top of page
Yeniyetmələrlə Məsləhətləşin
2
3
4
5
6
7
8
9

Uşaqların İnkişafı Üçün Əlverişli Şərait 

Uşaqların qayğısına qalmaq, onları qorumaq və tərbiyə etmək vacibdir; uşaqlara qarşı həqiqi mərhəmət və valideyn borcu budur.

 

Platonun zamanından bizim günlərə kimi yüksək savadlı müdrik insanlar, alimlər və müəllimlər iddia edir ki, ailə uşaqların psixoloji təşəkkülünə böyük təsir göstərir və onların əqli imkanlarının formalaşmasına, ruhani və fiziki qabiliyyətlərinin harmonik inkişafına, sağlam mənəvi prinsiplər ruhunda tərbiyəsinə görə böyük məsuliyyət daşıyır.

Tərbiyə haqqında kitablar daim valideynlərə xatırladır ki, əgər onlar uşağın sağlamlığı qayğısına qalırlarsa və onun fiziki inkişafından ötrü canla-başla çalışırlarsa, uşaq ətraf mühitin zərərli təsirindən qorunacaqdır. Bunu intellektual qabiliyyətlərin inkişafı və mənəviyyat haqqında da demək olar. Ruhani inkişafdan qalmış insan, rahatlıq və zənginlik içində böyüsə də, fiziki cəhətdən sağlam, elm və sənət sahəsində möhkəm olsa da, harmonik şəxsiyyətə məxsus kamilliklər onda başlanğıc halından qabağa getməyəcək və o, bizim insan dünyasına, bəşəriyyətin buna görə ona minnətdar olduğu yaxşı heç bir şey verməyəcək. Tanınmış İran şairi Sədi bu fikri aşağıdakı şəkildə ifadə etmişdir:

Comərdlik və yaxşılıq 
Budur insanın gerçək məqamı,
Heyvan dünyasında tapmazsan onları
Bu keyfiyyətlər olmadan,
İnsanın divardakı rəsmdən nədir fərqi

    

Oxucuya ailə tərbiyəsinin uşağın psixoloji inkişafına təsirini göstərməkdən ötrü bu sahədə mütəxəssis kimi dünyada ad çıxarmış Raul Bertin müşahidələrinin nəticələrini nümunə gətirək. O, aşağıda göstərilən səbəbləri uşağın əqli inkişafına və onun gələcəyinə mənfi təsir göstərdiyini, onu diqqət, qayğı və tərbiyə payından məhrum etdiyini düşünür.

1.    Ata və/ və ya ananın ölümü.

2.    Valideynlərin boşanması və ailənin dağılması.

3.    Atanın tez-tez harasa (səyahət, xidməti ezamiyyə və s.) müvəqqəti getməsi.

4.    Ananın uzum müddət olmaması və uşağın yad adamların yanında qalması.

5.    Valideynlərin uşağın ruhani tərbiyəsinə kifayət qədər diqqət yetirməməsi, həmçinin uşaqlara pis nümunə kimi valideynlərin mənfi davranışı – yadlaşma, mübahisə, qəzəb, söyüş və s.

6.    Ailədə alkoqollu içkilərə aludəçilik.

7.    Ata və ya ananın siqaret çəkməsi.

8.    Ata və ya ananın və ya hər ikisinin səviyyəsi aşağı olan dostları.

 

Evdə hətta kitabların sayı, onların mövzusu, ananın təhsil səviyyəsi, valideynlərin bir-biri ilə danışıq tərzi və s. uşaqların psixoloji inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

 

Rus pedaqoqu, həkim, uşaq xarakterinin tədqiqi sahəsində mütəxəsis P.F.Lesqaft uşaqlara münasibətdə valideynlərin ailədə uşağın davranışına təsir göstərən altı mövqeyini ayırmışdır.

1. Əgər valideynlər uşaqlara diqqət yetirmir, onları alçaldır, onların ehtiyaclarına etinasız yanaşır, onlarla hesablaşmır, onların təlim-tərbiyəsinə cüzi də olsa, əhəmiyyət vermirlərsə, bu cür ailələrdə uşaqlar iki üzlü və yalançı böyüyürlər, onlarda çox vaxt yüksək olmayan intellektual səviyyə və ya əqlin inkişafdan qalması müşahidə olunur.

2. Əgər valideynlər daim uşaqlarını tərifləyir, əzizləyir, onları kamillik nümunəsi hesab edirlərsə, uşaqlar eqoist və səthi böyüyürlər. Həddsiz heyranlıq mövqeyi uşaqda son dərəcə güclü özünə əminlik, öz şəxsiyyəti haqqında yüksək fikir yaradır.

3. Sakitlik, xoşbəxtlik və harmoniyanın hökm sürdüyü, valideynlər arasında münasibətlərin həqiqi məhəbbət və ehtiram əsasında qurulduğu ailələrdə, yetkinlik yaşına çatmış uşaqlar yumşaq ürəkliliyi və dərin təfəkkürü ilə seçilirlər. Onlar daim öyrənməyə, biliklərə yiyələnməyə can atırlar. 

4. Valideynlər daim uşaqdan narazı qalanda, onu məzəmmət və töhmətləndirəndə, hər məsələdə təqsirkar biləndə, uşaq bu cür münasibətə cavab olaraq qaba hərəkət etməyə, itaətsizlik göstərməyə başlayır, qəlbinin dərinliyində həmişə qəzəb və inciklik yaşayır, o, əsəbi və emosional baxımdan səbatsız böyüyür.

5. Valideynlər uşağı hədsiz əzəzləyir və qoruyur, hər istəyini yerinə yetirir, yaşını nəzərə almadan onunla körpə kimi rəftar edir, sərbəstliyinə əngəl törədirsə (məsələn, hətta çəkməsini sərbəst geyməyə imkan vermirsə), bununla da onlar onun əqli və fiziki fəallığını məhdudlaşdırırlar. Uşaqlar tənbəl, sosial baxımdan yetişməmiş, real həyatın üzünə baxmaq qabiliyyəti olmayan şəxs kimi böyüyürlər.

6. Maliyyə çətinlikləri uşaqlara münasibətdə valideynlərin mövqeyinə, məhəbbətlərinin ifadəsinə təsir göstərmirsə, uşaqlar zəhmətkeş, emosional baxımdan sakit, təvazökar böyüyürlər. Lakin aşağı həyat səviyyəsi ailə münasibətlərinə təsir göstərirsə, məhəbbət, valideyn qayğısı həmin evi tərk edirsə, uşqlar özlərini bədbəxt, atılmış hiss edir, gələcəyə bədbin, ümidsiz və kədərlə baxırlar.

    

Uşaqların psixoloji inkişafı, mənəvi təşəkkül tapması, davranış nümunələri, sosial qaydalar, əlaqələr, prinsiplər – bütün bunlar ailə münasibətlərinin strukturuna əsaslanır. Cəmiyyətin firavanlığı, onun tərəqqisi və ya durğunluğu ata və anaların həmin tutduğu mövqeyindən, onların sözündən, əməlindən, qayğı və diqqətindən asılıdır. Görünür valideynlərdən, xüsusən də analardan öz müqəddəs vəzifələrini reallaşdırmaq və üzərlərinə qoyulmuş həmin məsuliyyəti tam dərk etmələri tələb olunur. Törətdiyi əməldən, işlətdiyi sözdən, ünsiyyət etdiyi insandan, həll etdiyi problemdən asılı olmayaraq, öz müqəddəs vəzifələrini yadda saxlamaq onlar üçün vacibdir. Bu yola düşmüş insan səbr, mərhəmət, yenilməzliyi özünə yol tədarükü etməli, öz gücünü və biliyini durmadan artırmalıdır.

