyüklər bir yerə yığılıb, gülüb danışırlar. Onlar vaxtlarını şən və xoş keçirirlər. Yanlarında oturmuş uşaq onların hərəkətini diqqətlə izləyir. Söhbətin nədən getdiyini anlamadığı üçün o tez-tez böyüklərin sözünü kəsərək, onlara mane olur, söhbətə qarışaraq onu başa salmalarını və ya nə isə təkrarlamalarını istəyir. Böyüklər uşağı balaca və dərrakəsiz varlıq saydıqlarından onun hüquqlarını tanımır, onu söyüb təhqir edir və buradan uzaqlaşdırırlar. Uşaq öz aralarında danışıb-gülən, lakin ona münasibətdə qəflətən ciddilik və sərtlik nümayiş etdirən böyüklərin davranışındakı bu dəyişikliyi çətinki başa düşə.

Bu cür tərbiyə metodları uşaq üçün ağrılı və xoşagəlməzdir, bunlar ona iztirab gətirir. Onun zərif ürəyi hüzn içində olacaq, qəlbi isə qaralacaq. Şən və xoşbəxt böyümək əvəzinə bu cür ailələrin uşaqları öz uşaqlıq illərini kədər və ümidsizlikdə keçirir, daim qəm - qüssə duyurlar.

Əksər uşaqlar xoşbəxt üzlər və təbəssüm görür, şən gülüş səsləri eşidirlər; onlar rahat şəraitdə yaşayır, onların nəzərləri təbiətin gözəlliyindən zövq alır; onlar sərgi və mədəni mərkəzlərə baş çəkir, maraqlı və elmi kitablar oxuyur; onları çox yüksək pedaqoji səriştə ilə, etibarlı və yoxlanılmış metodlarla tərbiyə edirlər. Təəssüf ki, ətrafındakı insanlardan və valideynlərindən kobudluq və amansızlıqdan başqa heç bir şey görməyən uşaqlar da var; onların gəzməyə yeri yoxdur, onların uşaq kitablarına, filmlərinə və əyləncələrə yolu bağlıdır və onlar öz həyatlarını məhbuslar kimi mənfur və qaranlıq həbsxananın dar və qaranlıq kameralarında keçirirlər.

Tənqid, məzəmmət, həddindən artıq tələbkarlıq uşağın şəxsiyyətinin inkişafına mənfi təsir göstərir və cəmiyyətdə zəif, xəstə, əsəbi, fiziki və ruhani qüsurları olan və həyata uyğunlaşmamış bədbinlərin meydana çıxmasına səbəb olur. Bu şəxslər tədricən cəmiyyəti içəridən dağıdır və ona ziyan vururlar.

Valideynlər, müəllimlər və tərbiyəçilər – bir sözlə, uşaqlarla əlaqəsi olan hər kəs aşağıdakıları bilməlidir:

1. Balaca uşaqlar duyğulara, emosiyalara, düşünmək və intellektual fəaliyyət qabiliyyətinə malikdirlər. Onlar böyüklərdən onunla fərqlənirlər ki, onların inkişafın başlanğıc mərhələsində olan qabiliyyətləri, təzə əkilmiş körpə ağac kimi, onu güclü küləkdən qoruyan, kökünə, budaq və gövdəsinə zərər vurmasın deyə nəzarətdə saxlayan təcrübəli bağbanın qayğısına ehtiyacı vardır.

2. Uşağın qəlbini etinasızlıq, diqqətsizlik və ona kömək etməkdən imtina etməklə sındırmaq, ona qarşı səbirsizlik göstərmək, onu çox sərt şəkildə töhmətləndirmək – ciddi səhv və böyük günahdır. Valideynlər uşağın göz yaşlarının və kədərinin səbəbkarı olmamalıdırlar.

3. Əgər uşaqlar valideynləri tərəfindən tez-tez təhqirə məruz qalırlarsa,  onların ata və analarına məhəbbəti və bağlılığı nifrət və qisasçılığa çevrilir. Ailənin əsası zəifləyir, onun birliyi təhlükə altına düşür, uşağın emosional müvazinətinin və psixi sağlamlığının əhəmiyyətli amili – özünə inam hissi yox olur. Ailə üçün mənfi uşaq hisslərindən təhlükəli heç nə yoxdur.

4. Əgər valideynlər uşaqlarını səmərəli tərbiyə etmək və onları çatışmamazlıqlardan qurtarmaq istəyirlərsə, onlar pedaqoji qaydaları mənimsəməlidirlər və onlar üçün yalnız bir yolun – zorakılıq və amansızlıq yolunun açıq olmasına inanmamalıdırlar.