Anaların Məsuliyyəti

Uşaqlara münasibətdə başlıcası, Həzrət Bəhaullahın Yazılarında dəfələrlə qeyd edildiyi kimi, anaların məsuliyyətidir. Ananın yeganə imtiyazı evdə uşağın maddi firavanlığından və ruhani rifahından ötrü ən əlverişli şəraiti yaratmaqdır. Uşağın anasından ilk dəfə həyatında aldığı onun gələcək inkişafının təməlini təşkil edir....

    

Siz ey sevən analar, bilin ki, Allaha ibadət üsullarının ən yaxşısı – uşaqlara tərbiyə vermək və onlara bütün insani kamillikləri öyrətməkdir. Bundan xeyirxah əməl yoxdur.

    

Ailədə ananın vəzifə və məsuliyyətləri, şübhəsiz ki, atanınkından daha yüksəkdir. Məhz ana uşaqlar üçün mənəviyyatın mənbəyidir və bu da onların davranışını müəyyən edir. Daim ana ilə ünsiyyətdə olan uşaq tez bir zamanda onun baxışlarını, fikirlərini, mülahizəsini və vərdişlərini mənimsəyir. Ana heç bir halda uşağın tərbiyəsində məntiqi hədləri keçməməlidir. O, kamilliklər və tərifə layiq davranış əldə etməyə çalışmalıdır ki, uşaqlar ondan nümunə götürə bilsinlər. Allahın hökmünə zidd olaraq, əgər ananın ləyaqəti uşaqların gözündə zəifləyərsə və hörməti azalarsa, onda uşaqların tərbiyəsi çətinləşər və hətta qeyri-mümkün olar. Bunu ata da bilməlidir və heç vaxt ananı uşaqların yanında alçatmamalı və onların gözündə hörmətdən salmamalıdır. Ailədə ananın statusunun aşağı salınması uşağın rifahına zərbə vurar və ailə birliyinin əsaslarını sarsıda bilər. Bu uşaqların tərbiyəsində çox vacib prinsipdir və ona biganə yanaşılmamalıdır.

Valideynlər və Uşaqların Qarşılıqlı Münasibətləri    

Siz yaxşı xasiyyətin tərbiyə olunmasına birinci dərəcəli problem kimi baxmalısınız. Öz uşaqlarına düzgün məsləhətlər vermək və cəmiyyətdə ləyaqətli yer tutmalarından ötrü onlara rəhbərlik etmək ata və ananın üzərinə qoyulmuş vəzifədir.

    

Bir çox atalar ailədə öz vəzifələrini məhdudlaşdırırlar. Onlar yalnız işləməyi və ailənin maddi rifahının təmin edilməsini özlərinin əsas vəzifəsi hesab edirlər.  Öz növbəsində, davranışın bu stereotipinə uyğun olaraq, bir çox analar da  evdə öz səylərini hamını yedizdirmək və gündəlik tələblərini ödəmək məsələlərində cəmləşdirirlər. Beləliklə, uşağın ruhani inkişafının, onun intellektual qabiliyyətlərinin artırılması qayğısına qalmaq uşaq bağçasındakı tərbiyəçilərin, ibtidai və orta məktəbdə müəllimlərin üzərinə qoyulur.

    

Valideynlər səhvən uşaqlarla sıx və dostluq münasibətlərinin böyüklərin statusunu aşağı saldığını düşünürlər. Uşaqların səs-küyü, gülüşü və boş söhbətləri onların qanını qaraldır. Onlar adətən, uşaqlara “bizi rahat buraxın, görmürsüz biz məşğuluq” – deyirlər. Düşüncənin bu cür stereotipi tamamilə səhv, istifadə olunan metodlar isə yararsızdır, çünki – ev uşaqlarda yumuşaq ürəklilik, sağlam emosiyalar və düzgün düşüncə tərbiyə etməkdən ötrü ən yaxşı yerdir, ən ixtisaslaşmış tərbiyəçilər isə atalar və analardır. Uşaq bağçaları və məktəblər öz funksiyalarını nə qədər yaxşı yerinə yetirsələr də, onlar uşağa evi və valideynləri əvəz edə bilməzlər. Həzrət Şövqi Əfəndi yazır: “Uşaqların tərbiyəsi ilə bağlı problemə gəldikdə, mən bir daha Həzrət Bəhaullah və Həzrət Əbdül-Bəhanın uşaqların, xüsusən də erkən yaşlarında, məhz valideynləri tərəfindən tərbiyə edilməsinin zəruriliyinin vurğuladıqları həmin məsələlərə xüsusi diqqət yetirmək istərdim. Buna daha çox üstünlük verilməlidır, nəinki, uşaqların ilk bilik və nəsihətin ananın əlindən deyil, yad insanlardan aldığı uşaq bağçasında tərbiyə olunmasına”.

    

Uşaq bağçalarında və məktəblərin ibtidai siniflərində uşaqlarla məşğuliyyət elə qurulub ki, tərbiyə məsələlərində və təlim metodlarında bütün uşaqlara eyni cür yanaşmağa məcburdurlar; fərdi cəhətlərində fərqlərə baxmayaraq, uşaqlar üçün təlim-tərbiyə proqramı vahiddir. Hətta uşaq bağçalarında və məktəblərdə təlim - tərbiyə prosesində hər bir uşağın  psixoloji cəhətləri, qazanılmış və anadangəlmə xüsusiyyətlərini nəzərə almaq istəsələr belə, bunu praktiki cəhətdən həyata keçirmək mümkün olmazdı. Pedaqogika elminin bu sahədə böyük nailiyyətlər əldə etməsinə baxmayaraq, təlim-tərbiyə prosesində fərdi yanaşma problemi hələ də öz həllini tapmamışdır. Alimlərə, bir qayda olaraq, hər kəsin fərdi cəhət və tələblərini nəzərə almağa imkan verən təlim-tərbiyənin əsas prinsiplərini işləmək hələ də müəssər olmayıbdır. Bu kitabın müəllifi bir sıra Avropa məktəblərində və uşaq bağçalarında olmuş, onların bəzilərində işləmişdir. Pedaqoji təcrübə göstərir ki,  bəzi şagirdlərin bu və ya digər fənni mənimsəyə bilməməsi mütəxəssislər tərəfindən təbii hal kimi qəbul olunur.

    

Bununla belə biz etiraf etməliyik ki, pedaqogika elmində ailənin uşağın tərbiyəsinə təsirinə çox böyük əhəmiyyət verilir. Tərbiyə məsələlərinin öhdəsindən  o analar yaxşı gəlir ki, özləri uşaqlarla məşğul olur, onların maraqlarını, meyllərini, davranış xüsusiyyətlərini nəzərə alırlar. Elə bu səbəbdən analar uşaqları dayələrin və uşaq bağçalarının ixtiyarına buraxıb, işdən iki əlli yapışmaq əvəzinə, evdə oturub onların qayğısına özləri qalsalar daha yaxşı olardı. Uşaqlara qayğı, onları tərbiyələndirməyə can atma, onlara müəyyən bilik və vərdişlər öyrətmək qadının istənilən fəaliyyətindən qat-qat şərəflidir. 