Şən ailə atmosferi – xoşbəxt təbəssüm, anlaşma, məhəbbət və bağlılıq - ən yaxşı tərbiyə vasitələridir. Nə üçün uşaqlar ağlamalı və kədərlənməlidirlər? Məgər xeyirxahlıq, ucadan gülüş və sevinc ifadə edən çöhrələr göz yaşından, qışqırıq və inciklikdən daha yaxşı deyilmi? Gəlin bizim məsum balalarımıza yalnız sevinc və xoşbəxtlik gətirək.

Söyüş, hədələr və fiziki cəza

 

Uşaqları döymək və onları söymək yolverilməzdir; əgər valideynlər fiziki cəzaya əl atsalar uşağın xarakteri korlanacaqdır. Məhəbbət və xeyirxahlıq insan xarakterinin kamilləşməsinə daha güclü təsir edir, nəinki, cəza.

Yaxşı bilirik ki, bir çox ailələrdə hədə və söyüş adi haldır. Valideynlər uşaqların sözə baxmaması və tərsliyi səbəbindən hövsələdən çıxır, sərt cəza tədbirlərinə, danlaq və hədələrə əl ataraq, öz narazılıqlarını açıqca ifadə edirlər: “Görüm səni heç doğulmayaydın”, “Birdə bu sözü işlətsən dilini kəsərəm”, “Allah səni öldürsün”, “Görüm zəlil olasan” və s. bu cür yanaşma uşaqlar üçün mənfi nəticələr törədə bilər. Onların bəziləri üzərində bir qədər ətraflı dayanaq.

Müəllim və valideynlərə məsləhətlərdən biri də odur ki, uşaqları heç vaxt söyməsinlər, çünki nitqin bu cür təsirli forması uşaqlarda abır-həya hissini dağıdır, onları özünəhörmət hissindən məhrum edir və onları öz tərbiyəçilərinə münasibətdə həyasızcasına aparmağa sövq edir. Vaxt ötdükcə uşaq kobudluq xəstəliyinə yoluxacaqdır. Əvvəlcə o, bu mənfur sözləri həmyaşıdları ilə ünsiyyətdə işlədəcək, sonra onun kobudluğu o dərəcədə artacaq ki, o, bu söyüşü müəllim və valideynlərinə qarşı  işlətməkdən də çəkinməyəcəkdir.

Elə də olur ki, uşaq uzun müddət təhqirlərə dözür, lakin an yetişir ki, onun səbri tükənir. Qürur hissi təhqirlərə dözməyə imkan vermir və qəzəb onu boğur, hörmətsizlik pası qəlbinin aydınlığını qaraldır. Nəticədə o, valideynlərini, onlar onu təhqir etdikləri kimi təhqir edəcək, vaxtı ilə onlardan aldığı həmin ləyaqətsiz və kobud sözləri onların özünə “qaytaracaq”dır. Nəzərə almaq lazımdır ki, əvvəlcə uşaq üçün söyüş və təhdidlər elə bir məna kəsb etmir, lakin sonralar tez-tez işlədilməsi nəticəsində o, özü üçün bu sözlərin mənasını aşkar edəcək və nəhayət, pislik bataqlığına elə batacaq ki, qurtuluşa aparan bütün qapılar onun üçün bağlı qalacaqdır.

Əgər valideynlər uşaqlara nümunə və insani münasibətlər sahəsində müəllim olmaq istəyirlərsə, onlar hər bir halda söyüş və qarğışdan imtina etməlidirlər. Davranışı düzəltməkdən ötrü kobudluqdan istifadə metodu alimlər tərəfindən müdafiə olunmur. O nəinki uşağın əxlaqını korlayır, həm də uşağın qəlbində güclü intiqam hissi yaradır. Bir gün gələcək ki, toplanmış qəzəb püskürəcək və uşağı əvəz çıxmağa məcbur edəcəkdir.

Əgər uşaqlar valideynlərini xeyirxah insanlar kimi qiymətləndirmirlərsə və onlarda özlərinə qarşı hiddət və qəzəb görürlərsə, onların valideynlərinə qarşı məhəbbət və bağlılığı, sədaqət və səmimiyyəti günbəgün azalacaqdır. Onlar təkcə sözə baxmayan olmayacaq, onların ürəyində nifrət və ədavət cücərtisi boy atacaqdır. Əgər atalar və analar  sərt tərbiyə üsulu üzərində möhkəm dururlarsa, uşaq və valideynləri arasında həmişə mövcud olmuş dostluq və bağlılıq münasibəti dağılacaq və uşaqlarda iddialılıq və təkəbbürlülük özünü daha çox göstərəcəkdir.

Digər tərəfdən, danlaq və söyüş kimi mənfi halların tətbiqi zamanı səciyyəvi olan uşağın hüquqsuz vəziyyəti, uşaq qəlbinin əhatə oluna biləcəyi məhəbbət və xeyirxahlıqdan olduqca uzaqdır. Hətta analar iddia etsələr ki, onlar hədə və söyüşü vərdiş olaraq işlədirlər və onları hərfi mənada başa düşmək lazım deyildir, hər halda deyilmiş sözlərin və edilmiş rəftarın uşaq qəlbinə çox ziyanlı təsirini inkar etmək mümkün deyildir. Ağıllı insan hər hansı işi görməzdən əvvəl onun nəticəsi haqqında düşünür, yəni “yeddi dəfə ölçür, bir dəfə biçir”. Beləliklə, valideynlər məzəmmət olunan o təcrübədən imtina etməli və uşağın arzu olunmaz hərəkətlərinin qarşısını kobudluq və qəddarlığa əl atmadan almağa çalışmalıdırlar.

Valideynlər, xüsusən də analar uşaqlarla mərhəmət və məhəbbət dili ilə danışmaqla onların ürəyini ələ ala bilərlər. Əgər psixi gərginlik, ağır imtahanlar və daxili konfliktlər zamanı valideynlər öz uşaqlarına dost və ya yoldaş kimi nəzər yetirsələr, uşaqlar da onlara “təhlükəsizlik adası” kimi baxacaq, onlara etibar edəcək və onlardan qaçmayacaqlar. Əgər  uşaq onun gözündə amansız və hökmlü görünən ata və anasını sevmirsə, onda dərin uçurum uşağı və valideynləri bir-birindən ayıracaqdır. Vəziyyət o dərəcədə ağırlaşa bilər ki, uşaq ailə ocağına arxa çevirə bilər. O, ailəni düşmən kimi qəbul edərək, təskinlik tapmaqdan ötrü başqalarında (hansılar ki, ona heç də yaxşılıq arzulamırlar) dayaq axtarmağa başlayacaqdır.

Əlbəttə, biz hamımız bilirik ki,  valideynin əsassız ciddiyyət nümayiş etdirdiyi, uşağın istəkləri ilə hesablaşmadığı və ona ehtiram göstərilmədiyi istənilən ailədə uşaqlar tədricən amansızlaşırlar. Tez-tez kədərlə üzləşən uşaqlar insanlardan kənar gəzir, onlara qarşı kobudluq edir və cəmiyyətdə qanun pozuntusuna yol verirlər.

Uşaqlarımız bağdakı gənc fidanlara bənzəyirlər. Onların bizimlə bağlılığa, xoşqəlbliliyə, dostluq və rəğbətə ehtiyacı vardır. Həssas və zərif uşaq qəlblərini qırmamaqdan ötrü valideynlər uşaqlarını çox böyük mərhəmət və səbrlə tərbiyə etməli, yüksək pedaqoji peşəyə yiyələnməli, uşaq psixologiyasının xüsusiyyətlərini nəzərə almaqla elmi metodikaları tətbiq etməlidirlər.

Boş və mənasız hədə-qorxular uşağın psixikasına ziyan yetirir. Onu da demək lazımdır ki, hətta həqiqi valideyn qəzəbini uşaqlar çox vaxt ciddi qəbul etmirlər. Ana öz hədəsini şişirtməklə uşağı hədələyirsə və bu zaman onu həyata keçirmirsə, uşaq başa düşür ki, onun sözləri boş səs-küydən başqa bir şey deyildir. Məqsədi də onu sadəcə qorxutmaqdır. Bu halda valideynlərin bütün öyüd-nəsihəti “kar”a ünvanlanmış olur və uşaq təzyiq, təhdid və başqa təsir vasitələrinə öz əks-tədbirləri ilə, kobudluq, bəzən isə qəhqəhə ilə cavab verir. Bütün İlahi Zühurların – Peyğəmbərlərin, müdriklərin və hər millət və mədəniyyətin alimlərinin tez-tez təkrar etdikləri Ümumbəşəri əxlaq prinsipləri, bəzən insanların düşüncəsinə yol tapa bilmir və özünün tərbiyəvi əhəmiyyətini itirir. Kimsə ona həvalə olunmuş işi axıra çatdıracağına söz verirsə, lakin bunu yerinə yetirmirsə, o, öz sözünə əməl etməyən adam reputasiyasını qazanır. 

İnsani xeyirxahlıqlardan və nəcib keyfiyyətlərdən biri də verilmiş söz və ya vədi yerinə yetirməkdir. Uşaq erkən yaşlarından ata və anasından icrası mümkün olmayan hədələr eşidirsə, o, valideynlərinin başqa vədlərini də boş və mənasız hesab etməyə və qulaq ardına vurmağa başlayır. O, özü də tədricən öhdəliklərini yerinə yetirməmək və boşboğazlıq vərdişlərinə yiyələnir.

Əgər valideynlər hədə və söyüşlər vasitəsilə uşağı tərbiyə etmək, onun davranışındakı qüsurları islah etmək istəyirlərsə, onlar məqsədlərinə nail olmaqdan ötrü bundan daha uzun yol seçə bilməyəcəklər. Əgər onların məqsədi uşağı qorxutmaqdırsa, bir daha qeyd edirəm ki, o, bu yolla əldə edilə bilməz. Valideynlərin bu təsir metodunun gərəksizliyi və ziyanı haqqında düşünmələri yaxşı olardı.