Şübhəsiz, əgər valideynlər onlarla sıx qarşılıqlı münasibət yaratmağa çalışır, sədaqətli dost və yoldaş rolunda çıxış edir, onların rəyi ilə hesablaşır və davranışlarındakı qüsurları düzəltməkdə onlara kömək etməyə çalışırlarsa, uşaqların təlim-tərbiyəsi ilə bağlı bir sıra mürəkkəb problemlər ailədə öz həllini tapa bilər. Uşaqlara qarşı bu cür qayğı və diqqətin zəruri və vacib hesab edildiyi ailələrdə, onlarla söhbət etməkdən ötrü valideynlər xüsusi vaxt ayırırlar. Valideynlər və uşaqlar bir yerdə oturub, ailə həyatında ortaya çıxan müxtəlif məsələləri müzakirə edirlər. Bəzən valideylər hansısa hadisələri danışır, bəzən isə danışmağı uşaqlara təklif edir. Ailənin məşvərət prosesində aktual və mürəkkəb pedaqoji problemlər öz həllini tapa bilir.

 

Ana ilə Uşaq Arasında Dostluq Münasibəti

Ana uşağın ən birinci tərbiyəçisi və ən birinci mürəbbisidir. Körpələrinin xoşbəxtliyi və gələcək böyüklüyü, mülayimliyi və savadlılığı, əqidə və imanı ondan asılıdır.

    

Uşaqların həmişə düşüncələrini, onları narahat edən məsələləri və problemləri bölüşəcək bir kimsəyə ehtiyacları vardır. Onlar həmişə rəhbərlik və dəstəyə ehtiyac duyurlar. Bununla bağlı ana ilə uşaq arasında sabit dostluq münasibətlərinin əhəmiyyətini qiymətləndirmək çox çətindir. Balaca uşaq anasını sadiq yoldaş, yaxın dost, etibarlı müdafiəçi bilməli və ondan heç nəyi gizlətməməlidir.

    

Əgər ana qarşılıqlı rəğbət və anlaşmaya əsaslanan əlaqəni qura bilmirsə, uşağın bundan ötrü, dosluq və ünsiyyətə olan ehtiyacını ödəyən kimsəni tapması və ürəyinin açarlarını ona verməsi zəruridir. Dostun təsiri o qədər güclü ola bilər ki, uşaq onun qarşısında itaətkarlıq və alçalma hissi keçirə bilər. Bu cür vəziyyət uşağın təcrübəsizliyi və sağlam düşünmə qabiliyyətinin olmaması səbəbindən onun tərbiyəsi nöqteyi-nəzərindən kifayət qədər təhlükəlidir. Əgər qabaqda gedən və ya bələdçi yolu uçurumdan və ya oğrunu gecə keşikçisindən ayıra bilmirsə, bu kədərli və zərərli nəticələrə gətirib çıxara bilər.

    

Bəzi analar uşaqlarına kifayət qədər diqqət və məhəbbət ayırmır, onlarla ünsiyyətdən tez yorulurlar. Öz növbəsində anaları tərəfindən soyuqluqla qarşılanan uşaqlar məsləhət üçün başqalarına müraciət edirlər. Onlar ürəklərini təcrübəsiz dostlarına boşaldır, talelərini özləri kimi insanların əlinə verirlər. Nəticədə qarşılıqlı anlaşma itirilir, ana ilə uşaq arasında ünsiyyət, yaxınlıq və dostluq mümkünsüz olur. Məsələn, yeddi yaşlı oğlan hansısa hadisənin şahidi olur və ya onu tərcübləndirmiş və maraqlandırmış bir hadisə haqqında eşidir. Uşağın diqqəti bu hadisəyə bağlanmışdır və o özü onun izahını tapmağa çalışır. Tezliklə oğlan əmin olur ki, o, həmin problemi sərbəst həll etmək qabiliyyətində deyildir və bu haqda anasından soruşmaq və onun rəyini bilmək qərarına gəlir. O, evə qayıdır və şahidi olduğu hadisəni anasına danışır və onun bu haqda nə fikirləşdiyini soruşur. Lakin ev işlərindən yorulmuş ana yorğun olduğunu, vaxtının olmadığını və nahar yeməyini hazırlaya bilmədiyinə görə əsəb keçirdiyini söyləyir. Onun səbri oğluna yalnız bu sözləri deməyə çatır: “görmürsən əlimdə nə qədər işim var. Mən vaxtımı boş söhbətlərə sərf etmək istəmirəm. Sənə aydın olmayan nədir?”.

    

Ananın reaksiyası oğlunu elə dilxor edir ki, ondan bir daha heç bir şey soruşmayacağını və ona bir daha sual verməyəcəyini özünə söz verir. Lakin onun hər şeyi bilmək həvəsi təmin olunmamış qalır və o, ona əziyyət verən suala cavab tapmağa cəhd edir və nəhayət onunla bir parta arxasında oturan sinif yoldaşına müraciət etmək qərarına gəlir. Dostu ona özünün dərk etdiyi və öz zövqünə uyğun səviyyədə izahat verir. Ola bilsin bu “məsləhət” uşağın yaddaşında uzun müddət qalsın və onu yanlış yola yönəltsin. Əgər ana oğluna bir qədər vaxt ayırıb, vaxtının olmamasını və iş gördüyünü bəhanə gətirib onunla söhbətdən özünü yayındırmasa idi, uşaq az məlumatlı dostuna müraciət etməzdi.

    

Alimlər ana ilə uşaq arasında dostluğun vacibliyindən və əhəmiyyətindən çox danışırlar. Uşaqla necə danışmaq məsələsi, tərbiyənin xüsusi hissəsini təşkil edir və elmdə bu problemə həsr olunmuş xüsusi bölmə vardır. Bu mövzuya həsr olunmuş nəşrlər arasında ilk dəfə uşaqlarda davranış problemini həll etməkdən ötrü sual-cavabdan istifadəni tövsiyə etmiş Ortun işlərini göstərmək olar. Valideynlər imkanları və qabiliyyətləri daxilində uşaqların hər şeyi bilmək həvəsini təmin etməli, onların fikir və həyəcanlarına maraq göstərməli, onlarla söhbət etməkdən ötrü daim istənilən imkandan istifadə etməlidirlər. Təəssüflər olsun ki, sərt cəza, kobud danışıq dostluq və bağlılığı asanlıqla dağıdır. Ona görə də uşağı anadan ayıra bilən heç bir hərəkətə yol verilməməlidir. Əgər ana ilə uşaq arasında yaxın münasibətlər qurularsa və onlar qarşılıqlı anlaşma əldə edərlərsə, anasından tükənməz məhəbbət və istilik alan uşaq şübhələrini, həyəcan və təəsüratlarını onunla bölüşəcəkdir.