Uşaqları elə tərbiyə etmək lazımdır ki, ata və ana tərəfindən onlara qarşı cüzi diqqətsizlik belə öz-özlüyündə onlar üçün ən böyük cəza sayılsın. Buna yalnız xeyirxahlıq, mülayim davranış və düzgün danışıq tərzi ilə nail olmaq mümkündür. Valideynlər və uşaqlar arasında yaxınlıq qarşılıqlı ünsiyyət üslubundan asılıdır. Ailədə düzgün olmayan danışıq tərzi – valideynlərin nəzakətsizliyinin və pedaqoji hazırlıqsızlığının çox mühüm göstəricisidir. Bununla da, uşaqların mənəvi tərbiyəsinin əsas məqsədi həyata keçməmiş qalır.

Valideynlər uşaqlara hansı hallarda onları cəzalandıracaqlarını (həm də cəzanın dərəcəsi öncədən müəyyən edilməlidir) öncədən xəbərdarlıq edirlərsə, o zaman onlar öz sözlərində ardıcıl olmalı, həmişə vədlərinə əməl etməli və uşağı deyilmiş qaydada tənbeh etməlidirlər. Tərbiyə qaydaları təsadüfdən təsadüfə tətbiq olunursa, səmərəsiz olacaqdır. Cəzadan imtina ona gətirəcək ki, gələcəkdə valideynlərin xəbərdarlıqları öz əhəmiyyətini itirəcəkdir. Məsələn, ona tapşırılmış işi görməsə onu özləri ilə aparmayacaqlarına və ya bu və digər tapşırıqları yerinə yetirərsə ona nəsə alacaqlarına söz vermiş valideynlər, gərək öz sözlərinin üstündə dursunlar və uşaq ağlasa da, qışqırsa da onun tələbi yerinə yetirilməməlidir. Rəhm hissinə qapanan, istədiyi şeyi əldə etmədiyi üçün ağlayan uşağa yazığı gələn valideyn bununla da uşağı göz yaşını tökməklə istədiyi hər şey əldə etmək vərdişinə alışdırır. Beləcə, valideynlər öz tələblərinin yerinə yetirilməsi məsələsinə son qoyurlar və bununla da onların qabaqlayıcı tədbirlərinin bundan sonra uşağa heç bir təsiri olmur. Çox əhəmiyyətlidir ki, valideynlər bu məsələyə xüsusi diqqət yetirsinlər (hətta ilk baxışda bu onlara o qədər də əhəmiyyətli görünməyə bilər), onu hərtərəfli müzakirə etsinlər, çünki uşağın sonrakı inkişaf mərhələlərində ona təsir etmək imkanları bundan çox asılıdır.

Təhqir və hədə kimi, fiziki cəza da uşaq üçün olduqca təhlükəlidir. Əksər mütəxəssislər uşaqla qəddar münasibətin onu korlaması və xarakterini pozması fikrindədirlər. Hələ XVI-XVII əsrlərdə Martin Lüter, Con Lokk, Tomas Mor, Yan Amos Komenskiy kimi maarifçilər və pedaqoqlar uşaqların döyülməsinə ikrahla yanaşmış və valideynlərə və tərbiyəçilərə bu cür mənfur hərəkətdən uzaq olmağı məsləhət görmüşlər. XX əsrin əvvəllərində hətta uşaqların fiziki cəzalandırılması ideyası əksər pedaqoqlar üçün yolverilməz hesab olunurdu.

Valideynlər Öz Uşaqları İlə Bacarm

ayanda, onların pis davranışlarını dəyişdirə bilməyəndə, suda batan saman çöpündən yapışan kimi, onlar da bu vasitədən yapışırlar. Halbuki onun yanlışlığı uşaq psixologiyası elmi tərəfindən sübuta yetirilmişdir. Bu elm, tərbiyəçilərə güc və məcburiyyətə güvənmək deyil, uşağın hər bir yaş dövründə psixi inkişaf qanunauyğunluğunu dərk etməyi və onun ruhunun qapılarını sındırmaqdan ötrü deyil, asanlıqla açmaqdan ötrü uyğun açar seçməyi tövsiyə edir.

Fiziki cəzanın mənfi nəticələri çoxsaylıdır və bu özünü onda göstərir ki, uşaqlar hissiyatsız və kobud şəxsə çevrilirlər, onların ürəyində qisas hissi yetişir. Tədricən onların özünü dəyərləndirməsi aşağı düşür, söhbət və öyüd-nəsihətlər öz səmərəsini itirir ki, bu da öz növbəsində tərbiyəçini daha sərt cəza tədbirlərinə əl atmağa məcbur edir. Savadsız tərbiyəçi cəza vasitəsi kimi uşaqlara ağrı gətirməklə, onlara əziyyət verməklə onlarda yumuşaq ürəklilik, həlimlik və zərifliyin inkişafına imkan vermir, uşağı daş ürəkli, qəddar və kinli varlığa çevirir. Görünür ki, bu cür tərbiyəçilərin  sayı artır və bu da cəmiyyətin tərəqqisi haqqında düşünən kəsləri ciddi narahat etməyə bilməz. Russonun nəzərincə, uşaq öz təbiətinə görə ruhən pak və xeyirxahdır. Ona görə də onun təbii xasiyyətini, temperamentini dəyişmək, fərdiyyətini sındırmaq olmaz.