Tərbiyəyə Etinasız Yanaşma

Ey Allahın kənizləri! Uşaqlara körpəlikdən tərbiyə vermək sizin borcunuzdur! Sizin vəzifəniz – onlara yüksək mənəvi dəyərlər verməkdir! Diqqətli olmaq sizin borcunuzdur, çünki Allah – Onun cəlalı daha da artsın! – anaları uşaqların birinci müəllimləri olduğunu müəyyən etmişdir. Bu çox böyük əhəmiyyətli xeyirxah və yüksək vəzifədir. Sizə bunda zəiflik göstərməyə icazə verilməmişdir!.

    

Anaların üzərinə qoyulmuş müqəddəs vəzifə elə əhəmiyyətlidir ki, onun gerçəkləşməsinə mane olacaq heç bir şeyə yol verilməməlidir. Əks halda xoşbəxtlik binası uçacaq, bəşəriyyətin özü isə çox saylı xəstəliklərə mübtəla olacaqdır. Uşaqlıq dövrü nə qədər təriflənsə də, gələcək üçün onun böyük əhəmiyyəti vurğulansa da, ilk əvvəl yadda saxlamaq lazımdır ki,  bu dövrdə uşağın əxlaq və davranışının əsası qoyulur.

    

Tez-tez məsuliyyət hissini itirmiş və öz vacib vəzifəsini yaddan çıxarmış valideynlərlə rastlaşmalı olursan. Onlar vaxtlarının çoxunu uşaqlarının təlim-tərbiyəsinə həsr etmək əvəzinə, boş-boşuna sərf edir və yalnız macal tapanda başlı-başına buraxılmış övladlarını xatırlayır və tam laqeydliklə onlardan işlərinin necə getdiyini soruşurlar. Onlar uşaqlarına bir və ya iki, əksər hallarda dəyərsiz, boş və cəfəng məsləhətlər verir, bununla da öz uşaqlarının fiziki və ruhani tələblərindən tamamilə xəbərsiz olduqlarını nümayiş etdirirlər. Nəzarətə ehtiyacı olan uşaqlar anaları tərəfdən qayğı və diqqətdən məhrumdurlarsa, onlar alaq otları kimi böyüyəcək və inkişaf prosesində tələb olunan keyfiyyətlər əldə etməyəcək və faydalı vərdişlərə yiyələnməyəcəklər. Məsələn, ana gec yatdığına görə, uşaqlar məktəbə hazırlaşdıqları vaxt yuxudan ayılır. Ananın nəzarətindən kənarda qalmış uşaqlar əl-üz yumağı, dişlərini təmizləməyi, yəni sağlamlıq üçün zəruri olan gigiyenik prosedurları etməyi unudurlar. Ananın öz vəzifəsinə - təlim-tərbiyəyə bu cür laqeyd münasibəti ona gətirib çıxarır ki, uşaqlar səliqəsiz geyinəcək, səhər yeməyini necə gəldi yeyəcək və nəhayət məktəbə gecikəcəklər. Başlı-başına buraxılmış uşaqların düşdüyü çətin vəziyyəti sürücüsüz hərəkət edən avtomobilə bənzətmək olar.

    

Məktəbdən qayıdan uşaqlar ananın harasa getməyə hazırlaşdığını görürlər. Ayna qarşısında bəzənməklə məşğul olan ana hədsiz “mehribanlıq” və “şəfqətlə” onlara “ana” məsləhəti verir: “Mənim əzizlərim, atanızla bərabər nahara dəvət olunmuşuq. Bəlkə evə gec qayıtdıq. Ev tapşırıqlarınızı hazırlayın, dəcəllik etməyin, dayənin sözünə qulaq asın. Axşam yeməyindən sonra, lütfən ertədən yatağınıza girin”.

    

Uşaqlardan kimsə ananın daim evdə olmamasına qarşı öz etirazını bildirərsə, o, həmin an onun səsini kəsərək, öyüd verici tonla deyir: “Afərin! Nə vaxtdan mənə əmr etməyə başlamısan? Nə vaxtdan uşaqlar böyüklərin işlərinə qarışmağa başlamışlar? Siz məktəbə gedirsiniz, başqa uşaqlarla həyətdə oynayırsınız. Mənsə heç yerə getmirəm. İndi sizə görə mən evdə oturmalıyam?”. Ananın ədalətsiz ittihamı uşağı susdurur və o öz “kobudluğuna” görə peşman olur.

    

Bu cür ailə şəraiti suvarılmayan, qulluq edilməyən bağbansız meyvə bağına bənzəyir. Belə bağın ağacları, əlbəttə, bəhər verməyəcək və göz oxşamayacaq, əvvəl-axır quruyacaq və yalnız sobada yandırılmağa yararlı olacaqdır. 

    

Analar uşaqlarına görə çox şeyi qurban verməli və şəxsi maraqlarını və istəklərini uşaqlarının xoşbəxtliyinə tabe etməyi bacarmalıdırlar. Övladın təlim –tərbiyəsindən, kamilləşdirilməsindən ən böyük vəzifə ola bilməz. Allahın anaların üzərinə qoyduğu bu böyük vəzifənin öhdəsindən heç kim, nə müəllimlər, nə də qohumlar gəlmək gücündə deyillər.

    

Öz məsuliyyətinə biganə yanaşan valideynlər bir gün uşaqlarının kobud, savadsız, insani məziyyətlərdən xəbərsiz böyüdüklərini aşkar edəcək və bundan da ilk növbədə əziyyət çəkən də valideynlərin özləri olacaqdır.

 

Ananın Ləyaqət Hissi

Uşağın yaxşı bir şey etdiyini görən ana onu sevindirməli, düzgün hərəkətini tərifləməli və mükafatlandırmalıdır. Lakin uşağın davranışında arzuolunmaz cəhətlərin təzahürü zamanı ona ya bu və ya digər vəziyyətdə düzgün davranmaq tövsiyə olunmalı ya da cəzalandırılmalıdır. Cəza günahı ötüb keçməməlidir, fəqət hətta yüngül şifahi töhmət kifayət edər.

    

Rəhimdil, xeyirxah və şəfqətli ana uşaqlarla həmişə mehriban danışır, uşağın qəlbini ox kimi dəlib keçən kobud danışığa deyil, həlim və sakit danışıq tərzinə üstünlük verir. Uşağa təlim-tərbiyə verərkən və onu həyatda istiqamətləndirərkən, ana həmçinin öz ləyaqətini itirməməkdən ötrü daim tədbirlər görməlidir. Heç bir halda ana özünü uşaqların qarşısında alçaltmamalı və onların ağılsız tələblərinə yol verməməlidir. Əgər ana uşağın əsassız və məncil şıltaqlıqlarına tabe olarsa, o, ananın ondan qorxduğunu, ona daha çox yarıtmağa çalışdığını və onun bütün tələblərini yerinə yetirməyə hazır olduğunu düşünəcək.

    

Atalara ananın ləyaqətinin alçaldılmasına yol verməməyi tövsiyə edirik. Uşaqların gözündə onun əhəmiyyəti qiymətdən salınırsa, ailənin nizama salınmış həyatı yolunu azacaq, bu balaca ölkədə xaos hökm sürəcək və heç bir qüvvə orada sülh və əmin-amanlığı bərpa etmək qüdrətində olmayacaqdır.