 

Uşaqları Qorxutmaq Olmaz

.....bizim davranışımızda nəzakətlilik və təvazökarlıqdan başqa heç bir başqa mənəvi keyfiyyət heç bir halda özünü göstərməməlidir.

Valideynlərin tərbiyə ilə bağlı başqa geniş yayılmış səhvi onların uşaqları qorxutmaq cəhdidir. Əgər uşaqlar qorxmağa başlayıblarsa – bu ağır nəticələrə gətirib çıxaracaq çox ciddi bəladır.

Məsələn, balaca uşaq (ola bilsin ki, onun qarnı ağrıyır və yaxud diş çıxarır) şıltaqlıq edir, qışqırır, özünü pis aparır. Ana onu satikləşdirmək istəyir. Bu ona müyəssər olmayanda, anasının və ya dayəsinin oxşar hallarda nə cür hərəkət etməsi yadına düşür və “düşüncəsiz” uşağı qorxutmağa cəhd edərək, ona deyir: “indi canavar gəlib səni yeyəcək”. Ana bu cür hərəkət etməklə ümid edir ki, “düşüncəsiz” uşaq qorxacaq və şıltaqlıq etməkdən əl çəkəcək. Bəzi valideynlər uşağı bu və ya digər hərəkətə sövq edən səbəbləri araşdırmaq əvəzinə, onun diqqətini cinlər, divlər, əcinələr, küp qarıları, qulyabanilərin qorxulu hadisələri ilə yayındırmağa üstünlük verirlər. Bu mifik obrazlar balaca mələkdə qorxu və dəhşət törədir ki, bu da onlarda emosional pozğunluğa gətirib çıxarır. Bu cür tərbiyə taktikasının əsas səbəbi – uşaq psixologiyası haqqında biliyin azlığı, valideynlərin pedaqoji savadsızlığıdır.

Qızları uşaq yaşlarının fiziologiyası və psixologiyasının əsasları ilə tanış etmək olduqca əhəmiyyətlidir. Bu onlara ana olanda əldə etdikləri biliklərdən ailə həyatında səmərəli istifadə etməyə imkan verərdi.

Hər bir yaş dövründə uşağın psixologiyasını dərk etməyə, ailə tərbiyəsinin pedaqoji metodlarını anlamağa cəhd edən valideynləri gün işığında açıq gözlə yol gedən, düz yolu tikanlı kolların basdığı dolaşıq yoldan asanlıqla ayıran adama bənzətmək olar; pedaqoji bilikləri olmayan valideynləri isə gözləri torlanmış adamlara oxşatmaq olar ki, onlar yolu əl ilə yoxlayıb tapmaq məcburiyyətindədirlər. Onlar bu çətin yolda saysız-hesabsız çətinlik və təhlükələrdən mühafizə olunmayıblar.

 

Valideynlər narahat və bir yerdə qərar tuta bilməyən uşaqları qorxutmaqdansa, bu cür davranışı törədən səbəbi öyrənməyə və uşağı başa düşməyə cəhd etməlidirlər. Daim qorxutma, təhdid və ya cəzadansa, bu cür “profilaktik tədbirlər” daha yaxşıdır. Ailə pedaqogikasının əsas qaydalarının birində bildirilir: uşaq səbəbsiz nə ağlayır, nə də qışqırır. Əgər uşağın narahatçılığı davam edirsə və ana bunun səbəbini aydınlaşdıra bilmirsə, onda mütəxəssisə - həkim və ya psixoloqa müraciət etməlidir. Uşağı qorxutmaq praktikası onun fiziki və psixi inkişafına ölçüyəgəlməz dərəcədə ziyan vurur və gözləndiyinə zidd olaraq əks səmərə verir. Həyəcan və qorxu hissi uşağın əsəb sistemini zəiflədir.O həmçinin xəstə düşüncənin və qorxaqlığın əsas səbəbkarıdır. Uşaq müşayiətçisiz evdən çıxa bilmir, həyat təcrübəsinin olmaması səbəbindən o bir sıra təbiət hadisələrindən, məsələn, göy gurultusundan, ildırım çaxmasından, leysan yağışdan, küləkdən qorxur. Adət etmədiyi, tanımadığı hər bir şey onda qorxu yaradır. Hətta sürəkli yuxu əsəb sistemini bərpa edə bilmir, gecə qarabasmaları onu dəhşət içində yuxudan oyanmağa, ağlamağa və qışqırmağa məcbur edir. Uşaq özünə yer tapa bilmir, anasından onu tək qoymamağı, yuxuya gedənə kimi əlindən tutmağı xahiş edir.

 

Bəllidir ki, qorxudulmuş adam gənclik və yetkinlik çağlarında həyatda rastlaşacağı çətinlik və məşəqqətlərlə mərdlik və ləyaqətlə üzləşmək iqtidarında olmayacaqdır. Bu fəslin sonunda aşağıdakıları bir daha yada salmaq vacibdir: uşaqlıq çağlarında yaşanmış mənəvi sarsıntılar öz təbiətinə görə dayanıqlıdır. Bu sarsıntılar uşağın fiziki və əqli inkişafına mənfi təsir göstərir və ona görə də valideynlər öz ailə praktikalarında uşaqları qorxutmaq kimi “tərbiyə vasitələrindən” tamamilə imtina etməlidirlər.

Zarafatda Müəyyən Hədd Gözlənilməlidir

Hər şeyin həddi var. Əgər bir şeyin həddi aşılarsa, pisliyin mənbəyinə çevriləcəkdir.

Qədimlərdə yaşamış bir ərəb mütəfəkkiri demişdir: “Yeməkdə duz nədirsə, söhbətdə də zarafat odur”. Həddən artıq duz qatılması yeməyi yeyilməz hala gətirdiyi kimi, həddi aşan zarafat da əksər hallarda xoşagəlməz emosiyalar, ixtilaf, narazılıq yaradır və ailə üzvləri arasında düşmənçiliyin əsasını qoyur.

Bəzi yaşlı adamlarda istehzalı və zarafatyanı danışıq tərzi təkcə öz hissiyatını bildirmək qaydası deyil, həm də həyat tərzidir. Təəssüf doğuranı odur ki, böyüklərin yersiz zarafatları arabir uşaqlara da yönəldilmiş olur. Böyüklər söhbət zamanı uşaqlarla kobud zarafatlar edir ki, bu da davranış mədəniyyətinin tələblərinə cavab vermir və uşaqlarda müsbət mənəvi keyfiyyətlər tərbiyə etmir. Bu cür danışıq tərzinin müəyyən mənfi nəticələri vardır ki, onların bəziləri üzərində ətraflı dayanacağıq.

1. Əgər zarafat həddini aşırsa, bu zaman hər iki adam,  həm zarafat edən, həm də dinləyən nəzakət və özünə hörmətin sərhədini aşmış olurlar. Əylənmək xətrinə pərdəni aradan götürən yaşlı adamın şəxsiyyəti uşağın gözündən düşür və o, həmin adama hörmət etməyi özünə borc bilmir. Belə uşaq böyüdükcə, tədricən kobud,  sırtıq və cavab qaytaran olur. 

2. Böyüklərin bu cür hərəkəti ona gətirib çıxarır ki, məsum uşaq ədəb qaydalarını pozmağa başlayır; yersiz zarafatlar və ədəbsiz söhbətlər edir, özünü təlxək kimi aparır. Bu onun üçün vərdişə çevrilir. Onun təhqiredici sözlərinin nəticəsi isə inciklik olur.

3. Təcrübə təsdiq edir ki, təlxək hoqqaları insanda həddini aşma halına gətirib çıxaran vərdişlərdən biridir. Bu xüsusiyyətinə görə o, qumar oyununa bənzəyir. O zaman ki, insan zarafatları ilə ətrafdakıları əyləndirir və onların tərifini qazanır, o, öz hərəkətlərinə hədd qoya bilmir, nəsə daha kəskin, daha əyləndirici söz demək istəyir. Əgər hansısa zarafat və ya lətifə uğursuz alınırsa, öz uğursuzluğunu ört-basdır etməkdən ötrü cəhdlərini bir qədər də artırır və “bu döyüş meydanında” uğur əldə etmək ümidi ilə hücuma keçir və daha uzağa gedərək özünə hədd qoyma hissini itirir.

4. Arasıkəsilməyən zarafat və maskara vasitəsilə kənar şəxslərin diqqətini özünə cəlb etmək vərdişi uşaqları və böyükləri hoqqabazlığa alışdırır və onlar cəmiyyətdə hörmətə layiq olmayan arsız  və nəzakətsiz kimi tanınırlar.

5. Uşaq başqa insanlara nəzakətsizlik nümayiş etdirəndə, səfeh sözlər deyəndə, hoqqabazlıq edəndə, özü də bunu bilmədən özünün zərif və həssas ürəyini yaralayır, tədricən söyüş və əsəbiliyə alışır, fərdiyyətini itirir və qəlbi daşa dönür. Uşaqlıqda pis xasiyyətlərə vərdiş etmək, şübhəsiz ki, insanın ruhani inkişafına mənfi təsir göstərəcəkdir.