    

Ana ailədə öz məqamını və ləyaqətini saxlamaqdan ötrü heç vaxt amiranə, sərt və məntiqsiz tələblər irəli sürməməlidir. Eyni zamanda o, uşaqlarının ağılsız tələblərinə də güzəştə getməməlidir. Mötədillik yolu ilə hərəkət etməklə bu iki əks ifratçılıqdan qaçmaq mümkündür. Sədi bu haqda belə yazır:

    

    Məhəbbət və intizamın qarışığı
   Budur qızıl ortaq;
   Sanki qan alan həkim tək
   Həm yaralayır, həm də sağaldır.

    

Əgər ana uşaqların nəzərində öz ləyaqətini itirib, gülüş obyektinə çevrilibsə, onların təlim-tərbiyə prosesinin üzərinə heç zaman xoşbəxtlik işığı düşməyəcəkdir.

    

Həyatdan götürülmüş bir nümunəyə baxaq. Beş yaşlı oğlan səhər yuxudan oyanır və gözlərini açmağa macal tapmamış qışqırmağa, anasını çağırmağa başlayır. Ana əlindəki işləri kənara atıb, onun yanına tələsir, narahat halda soruşur: “nə olub sənə, mənim balam?” Uşaq gözləri yaşlı halda şıltaqlıqla deyir: “Mən yerimdən durmaq istəmirəm, səhər yeməyini bura gətir!”. Onun tələbi anada bir qədər narahatçılıq yaradır və o, həlimliklə onu ələ almağa cəhd edir: “Mənim balam, sən əvvəl ayağa durmalısan, əl-üzünü yumalı, sonra stol arxasında səhər yeməyini yeməlisən. Zəhmət olmasa, yerindən qalx”.

    

Onda uşaq yenə hücuma keçir, qışqırmağa və ağlamağa başlayır: “Dedim, axı, yatağımdan durmayacağam! Səhər yeməyimi burada yeyəcəyəm!”. Ana ağılsız tələbə müqavimət göstərsə də, uşaq uğurla onun müqavimətini bağırtının köməyi ilə qırır. Nəhayət ana oğlunun tələbini yerinə yetirməyə razı olur: “Yaxşı, yaxşı. Amma ağlama. Mən indi səhər yeməyini gətirərəm”. Bir neçə dəqiqədən sonra ana əlində içində səhər yeməyi olan məcməyi ilə geri qayıdır.

    

Bu hadisədə hər bir detalın hərtərəfli təsvirini vermək mümkündür. Lakin işin mahiyyətindən müxtəsər danışsaq, görərik ki, uşaq qaydalara məhəl qoymur, şəxsi intizamı gözləmir, köməksiz ana isə oğlunun hər cür şıltaqlığına göz yuman asılı vəziyyətdədir.

    

Tələbləri nə qədər hiddət doğuran olsa da bütün gün ərzində o, anasını qulluqçu rolunda çıxış etməyə məcbur etməklə daim istədiyinə nail olacaqdır. Ananın düşdüyü vəziyyət hətta kənar müşahidəçidə belə təəssüf doğurmaya bilməz. Nahar zamanı oğlan su içmək istəyərkən, özünə əziyyət verib qarşısındakı qrafindən stəkana su töküb içmir, o mütləq barmağı ilə stəkanı göstərməli, ana isə onun istəyini dinməzcə yerinə yetirməlidir. Allah eləməmiş, ana onun bu işarəsinə diqqət yetirməyə və suyu stəkana tökməyə. Bağırtı və qışqırıq səsləri otağa yayılacaq və uşaq yenə barmağı ilə boş stəkanı göstərəcəkdir.

    

Oğul özünü vəziyyətin ağası kimi hiss edir, anaya qulluqçu kimi göstərişlər verir, onu istədiklərini yerinə yetirməyə məcbur edir. Mən bu cür səhnələrin dəfələrlə şahidi olmuşam, onlar məndə heyrət və təəssüf hissi doğurubdur. Lakin mən kənar müşahidəçi kimi heç vaxt bu hadisələrə müdaxilə etməmişəm.

    

Bir dəfə mən balaca oğlanın anasının üstünə qışqıraraq, otaqdan çıxmasını tələb etməsinin şahidi oldum. Uşaq ananın otaqdan çıxmadığını görəndə, onu qəzəblə yumruqlamağa başladı. Oğlunun hücumlarına baxmayaraq, ana onunla yumşaq səslə danışmaqda davam edirdi. Bununla da onun pis davranışına yol verir və oğlunun istibdadına tabe olurdu.

    

Bir daha qeyd edim ki, analar uşaqlara qarşı təkcə qəzəb və əmiranilik deyil, həmçinin alçalma, məzlumluq, itaətkarlıq nümayiş etdirməməlidirlər. Mülayimlik və mehribanlıq, qürur, ağıllılıq, ləyaqət, özünə hörmətlə bir yerdə olmalıdır və bütün bunların mötədilliyi gözlənilməlidir.

Uşaqların Tərbiyəsində Atanın Rolu

Gənclər böyüməli və inkişaf etməlidirlər ki, öz atalarının yerini tutsunlar.

    

...uşaqlara təlim verməkdən həyatı əhəmiyyətli və vacib iş yoxdur; heç bir halda siz öz uşaqlarınızın tərbiyəsi ilə məşğul olmağı unutmamalısınız....

    

“Necə ola bilər ki, bu cür gözəl valideynlərin belə dəhşətli uşaqları olsun?”. Bu, yüksək əxlaq və nümunəvi davranışın təcəssümü olan valideynlərə dostları, tanışları, qohumları tərəfindən tez-tez verilən sualdır. Bir halda ki, hər bir nəticənin səbəbi var, onda biz də bunun izahını verməyə çalışaq.

    

1. Valideynlər, ilk növbədə atalar, öz uşaqlarının davranışına ya heç nəzarət etmir, ya da onların tərbiyəsinə kifayət qədər vaxt ayırmırlar. Onlar əsasən bütün vaxtı işdə olur və evə yorğun halda, yalnız dincəlmək və gün ərzində itirdikləri enerjini bərpa etmək məqsədi ilə qaydırlar.

 

Ailədə uşaqların qayğısı yalnız ananın üzərindədirsə və bu məsələdə uşaqlara (xüsusən də oğlanlara) böyük təsiri olan atanın iştirakı və əməkdaşlığı cüzidirsə, belə ailəni bir ayağı üstündə durmağa cəhd edən insana bənzətmək olar. Məsələn, ağır iş günündən sonra ata işə qayıdır. O, bir müddət qəzet oxuyur, sonra gəzməyə gedir, ailəsi ilə birgə şam edir və sonra hansısa ictimai tapşırığı yerinə yetirməkdən ötrü yenə evdən gedir. Evə olduqca gec qayıdır, yatmağa getməzdən əvvəl mütaliə edir və yazır.

 

Bunu ailə hesab edə bilərikmi? Uşaqlar atanın varlığını hiss edirlərmi? Ata onların təlim-tərbiyəsinə təsir göstərirmi? Yəqin ki, yox. Belə ata uşaqlarla söhbət etməkdən ötrü nə imkan tapır, nə də onların həyatı ilə maraqlanmaqdan, məsləhət verməkdən, onların sevincini, həyəcan və qayğılarını bölüşməkdən ötrü onun vaxtı var. Onu, işinin çoxluğundan qonaqları ilə danışmağa vaxtı olmayan ev sahibinə oxşatmaq olar. Bu cür şəraitdə ata uşaqlarını necə çoxsaylı fiziki və əqli pozulmalardan qoruya və düzgün tərbiyə edə bilər? O, öz işi, mühazirələri, elmi məqalələri ilə cəmiyyətə xeyir verir, lakin bir məsələdə onun cəmiyyətə bəhrəsi az olacaq – bu onun uşaqların tərbiyəsində ailəsinə olan töhfəsidir.