Ədəbsiz zarafatlar və uşaqların qıcıqlandırılması ailə praktikasından tamamilə çıxarılmalıdır. Böyüklərin uşaqlara böyük məhəbbət, hörmət, nəzakət və ləyaqətlə yanaşması daha düzgün olardı. Hətta qısa və ötəri söhbətlər zamanı belə, uşaqların başa düşdüyü sadə dildə onların dünyagörüşü genişləndirilməlidir. Böyüklər uşaqları xoşbəxt görmək istəyirlərsə, həddi aşmadan və ədəb qaydalarını gözləməklə, onların ürəyini şən və məzəli əhvalatlarla sevindirə bilərlər. Bununla belə, uşaqlarla söhbət zamanı ciddi mövzulardan çəkinmək yanlış fikirdir. Bu tamamilə belə deyildir. Uşaqların da ciddi və faydalı informasiyaya ehtiyacı vardır. Lakin onlar istəyirlər ki, böyüklər onlara bir şey haqqında danışanda sadə və onların dərk edə bildiyi dildən istifadə etsinlər.

Valideynlər uşaqlara ağılsız şeylər danışmaq, lağa qoymaq və onları faydasız mübahisəyə cəlb etmək əvəzinə (hesab etmək ki, uşaqları yalnız mənasız və səthi söhbətlərlə maraqlandırmaq olar), uşaqlara şeylərin mahiyyətini izah etməli, onların dünyagörüşünü genişləndirməli, onlarda biliklərə, elmi axtarışlara və məntiqi düşüncəyə maraq yaratmalıdırlar.

Təbiətdə insanın da tabe olduğu ümumi bioloji prinsip mövcuddur. Bu prinsipə görə əgər orqan daim işləyirsə, o uzun müddət fəaliyyət göstərəcəkdir. Yox o əgər işləmirsə, fəaliyyətsizlikdən onun funksional imkanları zəifləyəcəkdir. Bu prinsip təfəkkür qabiliyyətinin funksiyasına da aiddir. Təfəkkür qabiliyyəti inkişaf etdirilmirsə və ya istənilən  predmetin mahiyyəti dərk edilmirsə, hər şeydə və hər zaman zarafata salmaqla və mənasız mülahizələrlə canını qurtarmağa cəhd edilirsə, təfəkkür qabiliyyətinin potensialı tədricən aşağı düşəcəkdir.

Bu həqiqəti unutmayaq və bu fəsildə nədən başladığımızı da yada salaq: ədəbsiz  və yersiz zarafatlar ətrafdakılara narahatçılıq yaradır, uşaqların və böyüklərin sərbəst və təbii ünsiyyətini mümkünsüz edir, uşaqlara mənfi təsir göstərir.

Səhvlərə və Kiçik Xətalara Göz Yumun

Başqa insanın hissiyatına toxunmaqdan və ya qəlbini qırmaqdan çəkinin, heç kimə məzəmmət etməyin və heç kimdə qüsur axtarmayın, istər dost, istərsə də düşmən olsun...

Valideynlər uşaqları kiçik səhvlərə və xətalara görə cəzalandırmaqla çox böyük səhvə yol vermiş olurlar, halbuki onlara diqqət yetirməmək də olar. Atalar və analar əksər hallarda uşağın hərəkətlərində və ya danışığında hər hansı xəta və ya səhv görəndə üstünə düşür və onu cəzalandırmağa çalışırlar. Onlar İlahi bağın bu zəif fidanlarının xəcalət çəkməsini, həyəcan keçirməsini və öz gücünə inamını itirməsini görəndə, bundan hətta zövq alırlar.

Təkcə öz görkəmi ilə ceyranı vahiməyə salan daşürəkli aslan kimi, valideynlər, zəif və köməksiz uşaqlara nəzər salmaqla öz güc və hakimiyyətinə sevinirlər. Bu cür mövqe mənfur olduğu üçün insaniyyət və məhəbbət naminə hər bir ailədə rədd edilməlidir. Yalnız pis olana diqqət yetirilərsə, bəs uğur qazanmaqdan ötrü uşaq gücü haradan almalıdır?

Uşaq məktəbdə qələmini sinif yoldaşına verir. Çətinliyə düşmüş dosta kömək etməyi təbii hesab edən böyüklər də iltifat və yumşaqürəklilik nümayiş etdirərək çox vaxt bu cür hərəkət edirlər. Uşaq evə qayıdanda, anası narazı halda ondan qələmin yerini öyrənmək istəyir.

“Doğru olanı desəm, mütləq söyüləcəyəm, - oğlu düşünür, - əgər deməsəm, bu yalan olacaq. Atam, anam və ümumiyyətlə, hamı deyir ki, yalan danışmaq günahdır və heç bir halda yalan danışmaq olmaz”. Nəhayət, uşaq o nəticəyə gəlir ki, indiki vəziyyətdə o, kiçik yalana əl atmalı və bununla da “sərt” ananın tükənmək bilməyən suallarından canını qurtarmalıdır. Tez seçim edərək, uşaq anasına deyir ki, qələmi məktəbdə itiribdir.