Uşaqla az ünsiyyət edən, vaxtını evdən kənar maraqlara sərf edən ata ciddi səhvə yol vermiş olur. Ehtiyac və məhrumiyyətlər onda əməksevərlik tərbiyə etmişdir, lakin təəssüflər olsun ki,  atanın bu təbii keyfiyyəti ailəyə məyusluqdan başqa heç nə vermir. Əgər başqa  adamlar onda əxlaqlı, savadlı insan, vicdanlı işçi görürlərsə, öz doğma uşaqları onu laqeyd və onlarla ünsiyyətdən qaçan insan kimi tanıyırlar.

Ataların özlərini uşaqların təlim-tərbiyəsindən kənarlaşdırması yolverilməzdir. Onlar uşaqlarına diqqət ayırmağı özlərinin əsas vəzifələri hesab etməli və öz imkanları daxilində onların təlim-tərbiyələrində fəal iştirak etməlidirlər.

 

2. Ata tərəfindən diqqətin kifayət qədər olmaması,  bu cür münasibətin bilavasitə nəticəsi olan uşaqların evdən kənar davranışına da təsir göstərir. Ata bir qayda olaraq, uşağın kiminlə ünsiyyət etdiyindən, yaşıdları ilə münasibətindən, istirahət və əyləncəni necə keçirməsindən xəbərsizdir.

 

Uşaqlarının evdə nə ilə məşğul olmasından xəbərsiz ata, şübhəsiz ki, onların evdən kənarda özlərini aparmasından da xəbərsizdir. Uşaq öz təbiətinə görə kamil varlıq deyildir, o hələ çox şey öyrənməli və bilməlidir, lakin əgər o valideynin rəhbərliyindən və nəzarətindən məhrumdursa, onun davranışı düzgün yoldan kənara çıxacaq və arzuolunmaz nəticələrə gətirib çıxaracaqdır.

    

Mənim məqsədim ataları əhəmiyyətli işlərlə məşğul olmaq və ictimai həyatın yaxşılaşdırılmasından ötrü öz töhfələrini vermək fikrindən döndərmək deyildir. Lakin onların fəaliyyətində birinci yerdə həmişə ailə durmalı, atanın ən əhəmiyyətli vəzifəsi isə uşaqların təlim-tərbiyəsi olmalıdır. Bu daha böyük məsuliyyətdir.

 

Çətin Yaş Dövrü

Xüsusilə gənclər daim və əzmlə Həzrət Bəhaullahın həyatını təqlid etməyə səy göstərməlidirlər. Bizi əhatə edən dünyada biz mənəvi aşınma, heç bir şeyə fərq qoymama, ədəbsizlik və mədəniyyətsizlik görürük. Həzrət Bəhaullahın təlimini əlində rəhbər tutan gənclər qoca və cavan insanları Əmrə cəlb edəcək - öz paklığı və isməti, düzlüyü və alicənablığı, məzurluğu və gözəl rəftarı ilə buna qarşı durmalıdırlar. Dünya sözlərdən doyubdur, əməl gərəkdir və Həzrət Bəhaullahın təliminin ardıcılı olan gənclər bunu edəcəkdir. 

    

Kiçik yaşlı uşaqla valideyn nisbətən asanlıqla yaxın münasibət qura bilir, bu dövrdə nadir hallarda soyuqluq yaranır. Məktəbəqədərki və aşağı məktəb yaşları dövründə uşaq-valideyn münasibətləri kifayət qədər sakit keçir: valideynlər hökmdar, uşaqlar isə təəbələridir, atalar və analar qanunlar verir, uşaqlar isə itaətkarcasına icra edirlər.

    

Budur, uşaqlar 12-13 yaşına gəlib çatırlar, uşaq-valideyn münasibətləri kəskin şəkildə dəyişir. Bu yeni dövr 17 və 18 yaşına kimi davam edir. Hər iki tərəfdə narazılıq artır, bağlılıq hissi yadlaşma hissinə qarışır. Yeniyetmələr böyüklərə irad tutmağa, tənqidin müxtəlif formalarına əl atmağa başlayırlar. Onlar çox vaxt əsəbi və tərs olurlar. Ailədəki vəziyyət yeniyetmələrin istəyinə daha uyğun gəlmir, onların səbirsizliyi və müstəqilliyə can atması valideynlərlə onlar arasında nifaqa gətirib çıxarır.

    

Əgər diqqətlə nəzər yetirsək, həyatın ən çətin mərhələsi, təlim - tərbiyə nöqteyi-nəzərindən, bu dövrə düşür. Mütəxəssislər yeniyetməlik dövründə uşaqlarda xeyli xarici və daxili dəyişikliklərin baş verməsi səbəbindən, onu keçid dövrü adlandırırlar.

    

İlk növbədə fiziki inkişafda dəyişikliklər gedir: səsin temri dəyişir, boyun böyüməsi sürətlənir, cinsi hormonların ayrılması baş verir. Fiziki dəyişikliklərlə eyni vaxtda intellektual fəaliyyətdə də əhəmiyyətli irəliləyişlər müşahidə olunur: hisslər coşğun şəkildə güclənir, yeni meyllər və tələbatlar ortaya çıxır. Yeniyetmə özünü sanki başqa aləmdə hiss edir, ürəyinin dərinliyində hələ uşaqlıq dünyasına mənsubluğunu saxlayaraq, özü  haqqında aydın təsəvvürü itirir. Bu hal cinsi yetişkənlik dövrünə kimi davam edir. Yeniyetmələr hələ kişi və qadın olmasalar da, artıq balaca oğlan və qız da deyillər. Onların davranışında böyüklərdə olduğu kimi məqsədə çatmaqdan ötrü inadkarlıq və sabitlik yoxdur. Onlar gah öz otaqlarına çəkilib, hamıdan gizlənir, gah da qonşu uşaqlar və dostları ilə əylənirlər. Bir halda süstlüyü dəf edib, çox sadə bir işə - əl-üzü yumağa gücləri çatmır, digər halda isə hansısa bir işi görməkdən ötrü özlərini şövq və coşğunluqla irəli atırlar.

Yeniyetməlik yaşında həmçinin öhdəsindən gəlmək mümkün olmayan bir arzu ortaya çıxır – böyük kimi görünmək, böyüklərdən kiməsə oxşamaq. Bu arzu ona gətirib çıxarır ki, yeniyetmə kobudluq etməyə,  hər şeydən əsəbləşməyə başlayır. O, çalışır ki, ətrafdakılar ona tabe olsunlar, lakin eyni zamanda başqa insanların mülahizəsinə qulaq asmaq da istəmir.

 

Valideynlər yaxınlaşmaqda olan cinsi yetişkənlik dövrünün xüsusiyyətlərini əgər nəzərə alırlarsa və uşaqlarla münasibətlərini, böyümüş yeniyetmələrə öz təşəbbüsü olmayan balacalar kimi baxmayan, etibarlı təlim-tərbiyə prinsipləri əsasında qururlarsa, onların öz uşaqlarının fiziki və əqli inkişafında nailiyyətlər əldə etməsindən ötrü bütün şansları vardır. Əgər atalar və analar böyüməkdə olan uşaqlara münasibətdə dəyişikliklərin zəruriliyini dərk edib, metodiki göstərişlərə əməl edəcəklərsə, onlara şübhələrin boş səhrasında gəzməyə ehtiyac olmayacaqdır. 

    

Tərbiyənin bu aspekti bir halda ki, olduqca vacibdir, mən valideynlərin diqqətinə aşağıdakıları çatdırmaq istərdim:

1. Yeniyetmələrin əhval-ruhiyyəsi izahı həmişə mümkün olmayan qəfil dəyişə bilər. Onların əhval-ruhiyyəsi sabit olmur, ruhi vəziyyətləri isə bəzən mövcud vəziyyətdən həm ümumi narazılıq, həm də daxili narahatçılıq ilə səciyyələnir. Yeniyetmənin hətta özünə qarşı tələbi də bir mənalı deyil, dəyişkəndir, onun inkişaf etməkdə olan təxəyyülü şübhələrdən tutqunlaşmışdır. O, çox vaxt nə istədiyini özü də bilmir. Yeniyetmə özünü tənha və atılmış hiss edir, bu hal onu kənarda özünə dost və məsləhətçi axtarmağa məcbur edir. Yeniyetmənin məqsədləri, düşüncələri və hissləri uşaqlıq dövründə keçirdiklərindən kəskin şəkildə fərqlənir. Bir az bundan qabaq markalardan kolleksiya düzəltmək ona sevinc gətirirdisə, indi bu həzz mənbəyinə qarşı tamamilə biganədir, hətta bu onda ikrah hissi yaradır. Yaşıdları ilə küçədə qaçan oğlanı və ya gəlinciyi ilə oynayan qızı yeniyetməlik dövründə daha ciddi məsələlər özünə cəlb edir. Onları intellektual məşğələlər daha çox maraqlandırır.

 

Uşaqların yeni inkişaf fazasına daxil olduğunu etiraf edən valideynlər, onları mümkün ruhi əzablardan qorumaqdan ötrü bütün öz biliklərini və təcrübələrini ortaya qoymalı və onlara kömək əllərini uzatmalıdırlar. Valideynlər ilk növbədə yeniyetmələrlə qarşılıqlı anlaşmaya nail olmalı, onlarla nəzakətlə, dostcasına onları narahat edən problemləri və keçirdikləri hissləri müzakirə etməli, onların daxili aləminə maraq göstərməlidirlər.

 

Hörmətli valideynlər, yeniyetməlik dövrünə qədəm qoymuş övladlarınızla yaxın dost və başa düşən yoldaş olun, çətin anlarda onlara dəstək olun, ağıllı və gərəkli məsləhətlər verin, onları istiqamətləndirin və rəhbərlik edin, asudə vaxtı bir yerdə keçirin, onlarda elmin müxtəlif sahələrinə maraq yaradın, peşə seçəndə və ya hər hansı fəaliyyətlə məşğul olanda onları təcrübəli nüfuzlu mütəxəsislərlə tanış edin, etibarlı konsultant, məsləhətçi, köməkçi olun! Ağıllı mürəbbiliyin, həqiqi dostluğun nəticəsi odur ki, uşaqlar şübhələr, çətinliklər, tənhalıq dövrünü rahat keçirərək həyatın ləyaqətli və ləyaqətli olmayan yolları arasında düzgün seçim edirlər. 

 

Yeniyetmələr nə qədər istedadlı, qabiliyyətli və güclü olsalar da, öz həyatlarının təhlükəli böhranlı dövrünü aşmaqdan ötrü onların daha təcrübəli insanların, valideynlərin məsləhətinə ehtiyacları vardır.

 

2. Yeniyetmələr hər şeyi dərk etmək istəyirlər. Bu dövrdə dərk etmə funksiyası və intellekt, xüsusən də yaddaş və təxəyyül intensiv inkişaf edir. Onların fərdiyyəti özünü daha çox göstərməyə başlayır, onlar çox vaxt yerli-yersiz olaraq “mən” əvəzliyini işlədirlər. Onlar yüksək diqqətlə öz xarici görkəmlərinin, geyim və saçlarının quruluşunun qayğısına qalırlar. Valideynlər bu halla hesablaşmalı və yeniyetməni tənqid etməməlidirlər. Özünü düşünmə prosesi bəzən özünü yüksək qiymətləndirməyə gətirib çıxarır. Yeniyetmələr başqa adamların onlardan üstünlüyü ilə barışmır və həmişə öz dediklərində inadkar olurlar.

 

Yeniyetmələr xəyalpərəstdirlər. Öz daxili aləmlərinə qərq olmaq, həyəcanlardan həzz almaq qabiliyyəti əldə edən gənc xəyalpərəstlər çox vaxt özlərini oxuduqları kitabların qəhrəmanlarının yerində təsəvvür edirlər. Onlar təxəyyül qanadlarında buludlar üzərində uçaraq, reallıq dünyasından fantaziya və mücərrədlik səltənətinə keçirlər.

 

Uşaq keçid dövrünə qədəm qoyanda, valideynlər bu dövrün çətinliklərini dəf etməkdə ona kömək etməlidirlər. Onlar ilk növbədə öz əməllərinə diqqət yetirməlidirlər: öz davranışlarına nəzarət etməli, xeyirxah və mərhəmətli olmalı, müxtəlif problemlərin müzakirəsi zamanı ağıllı səmərəli mövqedə durmağa səy göstərməli, onlarla ünsiyyət zamanı kobudluq və lüzumsuz ciddilikdən qaçmalı, başqalarının qarşısında uşağın ləyaqətini alçaltmamalıdırlar. Onda yeniyetmə valideynin məntiqi izahını qəbul edəcək və onun tələblərinə tabe olacaqdır. Böyüklərin sözünün yeniyetmə tərəfindən qəbul olunmasından ötrü bu onun ürəyinə toxunmalı, valideynin qəlbinin dərinliyindən gəlməlidir.

    

Yeniyetmələrin tərbiyəsi zamanı aşağı yaş qrupundan olan uşaqlara tətbiq olunan metodlardan istifadə edilə bilməz. Onların bu və ya digər problemlərlə bağlı sizin məsləhətinizə ehtiyacları vardır. Əgər böyüklər yeniyetmələrə hörmətlə yanaşır və onları məhz bu mövqedən tərbiyə edirlərsə, bununla da uşaqlarının onlara qarşı hörmətini qoruyub saxlamış olurlar. 