Bir neçə gündən sonra ana təsadüfən oğlunun sinif yoldaşından oğlunun qələmi dostuna verdiyini öyrənir və aldadıldığını başa düşür. Sonrakı hadisələri təsəvvür etmək yəqin ki, çətin olmaz. Məktəbdən qayıtmış  uşaq kiçik qardaşı və bacısı ilə nahar stolunun arxasında oturur. Ana düşmən qalasını zəbt etməyə hazırlaşan qəsbkar kimi hücuma keçir və uşaqdan soruşur: “iki gün əvvəl səndən qələmini soruşanda mənə nə cavab verdiyini təkrar et!”. Bu zaman uşağın məhbəsə salınmış cinayətkar tək “ittihamçının”  və “məhkəmənin” qərarını dinləməkdən başqa alternativi qalmır. O, təlaş içində anasına baxır, lakin  susmaqda davam edir.

Ana təkidlə sualını təkrar edir: “ - Qələmini nə etmisən?”

- Mən dedim axı, onu məktəbdə itirmişəm. Bir ucuz qələmdən ötrü məni niyə bu qədər sorğu-suala çəkirsən ?

- Əlbəttə, - ana cavab verir, - qələmin elə bir qiyməti yoxdur. Məni qələm heç narahat etmir. Məni narahat edən sənin davranışındır. Sənin hərəkətlərin mənim üçün daha əhəmiyyətlidir nəinki qələm. Ona görə də mənə de görüm qələm haradadır ?

- Mən onu məktəbdə itirmişəm.

- Sən yalan danışırsan, - ana hirslə qışqırır.- Boynuna al, sən onu dostuna vermisən. Niyə görə sən bunu məndən gizlətmisən? Neçə dəfə sənə demişəm ki, yalan danışmaq olmaz!? Yalan danışmaq günahdır....

Yəqin ki, uşaq özünü müdafiə etməkdən ötrü ağzını açmağa imkan tapmamış, ana onun haqqında düşündüklərinin hamısını deyəcək və onun bu kiçik səhvini bağışlanılmaz  qəbahət olduğunu söyləyəcəkdir. Ruhdan düşmüş, göz yaşlarını güclə saxlayan qəlbi qırılmış uşaq məktəbə qayıdacaqdır.

Anadan ola bilsin ki, soruşmaq lazımdır ki, “əgər mərhəmətli Allah sənin bütün qüsurlarının və günahlarının hesabını tutsaydı, onlara görə səni cəzalandırsaydı, onda sənin halın necə olardı?”

Uşağın cəzalanmaq qorxusu altında həqiqəti gizlətməsi valideynlərin tərbiyə prosesində artıq səhvə yol verdiklərindən xəbər verir. Uşaqların kiçik səhvlərinə və xətalarına göz yumulmalıdır və onlar sərtliyə və amansızlığa yol verilmədən ağılla və tədbirlə düzəldilməlidir. Oxatan ağac budağından ox düzəltmək istəyirsə, onu  qayğı və  ehtiyatla əyməlidir ki, sınmasın.

Uşağı pərt etmək  və ağlama həddinə çatdırmaq düzgün olmayan hərəkətdir və valideynlər istənilən vəziyyətdə səbirli olmalı, uşağın davranışında “düzgün olmayan” hər hansı bir şeyi sezəndə o dəqiqə onun üstünə atılmamalıdırlar. Əgər uşaq haqsızsa, təmkin və səbrlə uğursuzluğun səbəbi araşdırılmalı, səhvin pedaqoji vasitələrlə düzəldilməsinə cəhd edilməli, kobudluq və qəddarlıqdan, əsassız tənqiddən qaçılmalıdır.

Valideynlərin uşağa şüurlu şəkildə yalana əl atdığını sübut etmələrinin nəticəsi yaxşı olmayacaqdır.

Möhtərəm tərbiyəçilər! Hörmətli valideynlər! Sizin uşaqlar böyük bağda yetişən zərif çiçəklər kimidir. Onların üzücü hərarətə və güclü küləyə yox, səhər mehinə və bahar günəşinin istiliyinə ehtiyacı vardır. Uşaqlarınıza buraxdıqları səhvlərə və xətalara görə nifrət edib, onları lənətləməyin, onları təhqir etməkdən, onlara qarşı zor işlətməkdən, dostları qarşısında alçaltmaqdan çəkinin. Uşaqlarla son dərəcə mehribanlıqla və nəzakətlə davranın ki, onların sizə qarşı ehtiramı ürəkdən gəlsin və sizə qarşı münasibətdə Allah qarşısındakı borclarını yerinə yetirə bilsinlər.