    

Valideynlər həmçinin  yeniyetmələrin əsaslandırılmış qanuni tələblərini qəbul etməyə və yerinə yetirməyə, onların zəruri tələblərini ödəməyə hazır olmalı və imkanları daxilində uşaqların istirahəti, əyləncə və təhsili üçün zəruri imkanlar yaratmalıdırlar. Valideynlər öz gücləri və qabiliyyətləri daxilində uşaqların suallarına cavab verməyə və hər şeyi bilmək həvəsini ödəməyə səy göstərməli, biliyə həvəslərini tədqir və təşviq etməli, müxtəlif maraqlarının formalaşmasına imkan yaratmalı, həmçinin ata və ananın nüfüzuna ehtiram göstərməyi tərbiyə etməlidirlər. Valideynlərə hörmət və itaət mənəviyyat və yaxşı davranışın əsasını təşkil edir. Yeniyetmələr bunu dərk edərsə, onlar xoşbəxt gələcəyə qapı açmış olar və bununla da özlərini yollarına çıxan bir çox çətinliklərdən qoruyarlar. Uşağın qəlbinin dərinliklərinə daxil olmuş valideyn məhəbbəti onu mənəviyyatsızlıq və əxlaqsızlığın zəhərli oxlarının öldürücü təsirindən qoruyan sipər olacaqdır. Əlbəttə, bu vacib məqsədə çatmaq valideynlə yeniyetmənin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də yeniyetmə elə tərbiyə olunmalıdır ki, böyüklərə qarşı nəzakət, mülayimlik, ehtiram onun üçün təbii hal olmalıdır. Yeniyetmələr bilməli və dərk etməlidirlər ki, onların bu və o biri dünyada xoşbəxtlikləri bütövlükdə valideynlərin xeyr-duasından və razılığından asılıdır və ona görə də onlarla bir olmağa çalışmalıdırlar.

 

Yeniyetmələrlə Məsləhətləşin

    

...həqiqi məsləhət – məhəbbətlə deyilmiş nəsihətdir.

    

Bir gün on səkkiz yaşlı gənclə söhbət edirdim, onu əvvəllər də tanıdığıma görə əhvalını, evdəki vəziyyətini soruşdum. O, heç çəkinmədən həyatından şikayətləndi, bədbəxtliyinin əsas səbəbkarları saydığı ata-anasının hərəkətlərindən kədərləndiyini bildirdi. Bir müddət sonra mən həmin ailə haqqında geniş informasiya əldə etdim və onların problemlərini araşdırdım. Aşkar etdim ki, ailə konfliktinin əsas səbəbi minlərlə öz yaşıdları kimi bu gəncin buraxdığı ciddi səhvlər idi. Gəncin valideynlərinə qarşı iddiası onun düşünülməmiş mülahizələri ilə böyüklərin həyatı müdrikliyi arasında kəskin təzadın ortaya çıxması səbəbindən yaranmışdı. Lakin bu ailəni dərindən öyrəndikcə, mən anladım ki,  ata və ana təlim-tərbiyənin düzgün prinsiplərini gözləməmiş, oğlanlarını dinləməmiş və bununla da bilə-bilə onda özlərinə qaşı bu cür münasibət yaratmışdılar.

    

Gənc mənə aşağıdakıları bildirdi: “Evdə gələcəyim haqqında fikirlərimi, planlarımı söylədiyim zaman, atam və anam o dəqiqə sözümü kəsir, bir mənalı şəkildə mənə bu haqqda danışmamağı anladırlar. Mənsiz qərar qəbul edir və mənə ona sözsüz tabe olmağı tövsiyə edirlər. Mən bu qərarı düzgün hesab etmədiyimə və onlarla razılaşmadığıma görə, onlara könüllü tabe olmaq fikrində deyiləm. Mən onların tələblərinə tabe olanda belə, həmişə öz narazılığımı başqa yollarla bildirirəm. Nəticədə biz bir-birimizi tamamilə anlamırıq və məndə valideynlərimə qarşı nifrət hissi yaranır”.

    

Həyatdan götürülmüş bu nümunə bizə bir daha göstərir ki, uşaqları dinləmək və ailənin bütün üzvləri ilə məsləhətləşmək lazımdır. Uşaq yeniyetmə yaşına çatanda, ona aid bütün məsələlər onun bilavasitə iştirakı ilə səbr və diqqətlə müzakirə edilməlidir. Yalnız bu yolla ailədə yaxın münasibətlər və qarşılıqlı anlaşma əldə etmək mümkündür. Çətin və mürəkkəb məsələləri daha təcrübəli adamlarla, valideynlərlə müzakirə etməklə yeniyetmə problemin müxtəlif aspektlərini görə və özünün səhv düşüncəsini dəyişə bilər. Problemlərin həlli prosesində, bu və ya digər vəziyyətdə müxtəlif imkanların və nəticələrin qiymətləndirilməsi zamanı o, bilik və təcrübə əldə edəcək və onun valideynlərin başa düşməməsindən şikayət üçün bəhanəsi qalmayacaqdır.

    

Yeniyetmə qarşısında hansı problemin çıxmasından asılı olmayaraq, onun ailədə məqsədyönlü müzakirəsi vacibdir. Əlbəttə, öz fikirlərini bildirməkdən ötrü yeniyetmələrin özləri də bu müzakirələrdə iştirak etməlidirlər. Məşvərət prosesində yeniyetmə aşkar yersiz və ya  qəbul edilə bilməyən fikir söyləyəndə, valideynlərə məsləhət görürük ki, xeyirxahlıq və nəzakətlə ona səhvlərini əsaslandırılmış şəkildə izah etsinlər. Əgər onu inandırmaq mümkün deyilsə, valideynlər hər halda öz dediklərinin üstündə durmalı və ona izah etməlidirlər ki, o axırda, şübhəsiz ki, valideynlərin qəbul etdiyi qərarın müdrikliyini dərk edəcəkdir. Uşaqlarla söhbət edərkən və onlarla məsləhətləşərkən valideyn də istər-istəməz onlarla birgə bu və ya digər problem haqqında fikirləşir və götür-qoy edir. Bu cür psixoloji yanaşma uşaqların tərbiyə prosesində bəzi problemləri həll etməyə imkan verir.

1. Məşvərət Allahın xoşbəxtlik sarayının fundamental elementlərindən biridir və hər bir ailədə o, əsas kimi götürülməlidir.

 

2. Uşaq yaşlarından məsləhətləşmək və məşvərət etmək vərdişi əldə etmiş yeniyetmə ünsiyyət etməyi öyrənir, məntiqi təfəkkürə yiyələnir

3. Uşaqları tərbiyə edərkən valideynlər, yeniyetmələrin duyğularını, emosiya və ehtiyaclarını nəzərə almalı, onların meylləri ilə hesablaşmalıdırlar. Onlar uşaqların düşüncələrini və mühakimələrini düzgün məcraya yönəltməklə onlar üçün həqiqət yolunu açırlar.

 

4. Yeniyetmələr öz valideynlərində danışıqsız itaət və tələblərini yerinə yetirməyi tələb edən əmranə, avtoritar insanları görməyəcəklər.

 

5. Sürətlə yetkinləşən yeniyetmələr bir çox mürəkkəb məsələlərlə rastlaşırlar. Valideynlərlə problemi müzakirə edib, onu dərk etdikdən sonra, yeniyetmələr böyüklərlə birgə qəbul etdikləri qərarı könüllü şəkildə yerinə yetirməyə başlayacaqlar.

    

Öz təcrübəmdən bilirəm ki, valideynlərin uşaqlarla danışmaq bacarığı yaxşı nəticələr verir. Ona görə də ailədə yaranmış çətinlikləri məhz bu yolla həll etməyi israrla tövsiyə edirəm.

10
bottom of page